Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada mətbuat üçün birgə bəyanatını işıqlandırıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, "Vestnik Kavkaza" nəşri Prezident İlham Əliyevin Xankəndidə Zəfər abidəsi önünə əklil qoyduğunu və Azərbaycan xalqını bayram münasibətilə təbrik etdiyini bildirib.
Dövlət başçısı təbrikində hərbçilərin qəhrəmanlığını qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kəndin azad edildiyini xatırladıb.
"Vzqlyad" qəzeti Prezidentin Azərbaycanın tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərinə diqqət çəkib.
"News.ru" portalı Azərbaycan liderinin təbriki ilə bağlı üç material dərc edib. Həmin materiallarda nəşr dövlət başçısının Azərbaycan xalqının işğala son qoymaq əzmi, ölkənin təbii sərvətlərinə vurulmuş ziyan və hərbi cinayətkarların cəzalandırılması barədə fikirlərinə yer verib. Portal yazılardan birinin sərlövhəsinə Prezidentin "Həbsxanalarda çay içirlər": Əliyev hərbi cinayətkarların cəzalandırılması barədə" sözlərini çıxarıb.
"İnterfaks", Vzqlyad.ru, Gazeta.ru və digər nəşrlər də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə gəlişi barədə məlumat verib. Bildirilib ki, Türkiyə prezidenti Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib və Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Şuşada mətbuat üçün birgə bəyanatla bağlı dərc olunan materialların əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında sülh prosesi olub. Rusiya mediası Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. Prezident xatırladıb ki, sülh sazişinin mətni bir ildən çox əvvəl paraflanıb və onun yekun imzalanması hələ qarşıdadır.
Media Prezident İlham Əliyevin Bakı ilə Ankara arasındakı münasibətlərə dair bəyanatlarına da ayrıca xəbərlər həsr edib. Nəşrlər dövlət başçısının Azərbaycan və Türkiyənin heç kimə bu birliyi təhlükə altına almağa imkan verməyəcəyi barədə fikirlərinə yer verib. Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasındakı münasibətlərin möhkəmliyini vurğulayan bəyanatına da diqqət çəkilib.
Qələbənin altıncı ildönümü münasibətilə "Kommersant" qəzeti "Müharibəsiz altı il" adlı məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarının kəndlərinə köçmüş sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərə yer verilib. Dövlət başçısı altı il ərzində Qarabağa və Şərqi Zəngəzura təxminən 100 min nəfərin qayıtdığını bildirib. Qəzet Azərbaycan liderinin "Sülh şəraitində yaşayan xalqımız qurur və yaradır" sözlərini sitat gətirib. Nəşr, həmçinin işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının, yolların, yaşayış evlərinin, tibb müəssisələrinin və təhsil ocaqlarının tikintisindən bəhs edib, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Moskvada keçirilən qəbulda sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.