Bakıda sərnişinlər 166 nömrəli müntəzəm marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sərnişinlərdən birinin sözlərinə görə, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 166 nömrəli avtobusların sayı kifayət qədər deyil və nəticədə sərnişinlər yolda qalırlar.
Bu durum hər gün təkrarlanır:
"Ramanada camaat yolda qalıb. Avtobusların sayı azdır, vəziyyət dözülməzdir. Hətta avtobuslar sərnişinlərlə həddindən artıq dolduğu üçün qapısı açıq vəziyyətdə idarə olunur. Bir nəfər yıxılsa, kim cavab verəcək?"
Sərnişin qeyd edib ki, 166 nömrəli marşrutla bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) şikayət edilib. Onun sözlərinə görə, hər dəfə "daşıyıcı şirkətə tapşırıq vermişik" cavabı verilsə də, real nəticə yoxdur.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.