"Bu il əcnəbi azarkeşlərin sayı ötənilki göstəricini keçərək rekord həddə çatıb".
Bu sözləri Oxu.Az-a müsahibəsi zamanı Bakı Şəhər halqasının Milli Mətbuat katibi Arzu Hüseynova deyib.

Həmin müsahibəni təqdim edirik:
- 10-cu Azərbaycan Qran-prisinin yarış həftəsi başlayıb. Son hazırlıq işləri hansı mərhələdədir və yubiley yarışında azarkeşləri hansı yeniliklər gözləyir?
- 2026-cı ildə dünyanın idman paytaxtı elan olunan Bakı bu il "Formula-1"in 10-cu Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Bu, şəhərimizin beynəlxalq səviyyəli idman tədbirlərinin keçirildiyi mühüm mərkəzlərdən biri kimi mövqeyini bir daha möhkəmləndirir. Hazırda yarışa son hazırlıq işləri tamamlanmaq üzrədir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq 10 il ərzində böyük təcrübə qazanmışıq. Bu təcrübə hazırlıq prosesində də özünü göstərir. Əvvəllər texniki hazırlıq 12 aya qədər davam edirdisə, bu gün bu müddəti təxminən 4 aya endirmişik. Yerli mütəxəssislərin prosesdə rolu əhəmiyyətli dərəcədə artıb.
10-cu yubiley Qran-prisini əvvəlkilərdən fərqləndirən əsas məqam onun həm yarış, həm də şəhər festivalı kimi daha geniş miqyasda təşkil olunmasıdır. Yubiley ildönümündə yeni tribuna istifadəyə verilib, Dənizkənarı bulvarda daha geniş əyləncə zonası yaradılıb. Bundan əlavə, əsas yarışın ilk dəfə şənbə günü keçirilməsi həftəsonunun formatına da fərqli dinamika gətirəcək.
- Azərbaycan Qran-prisinə xarici medianın marağı bu il hansı səviyyədədir?
- 10-cu yubiley Qran-prisi ərəfəsində beynəlxalq medianın marağı daha yüksəkdir. Yarış həftəsonunu işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı xarici media nümayəndələri, yayımçılar və informasiya agentlikləri Bakıya gələcək. Onların sırasında "Netflix", "BBC Sport", "Sky Sports", "Reuters", Çinin "Sinxua" İnformasiya Agentliyi, "Motorsport" və digər aparıcı beynəlxalq media qurumları yer alır. Ümumilikdə, bu il 400-ə yaxın media nümayəndəsinin fəaliyyət göstərməsi üçün Media Mərkəzi artıq tam hazırlıq vəziyyətinə gətirilib.
Beynəlxalq marağın miqyasını ötən ilin göstəriciləri də aydın şəkildə göstərir. Belə ki, Bakı yarışının qlobal televiziya auditoriyası 71 milyona, ümumi onlayn əhatəsi isə 2.8 milyarda çatıb. İzləyicilərin böyük hissəsi İtaliya, Böyük Britaniya, Avstriya, Almaniya, Niderland və digər ölkələrdən olublar. Ötən il ABŞ-də əldə olunan nəticə də bu baxımdan xüsusilə diqqətçəkəndir. ESPN-də Azərbaycan Qran-prisinin əsas yarışını təxminən 1.1 milyon tamaşaçı izləyib.
Vurğulayım ki, xarici media nümayəndələri eyni zamanda şəhərimizi yaxından tanımağa, Bakı və Azərbaycan haqqında materiallar hazırlamağa və müxtəlif çəkilişlər həyata keçirməyə xüsusi maraq göstərirlər. Bu baxımdan, Azərbaycan Qran-prisi bizim üçün yalnız idman tədbiri deyil, həm də Azərbaycanın zəngin tarixi və mədəni irsinin, Bakı şəhərinin turizm imkanlarının və ölkəmizin müasir simasının beynəlxalq auditoriyaya tanıdılması üçün mühüm platformadır.
- Bilet satışlarında hansı dinamika müşahidə olunur?
- Biletlərə maraq kifayət qədər yüksəkdir və hazırda tribunaların böyük əksəriyyəti üzrə satışlar başa çatıb.
Son illərdə tələbatın davamlı artdığını görürük. Buna görə də son üç il ərzində dörd yeni tribuna əlavə olunub və ümumi tamaşaçı tutumu 6 mindən çox artırılıb. Bu dəfə daha bir yeni 600 nəfərlik "City" tribunası istifadəyə verilməklə tribunaların ümumi tutumu 21 min nəfərə çatıb.
Ötən ilin göstəriciləri də beynəlxalq marağın miqyasını aydın göstərir. 2025-ci ildə Azərbaycan Qran-prisinə dünyanın 115 ölkəsindən azarkeşlər gəliblər. Dörd günlük yarış həftəsonu ərzində isə 90 mindən çox ziyarətçi sayı qeydə alınıb. Bu il isə xüsusilə, Çindən gələn azarkeşlərin sayında artım müşahidə edirik ki, bu da Azərbaycan Qran-prisinə beynəlxalq marağın coğrafiyasının genişləndiyini göstərir.
Onu da qeyd edək ki, dörd günlük bilet sahibləri yarış həftəsonu ərzində həm "Formula-1" sessiyalarını izləmək, müxtəlif əyləncə proqramlarından yararlanmaq, həm də konsertlərdə iştirak etmək imkanı əldə edəcəklər. Musiqi proqramının əsas ulduzları dünya şöhrətli Keti Perri və məşhur DJ Kelvin Harris olacaqlar. Kelvin Harris sentyabrın 24-də, Keti Perri isə cümə günü sıralama turundan sonra Kristal zalının səhnəsinə çıxacaq.
- "Formula-1"in 10 il ərzində Azərbaycana iqtisadi və turizm baxımından təsirini necə qiymətləndirirsiniz?
- "Formula-1"in Azərbaycan üçün əhəmiyyəti yalnız yarış həftəsonu ilə məhdudlaşmır. Xarici qonaqların ölkəyə səfəri hotellər, restoranlar, nəqliyyat, ticarət və digər xidmət sahələrində iqtisadi fəallığın artmasına imkan yaradır. Qran-prinin hazırlıq və yarışdan sonrakı demontaj mərhələlərində 1 400-dən çox mühəndis, texnik, montajçı və logistika mütəxəssisi çalışır. Qran-pri günlərində isə tədbirin təşkilinə 1 500 nəfərlik işçi heyəti, 2 000 könüllü və 1 100 marşal cəlb olunur.
"Formula-1"in turizmə töhfəsi də rəqəmlərdə özünü göstərir. 2025-ci ildə 14 mindən çox xarici qonaq Azərbaycan Qran-prisini izləmək üçün ölkəmizə səfər edib. 2024-cü ildə aparılan araşdırmaya əsasən, bilet alan azarkeşlərin 77 faizi xarici ölkələrdən olub, onların 93 faizi isə Bakıya məhz Qran-prini izləmək üçün səfər etdiyini bildirib. Hazırda əcnəbi azarkeşlərin sayı ötən ilin rəqəmlərini geridə qoyaraq rekord həddə çatıb.
- Bu il Azərbaycan Qran-prisindən hansı nəticələri gözləyirsiniz?
- Bu mövsüm kifayət qədər gərgin və maraqlı keçir. Artıq beş fərqli pilot yarış qalibi olub, çempionluq uğrunda mübarizə davam edir. "Cadillac"ın 11-ci komanda kimi "Formula-1"ə qoşulması da çempionata əlavə maraq gətirib. "Mercedes", "McLaren" və "Ferrari" pilotları arasında çempionluq uğrunda mübarizə davam edir. Hazırda isə gənc italiyalı Kimi Antonelli çempionatda liderliyini qoruyur.
Bakı trasında nəticəni əvvəlcədən proqnozlaşdırmaq həmişə çətin olub. Burada dəfələrlə gözlənilməz nəticələrin və maraqlı yarışların şahidi olmuşuq. Təqvimdəki mövqeyini də nəzərə alsaq, bu il Azərbaycan Qran-prisi çempionluq mübarizəsində mühüm mərhələlərdən biri ola bilər. Hesab edirəm ki, azarkeşləri çox maraqlı yarış həftəsonu gözləyir.