Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşının 75 yaşlı sərnişinlə davranışı və bilet pulunun qaytarılması ilə bağlı ziddiyyətli məlumat verməsi narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı şikayət sosial şəbəkələrdə paylaşılıb.
Şikayətçi iddia edib ki, sərnişin sənəddəki bir hərf fərqinə görə sərhədə çatmamış qatardan düşürülüb.

75 yaşlı kişi öz hüquqlarını tələb etdikdə isə ADY əməkdaşları ona akt tərtib edərək bilet pulunun geri qaytarılacağını bildiriblər. Lakin sərnişin həmin aktı ödənişin həyata keçirilməsi üçün təqdim etdikdə ona pulun qaytarılmayacağı və aktın heç bir hüquqi əsasının olmadığı deyilib.
Şikayətçi yaranmış ziddiyyətə etiraz edərək sual ünvanlayıb: "Əgər biletin pulunun qaytarılması nəzərdə tutulmurdusa, sərnişinə nə üçün belə bir akt təqdim edilib?"
O, həmçinin 75 yaşlı bir insanın gecə saat 1 radələrində tanımadığı ərazidə qatardan düşürülməyə məcbur edilməsinə etirazını bildirib.
Oxu.Az-a açıqlamasında Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirilib ki, Tbilisi-Bakı reysi ilə səfər edən sərnişinin Qardabani stansiyasında Gürcüstan Sərhəd Xidməti tərəfindən ölkəni tərk etməsinə icazə verilməyib.

"Sərnişin Gürcüstan vətəndaşıdır. Biletin dəyərinin müəyyən hissəsi ona qaytarılacaq. Bu barədə sərnişinin özünə də məlumat verilib", - deyə məlumatda bildirilir.