İsrailin Baş naziri Benyamin Netanyahu seçkilərə iki gün qalmış "X" sosial şəbəkəsində Təl-Əvivə bənzəyən şəhərin üzərində nüvə partlayışını əks etdirən süni intellekt vasitəsilə yaradılmış görüntü paylaşıb.
Oxu.Az xəbər verir ki, Netanyahu paylaşımında İranın İsrail üçün ekzistensial təhlükə yaratdığını vurğulayıb.
"İran nüvə silahı əldə etsə, artıq heç nəyin əhəmiyyəti qalmayacaq. İranın yaratdığı ekzistensial təhlükə ilə müqayisədə hər şey xırda görünür", - deyə o yazıb.
Seçkilərdə Netanyahunun rəqiblərindən biri olan müxalifətdəki "Yaşar" partiyasının lideri Qadi Ayzenkot baş nazirin paylaşımına münasibət bildirib.
Onun fikrincə, Netanyahu "isterik vəziyyətdədir" və hər seçki kampaniyasında "yalan və qorxutma" üsullarından istifadə edərək İsrail vətəndaşlarını kütləvi məhvetmə təhlükəsi ilə üz-üzə qoyur.
