Son günlər bazarda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Bir müddət əvvəl ədədi 30 qəpiyə satılan yumurtanın qiyməti hazırda 40-50 qəpiyə yüksəlib. Bahalaşma təkcə kənd yumurtası ilə məhdudlaşmır, broyler yumurtasının qiymətində də artım qeydə alınıb. Adətən qış aylarında müşahidə olunan qiymət artımının bu il daha erkən başlaması isə qarşıdakı aylarda qiymətlərin hansı səviyyəyə çatacağı ilə bağlı suallar yaradır.
Bəs yumurtanın bahalaşmasına səbəb olan amillər hansılardır? Mövcud tendensiya davam edərsə, qış aylarında kənd yumurtasının qiyməti hansı həddə çata bilər?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Müasir toyuq cinsləri vəziyyəti dəyişə bilər
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirib ki, adətən oktyabr ayının əvvəlindən və ya ortalarından etibarən fərdi təsərrüfatlarda yumurta istehsalı azalmağa başlayır. Onun sözlərinə görə, bu hal sənaye quşçuluğunda müşahidə olunmur, çünki sənaye təsərrüfatlarında ilboyu yumurta istehsal edilir.
Ekspert qeyd edib ki, fərdi təsərrüfatlarda yumurta istehsalının mövsümi azalması əsasən ənənəvi yerli toyuqlarla bağlıdır. Soyuq hava və gün işığının azalması onların yumurta verməsinə təsir göstərir. Lakin son illər fərdi təsərrüfatlarda məhsuldar toyuq cinslərinin sayının artması bu vəziyyəti tədricən dəyişir.
M.Həsənov bildirib ki, bəzi müasir cinslər əlverişli şəraitdə ildə 300-ə qədər yumurta verə bilir. Bu toyuqlar mövsümi dəyişikliklərdən daha az təsirləndiyindən, onların fərdi təsərrüfatlarda yayılması qış aylarında istehsalın kəskin azalmasının qarşısını ala bilər.

Ekspertin sözlərinə görə, qış aylarında kənd yumurtası istehsalının azalması bazarda mütləq qıtlıq yaranacağı demək deyil. Hava şəraiti yaxşılaşdıqda və toyuqların saxlanıldığı yerlərdə uyğun temperatur təmin edildikdə, yumurta istehsalı yenidən arta bilər.
M.Həsənov hesab edir ki, məhsuldar toyuq cinslərinin sayının artması nəticəsində fərdi təsərrüfatlarda yumurta istehsalının mövsümi azalması gələcəkdə daha az hiss olunacaq. Buna görə də qarşıdakı qış aylarında ciddi yumurta qıtlığı gözlənilmir.

Yem və saxlanma xərcləri qiymətə təsir edir
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kənd yumurtasının qiymətində müşahidə olunan artımı yalnız mövsümi amillərlə izah etmək düzgün olmaz. Onun sözlərinə görə, qiymətlərin formalaşmasına həm istehsal xərclərinin yüksəlməsi, həm də bazara çıxarılan məhsulun həcmi təsir göstərir.
A.Nəsirli qeyd edib ki, yemlərin, xüsusilə taxıl və digər yem komponentlərinin, eləcə də quşların saxlanması və daşınması xərclərinin artması məhsulun maya dəyərini yüksəldə bilər.
Mərkəz sədrinin sözlərinə görə, kənd yumurtası əsasən kiçik təsərrüfatlarda istehsal olunduğundan, həmin təsərrüfatların xərclərindəki artım qiymətlərə daha tez təsir göstərir. Təklifin azalması ilə yanaşı, istehlakçıların kənd yumurtasına üstünlük verməsi də bahalaşmanı sürətləndirir.

Bahalaşma niyə erkən başlayıb?
A.Nəsirli bildirib ki, bu il qiymət artımının əvvəlki illərlə müqayisədə daha erkən başlamasının səbəblərini müəyyənləşdirmək üçün istehsal və satış həcmlərini, yem qiymətlərini və bazardakı real təklif göstəricilərini müqayisə etmək lazımdır. Onun fikrincə, əgər bahalaşma əsasən mövsümi istehsal azalması ilə bağlıdırsa, qiymətlər müəyyən müddətdən sonra sabitləşəcək. Lakin yem və digər istehsal xərclərinin artması davam edərsə, bahalaşma daha uzunmüddətli xarakter alacaq.
İqtisadçı diqqətə çatdırıb ki, kənd yumurtası bazarı sənaye üsulu ilə istehsal olunan yumurtanın bazarından fərqlənir. Məhsulun əsasən kiçik təsərrüfatlarda istehsal və satış edilməsi qiymətlərin müxtəlif ərazilərdə fərqli dəyişməsinə səbəb ola bilər.
Qış aylarında qiymətlərin necə dəyişəcəyinə gəlincə, A.Nəsirli bununla bağlı indidən dəqiq proqnoz verməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, əsaslandırılmış proqnoz üçün hazırkı satış qiymətləri, əvvəlki illərin mövsümi göstəriciləri və istehsal xərclərinin dinamikası barədə konkret məlumatlar olmalıdır.
Mərkəz sədri hesab edir ki, mövcud artım davam edərsə, qiymətlərin daha da yüksəlməsi mümkündür. Bununla belə, bahalaşmanın miqyası bazarda təklifin nə dərəcədə azalacağından və istehsal xərclərinin necə dəyişəcəyindən asılı olacaq.

Sənaye yumurtası bahalaşmayacaq
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, kənd yumurtasının bahalaşması mövsümi xarakter daşıyır. Onun sözlərinə görə, yay aylarında gündəlik satışa çıxarılan kənd yumurtasının həcmi 380 min ədəd olduğu halda, hazırda bu göstərici 80-120 min ədəd arasında dəyişir.

Assosiasiya sədri qeyd edib ki, havaların soyuması və gün işığının azalması kənd toyuqlarının yumurta verməsinə təsir göstərir. Nəticədə istehsal azalır, bazara çıxarılan məhsulun həcmi aşağı düşür və bu da kənd yumurtasının qiymətinin artmasına səbəb olur.
M.Həsənli vurğulayıb ki, kənd yumurtasının qiymətindəki artım sənaye üsulu ilə istehsal olunan yumurtanın bahalaşmasına səbəb olmayacaq.