Naxçıvandan başlayan yol qlobal ekosistem və texnologiya şirkətləri ilə əməkdaşlığa və "Fortune 500" şirkətlərinə xidmət təqdim edən bir startapa qədər uzanır. Maşın öyrənməsi və süni intellekt sahəsində uzun illərdir fəaliyyət göstərən azərbaycanlı innovator Yaqub Rəhimov yaratdığı "Polygraf AI" startapı ilə süni intellekt təhlükəsizliyi sahəsində diqqət çəkən innovativ həllər təqdim edir.
"Gartner" və IDC kimi araşdırma qrupları tərəfindən tanınan "Polygraf AI"ın hazırladığı texnologiya müəssisələrin daxili infrastrukturuna inteqrasiya olunaraq süni intellektdən istifadə zamanı məlumat sızmalarının, kibertəhlükələrin və süni intellekt əsaslı fırıldaqçılıq cəhdlərinin qarşısının alınmasına xidmət edir. Bu həllər xüsusilə maliyyə sektoru, dövlət qurumları, müdafiə sənayesi və səhiyyə kimi yüksək təhlükəsizlik tələbləri olan sahələr üçün nəzərdə tutulub.
ABŞ və Yaponiya bazarlarında mövqelərini möhkəmləndirən startap beynəlxalq müsabiqələrdə də mühüm uğurları ilə seçilir. 2025-ci ildə "Polygraf AI" "Road to TechCrunch Battlefield 200" müsabiqəsinin qalibi olub. Mərkəzi Asiya, Qafqaz və Türkiyədən qatılan 400-dən çox startap arasında birinci seçilən şirkət dünyanın ən nüfuzlu startap platformalarından biri olan "TechCrunch Battlefield 2025" yarışmasının final mərhələsinə birbaşa vəsiqə qazanıb. Startap, həmçinin "2025 SXSW Pitch" müsabiqəsində birinciliyə layiq görülüb və "Hackernews" tərəfindən 2026-cı ilin ən innovativ kibertəhlükəsizlik həlli olaraq mükafatlandırılıb.
Sevindirici haldır ki, xaricdə azərbaycanlılar tərəfindən təsis edilmiş startaplar Azərbaycanın innovasiya ekosistemində yaradılan yeni imkanları dəyərləndirərək ölkəmizdə fəaliyyətlərini genişləndirməyi hədəfləyirlər. Bu gün İRİA və "Polygraf AI" arasında imzalanmış Anlaşma Memorandumu bu müsbət tendensiyanın bariz nümunəsidir.
Azərbaycanlı təsisçinin qlobal texnologiya bazarında qazandığı uğurlar, süni intellekt təhlükəsizliyinin gələcəyi, eləcə də Azərbaycanın innovasiya ekosisteminin inkişaf perspektivləri barədə "Polygraf AI" startapının təsisçisi Yaqub Rəhimovla müsahibəni təqdim edirik.
- "Polygraf AI" necə yarandı? İlk ideya nə idi və hansı problemi həll etmək istəyirdiniz?
- "Polygraf AI" 2023-cü ildə ABŞ-nin Texas ştatında fəaliyyətə başlayıb. Biz süni intellektdən istifadə zamanı yaranan təhlükəsizlik risklərinin qarşısını almaq üçün müəssisələrə və dövlət qurumlarına yönəlmiş həllər hazırlayırıq. Platformamız məlumat sızmalarının qarşısının alınması, süni intellekt sistemlərindən təhlükəsiz istifadə, məxfiliyin qorunması və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə hazırladığımız kiçik dil modellərinə (Small Language Models - SLM) əsaslanan texnologiyadan istifadə edirik.
Əslində, bu ideya bir gündə yaranmayıb. Biz hələ 2018 - 2019-cu illərdən süni intellekt sahəsində çalışırdıq, ondan əvvəl isə Təbii Dil Emalı (Natural Language Processing - NLP) istiqamətində müxtəlif layihələr həyata keçirmişdik. Hətta "ChatGPT" meydana çıxmazdan əvvəl, "OpenAI" tərəfindən təqdim olunan GPT-2 modelindən 2015-ci ildə yaratdığımız "7Marketz Group" startapında 2019-cu ildən istifadə edirdik.
Generativ süni intellekt texnologiyalarının geniş yayılması ilə maraqlı bir tendensiya müşahidə edirdik. Maliyyə təşkilatları, eləcə də digər şirkətlər əməkdaşlarının bilmədən məxfi məlumatları böyük dil modellərinə ötürdüklərini görürdük. "ChatGPT" istifadəyə verildikdən sonra isə bu cür halların sayı daha da artdı.
Bu, xüsusilə maliyyə sektoru, səhiyyə və dövlət qurumları kimi ciddi tənzimlənən sahələr üçün böyük risklər yaradır. Belə təşkilatlar həssas məlumatları qorumalıdırlar, lakin mövcud texnologiyalar süni intellektdən istifadə zamanı yaranan yeni təhlükələri tam şəkildə idarə edə bilmir.
Məhz bu problemi həll etmək üçün biz fərqli yanaşma seçmək məcburiyyətində qaldıq və kiçik dil modelləri (SLM) əsasında təhlükəsizlik həlləri hazırladıq. Hazırda kibertəhlükəsizlik, məlumat sızmalarının qarşısının alınması, süni intellekt sistemlərinin təhlükəsiz idarə olunması və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi üçün özümüzün hazırladığı 17 SLM modelindən istifadə edirik. Bu modellər birlikdə işləyərək iri şirkətlərə və dövlət qurumlarına süni intellektdən təhlükəsiz şəkildə istifadə etməyə imkan verir. Onu da qeyd edim ki, biz bunu GPU olmadan, yalnız CPU və RAM istifadə etməklə "Microsoft Purview", "Amazon Comprehend", "Google DLP" kimi həllərdən 17-34% daha dəqiq edirik.
"Polygraf AI" olaraq kiçik şirkət olsaq da hansı ölkəyə giriş ediriksə, indiyə qədər bizə bənzər xidmətləri göstərən digər həll yollarından ortalama olaraq 30 - 40% daha dəqiqliklə məxfiliyi qoruyan nəticəni bazara gətiririk. Məsələn, Yaponiyada bizim ilk həllimiz ikinci ən yaxşı texnologiyadan ilk addımda 46% daha dəqiqdir.
Bizim əsas məqsədimiz təşkilatların süni intellektdən imtina etməsi deyil. Əksinə, onların bu texnologiyalardan maksimum faydalanmasını təmin edərkən, məlumatlarının təhlükəsizliyini və məxfiliyini qorumaqdır. "Polygraf AI"ın yaranmasının əsas motivasiyası da məhz bu olub.
- Siz Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının məzunusunuz. Bu proqramda iştirak sizin peşəkar inkişafınızda, xüsusilə də startap quruculuğuna başlamağınıza necə təsir edib?
- Əslində, mənim beynəlxalq təhsil yolum Dövlət Proqramından da əvvəl başlayıb. 2005-ci ildə FLEX Proqramı çərçivəsində ABŞ-də təhsil almaq imkanı qazandım. Bu təcrübə dünya görüşümün formalaşmasında mühüm rol oynadı. Naxçıvanda doğulub böyümüş bir gənc üçün fərqli mədəniyyəti, qlobal düşüncə tərzini və Amerikanın təhsil mühitini yaxından görmək həyatımı dəyişən təcrübələrdən biri oldu.
Lakin düşünürəm ki, 15 yaşında qazandığınız təcrübə ilə 18 yaşında qəbul etdiyiniz qərarlar arasında böyük fərq olur. Məhz buna görə 2009-cu ildə Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı mənim həyatımda yeni mərhələnin başlanğıcı oldu. Bu proqram çərçivəsində 2009 - 2012-ci illərdə Niderlandın Hanze Tətbiqi Elmlər Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə bakalavr təhsili aldım.
Zənnimcə, gənclərin xaricdə təhsili üzrə olan dövlət proqramı, ölkə rəhbərliyinin nə qədər uzaqgörən olduğunun rəmzi göstəricisidir. Dövlət proqramının ən böyük üstünlüyü onun tamamilə bilik və bacarıq prinsipi əsasında qurulması idi. Gənclər heç bir ayrı-seçkilik olmadan, yalnız potensiallarına görə seçilirdilər. Öz növbəmdə mən Yaqub Rəhimov olaraq bu imkanın yaradılmasına görə dövlət rəhbərliyinə minnətdaram.
Hanze Universitetində təhsil isə mənə yalnız nəzəri biliklər qazandırmadı. Tədris prosesi kifayət qədər praktik yönümlü idi və tələbələri sahibkarlığa təşviq edirdi. Mən də təhsil aldığım ilk aylardan etibarən ilk startapımı yaratdım. Daha sonra həmin layihəni uğurla inkişaf etdirərək satışını - yəni uğurlu "exit"ini - həyata keçirdim. Bu təcrübə sonrakı sahibkarlıq fəaliyyətim və "Polygraf AI" kimi qlobal texnologiya şirkətinin qurulması üçün möhkəm zəmin yaratdı.
Gəlin açıq danışaq, Dövlət Proqramı təkcə təhsil layihəsi deyil. Bu proqram Azərbaycanın insan kapitalına və texnologiya diasporuna qoyduğu ən dəyərli investisiyalardan biridir. Bu proqram vasitəsilə yüzlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alaraq, sonradan qlobal texnologiya və istehsalat şirkətlərində təcrübə keçərək hazırda dünyanın dörd bucağında peşəkar şəbəkələr formalaşdırir. Proqramın məzunu olaraq biz yalnız təhsil almırdıq, ölkəmizin intellektual və texnoloji potensialını beynəlxalq mühitdə tanıdırdıq. Mənimlə birlikdə təhsil alan və bu gün dünyanın aparıcı texnologiya şirkətlərində çalışan çoxsaylı azərbaycanlı mütəxəssislər var və hər birimiz ölkəmizin imicinin yenidən formalaşmasına öz töhfəmizi vermişik, veririk və verəcəyik.
Geriyə baxanda əminliklə deyə bilərəm ki, Dövlət Proqramı mənim həm peşəkar, həm də innovator olaraq formalaşmağımda ən həlledici rol oynayan məqam olduğunu heç çəkinmədən deyə bilərəm. Bu gün əldə etdiyim uğurların əsasında həmin illərdə qazandığım biliklər, çətinliklər, beynəlxalq mühitdə topladığım təcrübə və ən əsası bu müddətdə qurduğum əlaqələr dayanır.
- Hazırda startapınız süni intellekt təhlükəsizliyi istiqamətində xidmət göstərir. Niyə məhz bu sahədə ixtisaslaşmağa qərar verdiniz?
- Tarixə nəzər salsaq görərik ki, bəşəriyyəti irəli aparan hər böyük sıçrayış eyni anda yeni risklər də yaradıb. Atəş sivilizasiyanı qurdu, amma yandıra da bilərdi. Barıt sərhədləri dəyişdi. Elektrik sənaye inqilabını doğurdu. Hər dəfə güc artır, hər dəfə də həmin gücü idarə etmək əsl məsələyə çevrilir.
Süni intellekt bu sıranın məncə ən güclü halqasıdır. Mənə görə onun təsiri əvvəlki bütün inqilablardan qat-qat böyük olacaq. Əvvəlki sıçrayışlar bəşəriyyəti on dəfə irəli aparırdısa, süni intellekt bunu minlərlə dəfə sürətləndirəcək. Amma güc artdıqca sual dəyişir. Söhbət artıq "süni intellektdən necə istifadə edək" deyil, "ondan necə təhlükəsiz və məsuliyyətlə istifadə edək" sualıdır. Kibertəhlükəsizliyin köhnə bir həqiqəti var: təhlükə texnologiyanın özündən yox, onun necə işlədilməsindən doğur. Süni intellektdə bu də belədir, sadəcə burada ikinci bir istifadəçi meydana çıxıb: agentik süni intellekt sistemləri. Gördüyümüz sızmaların, insidentlərin böyük hissəsi texnologiyanın qüsurundan yox, ya insanın səhv qərarından, ya da bu sistemlərin idarəsiz buraxılmasından yaranır.
Polygraf AI məhz bunu həll edir. Biz istifadəçiyə səhvini baş verməzdən əvvəl göstəririk, riskli qərar anında, canlı olaraq gözünün önünə qoyuruq və bu kimi təhlükələri aradan qaldırırıq. Biz inanırıq ki, təhlükəsizliyin ən güclü forması qadağa deyil, görmək qabiliyyətidir. Çünki süni intellektin gələcəyi sadəcə zəka olmayacaq. O, idarə olunan zəka olacaq.
- Bugünkü süni intellekt təhlükəsizliyi bazarında ən böyük çağırışlar hansılardır? Sizcə yaxın 5 ildə müəssisələr və dövlət qurumları üçün əsas risklər nə olacaq?
- Mənim fikrimcə, bu gün süni intellektin inkişaf tempi indiyədək gördüyümüz bütün texnologiyalardan fərqlənir. Hazırda süni intellekt sahəsində baş verən üç aylıq inkişafı ənənəvi texnologiyalarda bir-iki illik inkişafla müqayisə etmək olar. Bəzi hallarda isə bir ay ərzində baş verən dəyişikliklər belə əvvəllər bir ilə baş verən yeniliklərə bərabər olur. Bu da risklərin və çağırışların da eyni sürətlə dəyişməsi deməkdir.
Yaxın perspektivdə ən böyük çağırışlardan biri agentik süni intellekt sistemlərinin idarə olunması olacaq. Biz başa düşməliyik ki, süni intellekt təkcə sual vermək üçün çatbotdan ibarət deyil. Süni intellektə müharibələrin analizi, məxfi sənədlərin işlənilməsi, nəhəng məlumat bazalarının anlıq təhlili və digər prosesləri bizim adımızdan icra etmək üçün müxtəlif səlahiyyətlər - yəni access control - təqdim edirik. Bu sahədə qlobal Şərqlə Qərb arasında yarış gedir.
Biz öz tərəfimizdə agentik süni intellekti yeni işə qəbul olunmuş gənc mütəxəssislə müqayisə edirik. O, bilikli və savadlı ola bilər, lakin hələ kifayət qədər təcrübəsi yoxdur. Ona görə də biz həmin əməkdaşa müəyyən müddət ərzində mentorluq edir, şirkətin qaydalarını öyrədir, hansı qərarları necə verməli olduğunu izah edirik. Agentik süni intellekt də eyni yanaşmaya ehtiyac duyur. Onu düzgün istiqamətləndirmək, nəyi edə biləcəyini, nəyi isə etməməli olduğunu öyrətmək vacibdir.
"Polygraf AI" olaraq bizim əsas missiyamız da məhz budur. Biz təşkilatlara süni intellekti təhlükəsiz şəkildə tətbiq etməyə kömək edirik ki, rəhbərlər yalnız avtomatlaşdırmanın yaratdığı səmərəliliyi deyil, eyni zamanda bunun doğurduğu riskləri də aydın görə və idarə edə bilsinlər.
Hesab edirəm ki, yaxın beş ildə təşkilatlar və hətta ölkələr üçün əsas üstünlük daha çox süni intellekt alətindən istifadə etmək deyil, məlumatlarını düzgün idarə etmək olacaq. Axı süni intellekt həyatımızın hər yerindədir - telefonlardan tutmuş televizorlara, avtomobillərə və hətta kritik strateji qərarların verilməsinədək - süni intellekt həyatın hər yerindədir.
Hansı məlumatın süni intellekt sistemlərinə təqdim oluna biləcəyi, hansı məlumatın isə məxfi qalmalı olduğu strateji məsələdir. Bu məlumatları ələ keçirmək üçünsə pis qüvvələr daima çalışırlar və kritik yeni kontekst üzərində çalışan kibertəhlükəsizlik riskləri çıxarırlar. Məhz buna görə də data təhlükəsizliyi və data idarəçiliyi bütün Sİ strategiyalarının mərkəzində dayanacaq.
Digər mühüm məsələ isə "daha çox Sİ aləti" prinsipindən uzaqlaşmaqdır. Şirkətlər istifadə etdikləri süni intellekt sistemlərinin sayını deyil, onların təhlükəsizliyini və idarə olunmasını və onların verdiyi üstünlükləri prioritet hesab etməlidirlər. Hər bir süni intellekt alətinə verilən icazələr (access control) minimum zəruri səlahiyyət prinsipi əsasında müəyyən edilməlidir. Çünki nə qədər çox nəzarətsiz giriş imkanı verilərsə, təhlükəsizlik riskləri də bir o qədər artır.
İnanıram ki, yaxın illərdə süni intellekt sahəsində əsas rəqabət üstünlüyü ən çox Sİ tətbiq edən təşkilatlarda deyil, süni intellekti ən məhsuldar, təhlükəsiz və məsuliyyətli şəkildə idarə edə bilən ölkələrdə olacaq. Bu da "Polygraf AI"ın fəaliyyətinin əsas istiqamətini təşkil edir.
- ABŞ kimi yüksək rəqabətli bazarda fəaliyyət göstərmək sizə hansı təcrübəni qazandırdı? "Polygraf AI" startapını rəqiblərindən fərqləndirən əsas üstünlük nədir?
- İngilis dilində maraqlı bir ifadə var - underdog. Yəni hamının favoriti hesab olunmayan, amma gözləntiləri üstələyən oyunçu. Açığı, biz özümüzü bir qədər belə görürük.
Komandamız Silikon Vadisinin ən məşhur şirkətlərindən çıxmayıb. Biz Palo Altodan gəlmirik, komandamızın üzvləri "Google" və ya digər texnologiya nəhənglərində çalışmayıblar. Üstəlik, komandamız kifayət qədər gəncdir - orta yaş təxminən 24-dür.
Kənardan baxan biri bunu təcrübə çatışmazlığı kimi qiymətləndirə bilər. Mən isə əksinə, bunu bizim ən böyük üstünlüklərimizdən biri hesab edirəm.
Ənənəvi kibertəhlükəsizlik sahəsində uzun illər çalışan mütəxəssislər adətən artıq özünü doğrultmuş metodlara üstünlük verirlər. Bu tamamilə məntiqlidir. Lakin süni intellekt əvvəlki texnologiyalara bənzəmir. Burada agentik süni intellekt, məlumatların zəhərlənməsi (data poisoning), prompt manipulyasiyası və digər tamamilə yeni təhlükələr meydana çıxır. Bu problemlərin böyük hissəsi klassik kibertəhlükəsizlik yanaşmaları ilə effektiv şəkildə həll olunmur.
Belə bir mühitdə köhnə qaydaları tətbiq etmək kifayət etmir. Yeni problemlər yeni düşüncə tərzi tələb edir. Məncə, gənc komandaların ən böyük üstünlüyü də məhz budur. Onlar mövcud yanaşmalarla məhdudlaşmır, problemi sıfırdan düşünərək fərqli həllər axtarırlar.
ABŞ bazarında fəaliyyət göstərmək də bizə bunu öyrətdi. Əsl rəqabət təkcə daha mürəkkəb texnologiya yaratmaq deyil. Bizim üçün əsas sual həmişə belə olub: bunu necə daha sadə etmək olar?
Məsələn, bazardakı bir çox həll yüksək hesablama resursları və bahalı qrafik prosessorlardan (GPU) asılıdır. Biz isə fərqli yanaşma seçmişik və süni intellekt təhlükəsizliyi həllərini GPU-dan asılı olmadan yalnız CPU və RAM əsasında işləyə biləcək şəkildə qurmuşuq. Bu, həm xərcləri azaldır, həm də texnologiyanın daha geniş tətbiqinə imkan yaradır.
Digər vacib üstünlüyümüz platforma müstəqilliyidir. Müştərilərimizi müəyyən infrastruktur seçiminə məcbur etmirik. Onların "Google Cloud", AWS, "Microsoft Azure" və ya öz daxili sistemlərindən istifadə etməsindən asılı olmayaraq, həllərimiz həmin mühitlərdə işləyə bilir. Bizim məqsədimiz müştərilərdən mövcud infrastrukturlarını dəyişməyi tələb etmək deyil, onların istifadə etdikləri ekosistemə uyğun, sadə, çevik və təhlükəsiz həll təqdim etməkdir. Biz kibertəhlükəsizliyin yalnız mərkəzləşdirilmiş şəbəkələrdə deyil, birbaşa istifadə olunan qurğuların daxilində həyata keçirilməsinin zəruriliyini özümüzə əsas hədəf olaraq qoymuşuq.
Düşünürəm ki, məhz bu yanaşma - mürəkkəb problemləri mümkün qədər sadə həll etmək, texnologiyanı müştərinin ehtiyaclarına uyğunlaşdırmaq və yeni reallıqlara çevik uyğunlaşmaq - "Polygraf AI" şirkətini rəqiblərindən fərqləndirən əsas xüsusiyyətdir. Bu yanaşma bizə dünyanın ən rəqabətli texnologiya bazarlarından biri olan ABŞ-də uğur qazanmağa imkan verib.
- Azərbaycanlı innovativ sahibkar kimi beynəlxalq texnologiya şirkəti qurmaq hansı üstünlükləri və hansı çağırışlar gətirdi?
- İlk illərdə qarşılaşdığımız ən böyük çağırışlardan biri Azərbaycanın qlobal texnologiya ekosistemində kifayət qədər tanınmaması idi. Texnologiya sahəsində fəaliyyət göstərərkən insanlardan tez-tez "Haralısınız?" sualını eşidirdik. "Azərbaycandanıq" deyəndə isə çox vaxt ölkəmizin harada yerləşdiyini belə bilmirdilər.
Bu, təbii ki, müəyyən çətinliklər yaradırdı. Digər mühüm məqam isə ondan ibarətdir ki, beynəlxalq texnologiya bazarında böyük uğur qazanmış azərbaycanlı startaplar yox səviyyəsindədir. Bu səbəbdən həm investorlarla, həm tərəfdaşlarla, həm də potensial müştərilərlə etimad formalaşdırmaq üçün daha çox çalışmalı olurduq. Bir çox hallarda əvvəlcə özümüzü, daha sonra isə qurduğumuz texnologiyanı sübut etməli olmuşuq.
Lakin biz heç vaxt bu çətinliklərə fokuslanmadıq, hətta bunlara əhəmiyyətsiz çətinlik kimi yanaşmışıq. Əsas diqqətimizi yaratdığımız texnologiyaya və həll etdiyimiz problemlərə və müştərilərdən aldığımız rəylərə yönəltdik. İnanırdıq ki, keyfiyyətli məhsul və real nəticələr sonda bütün stereotipləri aradan qaldıracaq.
Bu gün artıq bunun nəticələrini görürük. "Polygraf AI" azərbaycanlılar tərəfindən təsis edilən yeganə startapdır ki, bir neçə dövlətə, banklara, sığorta şirkətlərinə və digər qurumlara süni intellekt təhlükəsizliyi sahəsində xidmətlər təqdim edir. Bizim müştərilərimiz arasında "American Security Fund" kimi kritik əhəmiyyətli təşkilatlar var.
"Polygraf AI" bu illər ərzində öz tərəfdaş sayını da daima artırdı. Hazırda tərəfdaşlarımız arasına "Amentum", "Google", "ACD Direct", "Goodwin Procter", "TMC" kimi şirkətlər daxildir. Biz eyni zamanda investisiya cəlbi istiqamətində də uğurlu rəqabət apara bilmişik. İndiyə qədər startapımız "Allegis Capital", "Alumni Ventures", "Guggenheim Ailesi", "Johnston Ailesi", "Machina Ventures" və "Gaingels"dan investisiya əldə edə bilib. Bundan əlavə, ötən il "Polygraf AI" dünyanın ən böyük "pre-seed" raundlarından birinə, 10 milyon dollarlıq kapital cəlbinə nail olub.
Beləliklə, "Polygraf AI" beynəlxalq bazarda tanınan şirkətlərdən birinə çevrilib, "Gartner", "Omdia", IDC, "Frost & Sullivan" kimi araşdırma qruplarının əhatə dairəsində olan texnologiya liderlərindən biri, mən isə süni intellekt təhlükəsizliyi sahəsində beynəlxalq tədbirlərdə çıxış edən və ekspert rəyi dinlənilən mütəxəssislərdən biri olmuşam.
Mənim üçün xüsusi qürurverici məqamlardan biri də odur ki, komandamızda gənc azərbaycanlı mütəxəssislər də çalışır və onlar beynəlxalq səviyyədə öz peşəkarlıqları ilə seçilirlər. Komandamızın üzvləri süni intellekt məhsul idarəçiliyi və innovasiya sahəsində bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüblər. Bu göstərir ki, Azərbaycanda yetişən istedadlar qlobal texnologiya bazarında ən yüksək səviyyədə rəqabət apara bilirlər. Biz də ilk toxumlarıq.
Hesab edirəm ki, beynəlxalq uğur qazanan hər bir azərbaycanlı sahibkar və mütəxəssis təkcə öz şirkətini deyil, həm də doğulduğu ölkəni təmsil edir. Biz Amerika şirkəti olsaq da, yaratdığımız texnologiyalar, qazandığımız nailiyyətlər və yetişdirdiyimiz peşəkarlarla Azərbaycanın innovasiya potensialını dünyaya nümayiş etdiririk. Məncə, bu, əldə etdiyimiz uğurların əsas dəyərli tərəflərindən biridir.
- Müasir dövr müasir yanaşmalar tələb edir. Bu, kadr hazırlığı sahəsinə də aiddir. Uzun illərdir tətbiq olunan ənənəvi modellərin bugünkü reallıqlara nə dərəcədə cavab verdiyi artıq ciddi müzakirə mövzusudur. Sizcə, istedadlı gənclərin potensialının daha səmərəli reallaşdırılması və ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrdə kadr hazırlığının gücləndirilməsi baxımından hansı yeni yanaşmalara ehtiyac var?
- Razıyam, həqiqətən də bu gün öyrəşdiyimiz bir çox proseslərə yenidən baxmaq artıq seçim deyil, zərurətdir. Texnologiyanın inkişaf tempi o qədər sürətlidir ki, dəyişikliklərə uyğunlaşmayan ölkələr rəqabət üstünlüyünü itirmək riski ilə üz-üzə qalırlar. Azərbaycanın isə ən böyük üstünlüklərindən biri məhz insan kapitalıdır. Bu potensialı qorumaq, inkişaf etdirmək və ölkənin strateji maraqları naminə düzgün istiqamətləndirmək gələcəyimiz üçün xüsusi əhəmiyyət daşıyır.
Dünyanın texnologiya və kibertəhlükəsizlik sahəsində uğur qazanmış ölkələrinin təcrübəsinə baxdıqda müxtəlif yanaşmaların tətbiq olunduğunu görürük. Məsələn, İsrail, Sinqapur, Cənubi Koreya və bir sıra digər ölkələr yüksək istedada malik gənclərin potensialından milli təhlükəsizlik və texnoloji inkişaf prioritetləri çərçivəsində daha səmərəli istifadə etmək üçün müxtəlif mexanizmlər formalaşdırıblar. Belə yanaşmalarda yüksək texniki və intellektual hazırlığa malik gənclər hərbi xidmət çərçivəsində kibertəhlükəsizlik, süni intellekt, proqram mühəndisliyi, data analitikası və digər yüksək texnologiya istiqamətlərində fəaliyyət göstərərək dövlətin təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsinə töhfə verirlər.
Bu təcrübənin mühüm cəhətlərindən biri ondan ibarətdir ki, həmin mütəxəssislər xidmət dövründə qazandıqları bilik və təcrübəni sonrakı mərhələdə də ölkənin innovasiya və texnologiya ekosisteminin inkişafına yönəldirlər. Bu isə dövlət üçün həm cari ehtiyacların qarşılanmasına, həm də uzunmüddətli perspektivdə yüksəkixtisaslı insan kapitalının formalaşmasına xidmət edir.
Biz də "Polygraf AI"da universiteti yeni bitirmiş və ya xaricdə təhsil alan perspektivli azərbaycanlı gəncləri komandamıza cəlb etmək istəyirik. Lakin bir çox hallarda onlar əmək fəaliyyətinə başlamaq əvəzinə magistratura və ya doktorantura təhsilini davam etdirməyə üstünlük verirlər. Bu qərarın motivlərindən biri də hərbi xidmətlə bağlı planlaşdırmadır.
Düşünürəm ki, bu istiqamətdə daha çevik yanaşmaların müzakirəsi faydalı ola bilər. Məsələn, kibertəhlükəsizlik, süni intellekt, proqram mühəndisliyi və digər strateji texnologiya sahələrində yüksək hazırlığa malik gənclər üçün onların peşəkar bilik və bacarıqlarının dövlət maraqlarına xidmət edən xüsusi hazırlıq və ya alternativ xidmət mexanizmləri çərçivəsində qiymətləndirilməsi imkanları nəzərdən keçirilə bilər. Söhbət hərbi xidmət prinsipinin dəyişdirilməsindən deyil, strateji əhəmiyyət daşıyan sahələr üzrə insan kapitalının ölkənin təhlükəsizlik və texnoloji inkişaf prioritetlərinə daha səmərəli yönləndirilməsindən gedir.
Hesab edirəm ki, müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri də yüksək ixtisaslı insan kapitalıdır. Azərbaycanın da bu istiqamətdə mühüm potensialı var və düşünürəm ki, istedadlı gənclərin bilik və bacarıqlarının həm milli təhlükəsizliyə, həm də ölkənin texnoloji inkişafına töhfə verə biləcəyi yanaşmaların müzakirəsi uzunmüddətli perspektivdə faydalı ola bilər.
- Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planında xaricdə fəaliyyət göstərən texnologiya startaplarının, eləcə də azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sizin fikrinizcə, belə şirkətlərin və peşəkarların Azərbaycanda fəaliyyət göstərməsi yerli ekosistemə hansı töhfələri verə bilər?
- Mən hesab edirəm ki, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın texnologiya ekosisteminin inkişafı baxımından çox mühüm strateji addımdır. Son dövrlərdə mediada innovasiya və startap ekosistemi üçün yeni təşviq mexanizmləri, güzəştlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatları izləyirik. Hesab edirəm ki, bu təşəbbüslər Azərbaycanın qlobal texnologiya şirkətləri, innovativ startaplar və yüksəkixtisaslı mütəxəssislər üçün daha cəlbedici ölkəyə çevrilməsinə ciddi töhfə verəcək.
Xüsusilə data mərkəzlərinin yaradılması, qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və süni intellekt infrastrukturunun inkişafı istiqamətində atılan addımlar ölkənin rəqəmsal gələcəyinə verilən önəmin göstəricisidir. Bu cür təşəbbüslər Azərbaycanın artıq yalnız təbii resurslara əsaslanan iqtisadiyyat deyil, yüksək əlavə dəyər yaradan texnologiyalar və İKT ixracı üzərində qurulan iqtisadi modelə keçid niyyətini nümayiş etdirir.
Bu prosesdə xaricdə yaşayan azərbaycanlı texnologiya mütəxəssislərinin və sahibkarlarının rolu xüsusilə böyükdür. Mən hesab edirəm ki, diaspor yalnız xaricdə uğur qazanan peşəkarların toplusu deyil, Azərbaycanın qlobal texnologiya şəbəkəsidir. Bu insanların bir-biri ilə əlaqələndirilməsi, ortaq layihələrə cəlb olunması və ölkənin innovasiya ekosistemi ilə daha sıx əməkdaşlıq etməsi Azərbaycana həm bilik, həm təcrübə, həm də beynəlxalq əlaqələr qazandıra bilər.
Eyni zamanda düşünürəm ki, Azərbaycanda kifayət qədər istedadlı gənclər var. Bəzən belə fikir səslənir ki, texnologiya sahəsində uğur qazanmaq üçün mütləq xaricdən mütəxəssis gətirmək lazımdır. Mən bununla tam razı deyiləm. İstər xaricdə çalışan azərbaycanlı mütəxəssislər, istərsə də ölkə daxilində yetişən gənclər arasında çox güclü potensial mövcuddur. Əsas məsələ onların daha çox beynəlxalq təcrübə qazanmasına və qlobal texnologiya ekosistemi ilə inteqrasiyasına şərait yaratmaqdır. Məhz burada texnologiya diasporunun mentorluq, bilik mübadiləsi və əməkdaşlıq baxımından mühüm rolu ola bilər.
Azərbaycanın bu istiqamətdə mühüm üstünlükləri də var. Hər il ölkəmizdə beynəlxalq texnologiya tədbirləri keçirilir, startapların xarici sərgilərdə və beynəlxalq proqramlarda iştirakı üçün dövlət tərəfindən dəstək göstərilir. Açığını desəm, ABŞ-də belə geniş dövlət dəstəyi hər zaman müşahidə olunmur. Bu isə Azərbaycanın innovasiya və sahibkarlıq mühitinin inkişafına verdiyi önəmi göstərən müsbət nümunələrdəndir.
Bununla yanaşı, hesab edirəm ki, güclü innovasiya ekosistemini təkcə dövlət formalaşdıra bilməz. Bu prosesdə innovatorlar, investorlar, universitetlər və texnologiya icmaları da fəal iştirak etməlidirlər. Biz başa düşməliyik və qəbullanmalıyıq ki, müvəffəq olmayan startaplar olacaq, amma hər bir addım öz ətrafımıza təcrübə gətirəcək. Biz sadəcə müvəffəqiyyətləri deyil, uğursuzluqları təcrübə kimi qeyd etməliyik. ABŞ-də gördüyümüz ən uğurlu təcrübələrdən biri məhz güclü texnologiya icmalarının mövcudluğu və uğursuzluqların yeni addıma yol açan fürsət kimi görünməsidir. Mən istərdim ki, xaricdə yaşayan azərbaycanlı texnologiya mütəxəssisləri də daha sıx şəbəkələşsin, bir-birini dəstəkləsin və Azərbaycanla əməkdaşlığı daha da genişləndirsinlər.
Əlbəttə, ekosistemin inkişafı üçün həllini gözləyən məsələlər və çağırışlar da mövcuddur. Startapların yaradılması və fəaliyyətinin genişləndirilməsi, texnoparklarda qeydiyyat, bank əməliyyatları və pul köçürmələri ilə bağlı prosedurların sadələşdirilməsi, eləcə də hüquqi və vergi tələblərinə uyğunluq xərclərlə bağlı güzəştlər innovasiya mühitinin inkişafına mühüm töhfə verə bilər. Bildiyimə görə, hazırda təklif olunan yeni qanunvericilik təşəbbüsləri bu məsələlərin bir qisminin, o cümlədən texnopark rezidentliyinə qəbul prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Bu dəyişikliklər effektiv şəkildə tətbiq olunarsa, həm yerli startapların inkişafını sürətləndirə, həm də xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli sahibkarların və beynəlxalq texnologiya şirkətlərinin ölkəyə cəlb olunmasını asanlaşdıra bilər.
Bununla belə, son illərdə müsbət dəyişiklikləri də görürük. Məsələn, yerli vençur kapitalı bazarı inkişaf edir. "Caucasus Ventures" kimi fondlar fəaliyyətə başlayıb həm Azərbaycanda, həm də xaricdə azərbaycanlılar tərəfindən yaradılan startaplara investisiya imkanlarını genişləndirir. Bürokratiyaya baxmayaraq texnoparkların inkişafı və burada təqdim olunan güzəştlər də doğru istiqamətdə atılmış addımlardır. Hesab edirəm ki, bu təşəbbüslər daha çevik idarəetmə ilə tamamlanarsa, Azərbaycan texnologiya şirkətləri üçün regionun ən cəlbedici məkanlarından birinə çevrilə bilər.
Əsas məqsəd isə ondan ibarətdir ki, azərbaycanlı təsisçilərin yaratdığı uğurlu texnologiya şirkətləri vasitəsilə qlobal investorların, beynəlxalq tərəfdaşların və innovasiya ekosisteminin diqqətini Azərbaycana yönəldə bilək. Mən inanıram ki, bunun üçün həm insan kapitalımız, həm də strateji potensialımız kifayət qədər güclüdür. Necə ki, "Paypal" Amerikada texnologiya inqilabının başlanğıcı oldu, mən ümid edirəm ki, "Polygraf AI" Azərbaycanda da texnologiya inqilabının əsasını qoyacaq.
- Azərbaycanda və xaricdə yaşayan, təhsil alan və startap quruculuğu ilə məşğul olmaq istəyən gənclərə hansı tövsiyəni verərdiniz? Gəncələrimiz digər ölkələrdə yaşayaraq Azərbaycandakı ekosistemə necə fayda verə bilər?
- Gənclərə ilk tövsiyəm budur ki, haradan gəldiklərinə deyil, hara getmək istədiklərinə fokuslansınlar. İnsan öz məqsədlərini düzgün müəyyənləşdirəndə, harada doğulması və ya karyerasına haradan başlaması artıq həlledici amil olmur.
Mən hesab edirəm ki, bu gün gənclər üçün ən vacib investisiya xarici dilləri, müasir texnologiyaları və xüsusilə süni intellekti öyrənməkdir. Dünyada baş verən texnoloji dəyişikliklər o qədər sürətlidir ki, davamlı öyrənmək artıq seçim deyil, zərurətdir.
Digər vacib məqam isə karyeranın ilk mərhələsində prioritetlərin düzgün müəyyənləşdirilməsidir. Əlbəttə, maddi təminat hər kəs üçün önəmlidir. Lakin hesab edirəm ki, peşəkar fəaliyyətin başlanğıcında əsas diqqət yüksək əməkhaqqına deyil, mümkün qədər çox təcrübə qazanmağa yönəlməlidir. Çünki ilk illərdə əldə olunan bilik və praktik bacarıqlar sonrakı uğurların əsasını təşkil edir.
Mən gənclərə yalnız öyrənməklə kifayətlənməməyi də tövsiyə edərdim. Yaradıcılıq və təşəbbüskarlıq düşüncə tərzini inkişaf etdirmək lazımdır. Bu gün süni intellekt ideyanı məhsula çevirmək prosesini əvvəlki illərlə müqayisədə xeyli sürətləndirib. Əgər maraqlı ideyanız varsa, artıq minimal işlək məhsulu - MVP-ni qısa müddətdə hazırlamaq və bazarda sınaqdan keçirmək mümkündür. Bu imkanlardan maksimum istifadə etmək lazımdır.
Eyni zamanda, çalışın ətrafınızda sizinlə eyni düşüncəni bölüşən, oxşar problemləri həll etməyə çalışan insanlardan ibarət bir icma formalaşdırasınız, hakatonlara qoşulun, özünüzü problemlərlə daha yaxından tanış edin və bu problemləri öz düşündüyünüz kimi həll etməyə çalışın. Güclü texnologiya ekosistemləri məhz belə yaranır - insanların biliklərini bölüşməsi, bir-birini dəstəkləməsi və birlikdə yeni həllər yaratması ilə.
Xaricdə yaşayan azərbaycanlı gənclərə isə xüsusi olaraq demək istərdim ki, ölkəyə fayda vermək üçün mütləq Azərbaycana qayıtmaq şərt deyil. Dünyanın harasında yaşamağınızdan asılı olmayaraq, əldə etdiyiniz bilikləri, təcrübəni və beynəlxalq əlaqələri Azərbaycanla paylaşa, yerli startaplara mentorluq edə, investisiya imkanları yarada və qlobal tərəfdaşlıqların qurulmasına dəstək verə bilərsiniz.
İnanıram ki, Azərbaycanın gələcək texnologiya uğurları təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif yerlərində çalışan azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti sayəsində formalaşacaq. Hər bir uğurlu azərbaycanlı mütəxəssis və sahibkar bu ekosistemin inkişafına öz töhfəsini verə bilər.