"Biz, Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçuları ilk tapşırığımızı Daşkəsən rayonunun Hinaldağ istiqamətində aldıq. Daha sonra yuxarı rəhbərliyin göstərişi ilə tapşırığımız dəyişdirilərək Hadrut istiqamətində davam etdirildi. Bundan sonra Cəbrayıl rayonu, Soltanlı-Şükürbəyli istiqaməti, Xudafərin qəsəbəsi və Xudafərin körpüsü istiqamətində, daha sonra isə Zəngilan şəhərinə doğru döyüş yolumuzu davam etdirdik".
Bunu Oxu.Az-a müsahibəsində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, mayor Qurban Qurbanov deyib.
- Cənab mayor, döyüş yolunuzun ən ağır və həlledici məqamı hansı olub?
- Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçuları olaraq, qarşımıza qoyulmuş planlar əsasında daim döyüş hazırlığının, mənəvi-psixoloji vəziyyətin, fiziki və atəş hazırlığının yüksəldilməsi məqsədilə təlimlərə cəlb olunurduq. Buna görə də daim hazır vəziyyətdə idik.
Vətən müharibəsi zamanı mənəvi-psixoloji, döyüş hazırlığı və fiziki baxımdan yorğunluq məsələsini xüsusi qeyd etmək olmaz. Çünki hər birimiz qarşımıza qoyulmuş tapşırığın icrasına köklənmişdik.
Heç bir müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsində ən ağır məqamlardan biri birlikdə kurslara cəlb olunduğumuz, bərabər təlim keçdiyimiz və döyüşə birgə qoşulduğumuz döyüşçü yoldaşlarımızın şəhadət xəbərlərini almağımız idi. Bununla yanaşı, qarşımıza qoyulmuş tapşırıqların icrası zamanı Azərbaycanın tarixi sərvəti olan Xudafərin körpüsündə Zəfər bayrağının qaldırılması, Zəngilan rayonunda dövlət bayrağının ucaldılması, bölmələrimiz tərəfindən Bartaz və Surataz strateji yüksəkliklərinin düşmən tapdağından azad edilməsi bizim üçün mühüm hadisələr idi.
Həmçinin iti və sürətli əməliyyat nəticəsində bir gün ərzində 105 kilometrlik marşrut keçərək qarşımıza qoyulmuş döyüş tapşırıqlarımızın icra edilməsi həlledici məqamlarından idi.
- Xudafərin körpüsü və Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədlərinin qorunması ilə bağlı şanlı səhifələrdən birinə imza atan hərbçilərdənsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz Cəbrayıl və Zəngilan istiqamətlərində, tarixi Azərbaycan-İran dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması ilk növbədə qarşımıza qoyulmuş tapşırığın uğurla icra edilməsi fəxarətini yaşadırdı. Bu, bizə həm də əlavə güc və qüvvə verirdi ki, qarşıya qoyulmuş növbəti tapşırıqları da uğurla icra edək.
Bizim tarixi sərhədlərimiz - Xudafərin körpüsü, Cəbrayıl və Zəngilan ərazisində olan Azərbaycan-İran dövlət sərhədinin böyük bir hissəsi 30 ildən artıq idi ki, düşmən tapdağı altında idi. Həmin məkanlarda hərəkət zamanı cənublu soydaşlarımızın sevinməsi, Arazın o biri tərəfindən bizi alqışlamaları, Azərbaycan şeirləri və mahnıları ilə bizə dəstək vermələri döyüş ruhumuza çox müsbət təsir edən amillərdən biri idi.
- Vətən sərhədlərini qorumaq və eyni zamanda şərəfli tariximizə imza atmaq yolunda orden və medallarla təltif olunmusunuz. Bunlar sizin üçün nə deməkdir?
- Bu orden və medallar bizim döyüşçü yoldaşlarımızın əziyyəti, hərbi qulluqçularımızın zəhməti və alın təri hesabına qazanılmış təltiflərdir. Eyni zamanda, ali rəhbərlik tərəfindən bizə verilən yüksək dəyərin göstəricisidir. Biz bunu məhz bu cür qiymətləndiririk.
- Hansı orden və medallarla təltif olunmusunuz?
- Vətən müharibəsi zamanı "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə cənab Ali Baş Komandan tərəfindən təltif olunmuşam.

- Yəqin ki, bu medalları almaq tam fərqli bir qürur hissi yaradır.
- Bəli, bunu bəlkə də sözlə ifadə etmək mümkün deyil. Bir döyüşçü, bir hərbi qulluqçu üçün qarşımıza qoyulmuş döyüş tapşırıqlarını icra etdikdən sonra həmin tapşırıqların yüksək rəhbərlik tərəfindən qiymətləndirilməsi çox qürurvericidir. Bu, çox uca və çox dəyərli hissdir.
- Mayor Qurbanov, bu gün də xidmətdəsiniz və təbii ki, işğaldan azad olunan torpaqlarımıza səfərləriniz olur. Keçmişdə həmin torpaqlar uğrunda döyüşmüş, bu gün isə xidmətdə olan zabit kimi o ərazilərə gedərkən hansı hissləri keçirirsiniz?
- Əlbəttə, həmin ərazilərə biz çox tez-tez səfərlər edirik. Həmin ərazilərə hərəkət edərkən həm qürur, həm də qəhər hissi keçiririk. Qürur hissi keçiririk, çünki düşmən tapdağında olan torpaqlarımız artıq azad olunub. Azərbaycanın bütün dövlət sərhədləri boyunca Azərbaycan Respublikasının Zəfər bayrağı dalğalanır.
Qəhər hissi isə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın döyüşdüyü və şəhid olduğu istiqamətləri, həmin yerləri gördükdə yaranır.
- Suveren Azərbaycan Respublikasının dövlət sərhədinin keşiyində durmaq bir sərhədçi, bir zabit üçün nə deməkdir?
- Suveren Azərbaycan Respublikasının dövlət sərhədini qorumaq bizim üçün çox böyük qürurdur. Biz Vətən müharibəsində qarşımıza qoyulmuş tapşırıqları necə uğurla yerinə yetirmişiksə, bundan sonra qarşımıza qoyulacaq istənilən tapşırığı da uğurla həyata keçirəcəyik.
