Baku TV-nin "Qarabağ xronikası"nın budəfəki buraxılışında Hərtiz dağının Qubadlı uğrunda döyüşlərdə hərbi-strateji əhəmiyyətindən və şəhərin işğaldan azad edilməsindəki rolundan bəhs olunub.
Oxu.Az-ın xəbərinə görə, materialda bildirilir ki, 1993-cü ilin avqustunda işğal edilən Qubadlı 27 illik işğal dövründə Ermənistan Silahlı Qüvvələrinin mühüm müdafiə nöqtələrindən birinə çevrilib. Şəhərin girişində hərbi baza yaradılıb, Xanlıq kəndində istehkamlar qurulub, ətraf yüksəkliklərdə atəş mövqeləri inşa edilib.
2020-ci ilin oktyabrında Cəbrayılın azad edilməsindən sonra Azərbaycan Ordusunun cənub istiqamətində irəliləməsi Qubadlıya yaxınlaşmaq üçün zəmin yaradıb. Bu mərhələdə Yazı düzü və 831, 833 saylı yüksəkliklər uğrunda ağır döyüşlər aparılıb.
Diqqətə çatdırılıb ki, oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi Qubadlıya cənubdan irəliləmək üçün əlavə imkanlar yaradıb. Şərqdən və cənubdan inkişaf etdirilən hücumlar Ermənistan qüvvələrinin müdafiə sisteminə təzyiqi artırıb. Hündürlüyü 1277 metr olan Hərtiz dağı ətraf əraziləri, şəhərə aparan yolları və Ermənistanla sərhədyanı sahələrin bir hissəsini müşahidə etmək baxımından mühüm mövqeyə malik olub. Bu yüksəklik üzərində nəzarət düşmənin canlı qüvvə və texnikasının hərəkətini izləməyə, ehtiyat qüvvələrin yerdəyişməsini aşkar etməyə və mümkün əks-hücumların qarşısını almağa şərait yaradıb.
Vurğulanıb ki, Ermənistan komandanlığının Qubadlıya əlavə qüvvələr göndərməsinə baxmayaraq, artilleriya zərbələri, mühüm yollar üzərində nəzarətin itirilməsi və ehtiyatların döyüşə cəlb olunmasında yaranan çətinliklər müdafiə imkanlarını zəiflədib. Nəticədə, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edib və şəhərdə Azərbaycan bayrağı qaldırılıb.