"Qarabağ xronikası"nın budəfəki buraxılışında Füzulinin azad edilməsi əməliyyatının hərbi-strateji əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, 2020-ci ilin oktyabrında Füzulinin azad edilməsi şəhərə birbaşa hücumla deyil, ondan kilometrlərlə uzaqda yerləşən yüksəkliklərin, yol qovşaqlarının və arxa mövqelərin nəzarətə götürülməsi ilə həyata keçirilib.
Qeyd olunub ki, 1993-1994-cü illərdə keçirilən Horadiz əməliyyatı nəticəsində 21 min hektar ərazi azad edilib. 2016-cı ilin Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi geri qaytarılıb.
Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 29-30-da Qaraxanbəyli və Aşağı Seyidəhmədli ətrafında gedən ağır döyüşlərdən sonra Hadrutun azad edilməsi əməliyyatların istiqamətini dəyişib.
Vurğulanıb ki, oktyabrın 15-də Füzuli istiqamətinə çəkilən düşmən qrupu pusquya salınıb. Oktyabrın 16-17-də təzyiqi artıran Azərbaycan Ordusu oktyabrın 17-də Füzuli şəhərini işğaldan tam azad edib.