Mərahim Nəsib yazır...
Bəzən insanın həyatında elə bir cümlə olur ki, illərlə danışılmayan tarix, çəkilən ağrı, gözlənilən bir gün onun içində gizlənir. Eşqinlə 14 il Bakıda qonşu olmuşuq. Eyni həyətdə gəzmişik, gündəlik həyatın saysız-hesabsız hadisələrini bölüşmüşük, bir-birimizə qəlbimizin dərinliyində gizlətdiyimiz sirləri əmanət etmişik. Aramızda zarafat da vardı. Məhəllədə bir yerə toplaşanda, gəzintiyə çıxanda, bir-birimizin evinə qonaq gedəndə, ona həmişə zarafatla "qaçqın" deyirdik. O da gülürdü, biz də gülürdük. Amma heç vaxt düşünmürdük ki, bu sözün arxasında bir insanın yarımçıq qalan uşaqlığı, itirilmiş yurd yeri, sevinci ilə paralel yaşayan həsrəti dayanır. Qonaq sözünü isə əbəs yerə vurğulamadım, səbəbini bir azdan açıqlayacağam.
Bir neçə gün bundan əvvəl Zəngilana gedəndə məni məhz Eşqin qarşıladı. Həmin Eşqin... İllərin qonşuluğu, tanış sima, doğma səslə salam. Amma bu dəfə onun ilk sözü əvvəlkilərdən fərqli idi. Eşqin məni görən kimi ilk sözü belə oldu:
"Mən daha qaçqın deyiləm!"
Bu cümlədə illərin xatirəsi, həsrəti, gözlədiyi qayıdış və bəlkə də sözlə ifadə olunmayan qürur vardı. O, sadəcə yeni ünvanını demirdi, dəyişən statusundan, yenidən qazandığı mənsubiyyətdən danışırdı. Bir vaxtlar Bakıda qonşuluq etdiyimiz, zarafatla "qaçqın" çağırdığımız adam indi öz kəndində, öz torpağında məni qarşılayırdı. Bu dəfə qonaq mən idim, ev sahibi Eşqin. Qonaq sözünü yazının əvvəlində buna görə vurğulamışdım.
Eşqinin hekayəsi təkcə bir ailənin köç tarixçəsi deyil. Bu, doğma torpağından ayrı düşən minlərlə insanın taleyinin kiçik bir nümunəsidir. Bakıda keçən 14 il ərzində həyatımız öz axarında davam edib. Günlər bir-birini əvəzləyib, uşaqlar böyüyüb, ailələr öz gündəlik qayğıları ilə yaşayıblar. Amma insanın yaşadığı yerlə ürəyində daşıdığı yurd həmişə eyni olmur. Necə ki, sevib ayrılanlar ilk görüş yerini heç vaxt unutmur, həmin yerə gedəndə isə bütün yaşadıqlarını unudurlar. Eşqin də doğma torpağını heç vaxt unutmayıb, ora qovuşanda isə bütün yaşadıqlarını unudub. Onun ailəsi ilə birlikdə Zəngilana qayıtması həmin bitib-tükənməyən gözləntinin yeni mərhələsidir. Həyat yoldaşı, dörd övladı və qoca atası ilə doğma torpaqda yeni həyat qurmaq artıq onun üçün arzu deyil. Lakin qovuşmaq elə bir hiss və reallıqdır ki, onun da yaraları və ağrılı nəticələri olur. Necə ki, Eşqinin anası bu günü görə bilmədi, dünyasını dəyişdi. İllərlə gözlədiyi torpağa qayıdış sevincini yaşamaq, doğma evin qapısından içəri keçmək, övladlarının yanında olmaq onun da ən böyük arzularından biri idi. Amma artıq həyatda yoxdur. Bəlkə də qayıdışın ən ağır tərəfi budur. İnsan torpağına qovuşur, amma o torpaqdan ayrı düşdüyü illərdə yanında olanları özü ilə geri apara bilmir.
Eşqinin kiçik qardaşı 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Bu nüans onun ailəsinin hekayəsinə başqa bir məna qatır. Bir tərəfdə illərlə yurd həsrəti ilə yaşayan böyük qardaş, digər tərəfdə həmin yurdun azadlığı uğrunda müharibədə iştirak etmiş kiçik qardaş. Bu ailənin taleyində müharibənin iki fərqli izi var. Biri Birinci Qarabağ müharibəsi nəticəsində yurdundan ayrı düşməyin ağrısını yaşayıb, digəri həmin yurda qayıdışın mümkün olması üçün İkinci Qarabağ müharibəsinə qatılıb. İndi isə əldə edilən Zəfər nəticəsində ailənin dörd övladı Zəngilanın Məmmədbəyli kəndində böyüyəcək. Artıq öz kəndlərinin küçələri, evlərinin həyəti, doğma torpağın havası onların uşaqlıq xatirələrinə çevriləcək. Böyük Qayıdışın əsl mənası da elə ailələrin yalnız bir ünvandan başqa ünvana köçməsi yox, həm də bir nəslin öz kökləri üzərində yenidən gələcək qurmasıdır.
Məmmədbəyli bu gün keçmişin yaralarını sağaltmağa çalışan kəndlərimizdən biridir. "Böyük Qayıdış" proqramı çərçivəsində kəndə mərhələli şəkildə ailələr köçürülür. Hazırda Məmmədbəyli kəndində yüzlərlə sakin məskunlaşıb. Bu rəqəmlərin arxasında illərlə gözləyən ailələr, açılacaq qapılar, yenidən səslənəcək və artıq səslənən uşaq gülüşləri var.
Bu prosesin ən böyük nəticəsi isə insanın özünü yenidən öz evində hiss etməsidir.
Eşqinin bəlkə də heç vaxt unutmayacağım cümləsi kimi:
"Mən daha qaçqın deyiləm".
Bu cümlə təkcə öz sevinci deyil, 14 il əvvəl zarafatla işlədilən bir sözün tarix qarşısında mənasını dəyişməsidir. Eşqinin məni qabaqlayaraq qürur və iftixar hissi ilə səslənən cümləsi, mənim də eyni hiss və həyəcanla ona verdiyim cavab kimi:
"Çox şükür".
Məgər Böyük Qayıdışın ən gözəl ifadəsi elə bu sadə cümlə deyilmi?
