Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb.
Bildirilib ki, tarixdə elə hərbi əməliyyatlar var ki, onların əhəmiyyəti təkcə döyüş meydanında əldə edilən qələbə ilə ölçülmür. Bəzən ən böyük sınaq düşmənin say üstünlüyünü və ya güclü müdafiəsini deyil, təbiətin yaratdığı, keçilməsi mümkünsüz görünən maneələri aşmaq olur.
Sıldırım qayalar, dərin dərələr, sıx meşələr və uçurumlar... Bütün bunlar müdafiə olunan tərəfə böyük üstünlük verir. İllər keçdikcə bu üstünlük arxayınlığa, arxayınlıq isə həmin mövqelərin alınmaz olduğuna dair sarsılmaz inama çevrilir.
Lakin hərb tarixi göstərir ki, ən möhkəm müdafiənin belə zəif nöqtəsi ola bilər. Bəzən bu zəiflik istehkamlarda deyil, hücumun mümkünsüz hesab edildiyi həlledici nöqtələrdə gizlənir.
Həmin maneəni aşmaq üçün isə təkcə cəsarət kifayət etmir. Bunun üçün hərbi məharət, dəqiq hesablanmış manevrlər, fövqəladə fiziki dözüm və dəmir iradə tələb olunur.
2020-ci ilin noyabrında məhz belə, mümkünsüz görünən missiya Şuşa dağlarında həyata keçirildi.
Şuşanın işğaldan azad edilməsi üçün Azərbaycan komandanlığı düşmənin qurduğu müdafiə mövqelərinə onun gözlədiyi kimi birbaşa hücum etmək əvəzinə, gözləmədiyi istiqamətlərdən irəliləməyə üstünlük verdi.
Əməliyyatın əsas xüsusiyyətlərindən biri də məhz bu idi. Azərbaycan Ordusunun bölmələri düşmənin müdafiə xətlərindən yan keçərək gizli dağ və meşə marşrutları ilə şəhərə yaxınlaşırdı.
Məqsədlərdən biri də Şuşanı Laçın və Xankəndi ilə birləşdirən yolları atəş nəzarətinə götürmək, əlverişli mövqelərdə pusqular quraraq düşmənin şəhərə əlavə qüvvə və hərbi təchizat göndərməsinin qarşısını almaq idi.
Xəritəyə nəzər salaq. Oktyabrın 26-dək Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, eləcə də Hadrut azad edilmişdi.
Azərbaycan Ordusu cənub cəbhəsində artıq geniş ərazilərə nəzarət edirdi və irəliləyiş bir neçə istiqamətdə davam edirdi. Qubadlıdan Laçına, Hadrutdan Tuğ istiqamətinə və dağ-meşəlik ərazilərdən keçməklə Şuşaya doğru hücum inkişaf etdirilirdi.
Qarabağın şərqində isə döyüşlər Qırmızı Bazar, Tağaverd və Xocavənd xətti boyunca gedirdi. Şimal-şərqdə Ağdam-Ağdərə istiqamətində davam edən döyüşlər isə erməni qüvvələrinin diqqətini əsas zərbə istiqamətlərindən yayındırırdı.
Bu ərazilərdə işğalçı qüvvələrin beşinci, altıncı və yeddinci alaylarının mövqeləri, artilleriya bölmələri və idarəetmə məntəqələri davamlı təzyiq altında saxlanılırdı. Məqsəd erməni komandanlığının həmin ərazilərdəki qüvvələri Şuşanın müdafiəsinə göndərməsinin qarşısını almaq idi.
Göründüyü kimi, Şuşa uğrunda döyüşlər təkcə şəhər və onun ətrafı ilə məhdudlaşmırdı. Bu, geniş coğrafiyanı əhatə edən çoxşaxəli hərbi əməliyyat idi.
Şuşaya aparan dağ-meşə marşrutlarının açılmasında Tuğ, Böyük Tağlar, Azıx, Zoğalbulaq, Çanaqçı və Sığınaq ətrafında keçirilən əməliyyatlar mühüm rol oynadı.
Azərbaycan bölmələri kiçik qruplarla meşəlik ərazilərdən irəliləyir, mühəndis-istehkam bölmələri isə keçidləri hərəkət üçün yararlı vəziyyətə gətirirdi. Eyni zamanda, artilleriya düşmənin müşahidə məntəqələrinə və təminat mövqelərinə zərbələr endirirdi. Tağaverd-Qırmızı Bazar xəttində davam edən döyüşlər isə düşmənin diqqətini yayındırmaq məqsədi daşıyırdı.