Son günlər Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycana səfərləri, Bakı ilə münasibətlərin və əməkdaşlıq perspektivlərinin müzakirəsi diqqət çəkir. Görüşlərdə gündəmə gələn əsas məsələlərdən biri də Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi olub. Bəzi Avropa ölkələrinin bu təşəbbüsə açıq dəstək verməsi isə bir sıra suallar doğurur: Avropa İttifaqı ölkəmizlə viza prosedurlarının yüngülləşdirilməsində niyə maraqlıdır? Bu proses Azərbaycan vətəndaşlarına hansı üstünlükləri qazandıra bilər və ölkəmiz bundan nə əldə edə bilər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Fariz İsmayılzadə bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlər həm energetika, həm təhlükəsizlik, həm də ticari sahədə genişlənir və bu fonda bir neçə ölkənin xarici işlər nazirlərinin Bakıya səfəri müsbət tendensiyanın göstəricisidir:

"Burada yeni istiqamətlər, yeni əlaqələr müzakirə olunur. Xüsusilə nəzərə alsaq ki, Litva gələn ildən Avropa İttifaqı Şurasına sədrlik edəcək, bu ölkə ilə münasibətlərin dərinləşdirilməsi təbiidir. Eyni zamanda İtaliyadan və digər ölkələrdən də yüksəkvəzifəli qonaqlar Azərbaycana səfər ediblər. Bütün bunlar əlaqələrin həqiqətən də möhkəmləndiyini göstərir. Təbii ki, bu proses çərçivəsində viza rejiminin sadələşdirilməsi və müxtəlif formatların tətbiqi məsələləri də müzakirə olunur. Bu, hər iki tərəf üçün müsbət haldır".
"Bu istiqamətdə həm tələbələr, həm biznesmenlər, həm müəyyən nümayəndə heyətləri üçün gediş-gəliş rahat olacaq. Bu cür sadələşdirmə mexanizmləri müxtəlif ölkələrdə fərqli formalarda və müxtəlif dövrlərdə tətbiq olunur. Bu proses Azərbaycanla əlaqələrdə necə tətbiq olunacaq, onu ikitərəfli danışıqlar müəyyən edəcək", - deyə deputat əlavə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova isə Oxu.Az-a açıqlamasında deyib ki, bu məsələyə məhdud çərçivədən - sadəcə Azərbaycan vətəndaşlarının Avropaya səfərlərinin asanlaşdırılması prizmasından yanaşmamalıyıq:

"Avropa İttifaqının Cənubi Qafqaza artan marağı, bölgəmizdə Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət və şübhəsiz ki, ölkəmizin regional və beynəlxalq müstəvidə artan nüfuzu bu məsələnin daha geniş kontekstdə dəyərləndirilməsini zəruri edir. Azərbaycan və Avropa İttifaqı arasında viza məsələsində əməkdaşlıq tamamilə yeni deyil. 2014-cü il sentyabrın 1-dən qüvvədə olan viza rejiminin sadələşdirilməsi haqqında saziş mövcuddur. Həmin sazişdə qısamüddətli səfərlər üçün müəyyən güzəştlər nəzərdə tutulur. Lakin indiki məqamda müzakirə olunan məsələ mövcud mexanizmlərin daha da liberallaşdırılması, prosesin asanlaşdırılması, vaxt və maliyyə itkilərinin azaldılması, eyni zamanda gələcəkdə daha geniş viza güzəştlərinin əldə olunmasıdır".
"Bununla belə indiki bəyanatlar nə qədər cəlbedici görünsə də, bu, artıq vizasız rejimə keçid anlamına gəlmir. Bu istiqamətdə diqqət çəkən bir neçə mühüm məqam var. Bunlardan biri Litvanın xarici işlər nazirinin viza prosedurlarının sadələşdirilməsi ilə bağlı yalnız müzakirələrlə kifayətlənməməyi, müvafiq hüquqi proseslərin başlanmasının vacibliyini vurğulaması oldu. İkinci mühüm məqam isə Estoniyanın xarici işlər nazirinin Azərbaycan və Avropa İttifaqı arasında viza liberallaşdırılmasını dəstəkləmək istədiklərini bəyan etməsi idi. Lakin bunlardan daha önəmli üçüncü məqam Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyi dövrün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən viza liberallaşdırılması məsələsinin irəli aparılması baxımından əlverişli fürsət kimi dəyərləndirilməsi oldu. Deməli, ayrı-ayrı ölkələrin dəstəyi siyasi baxımdan əhəmiyyətlidir. Lakin zənnimcə, yekun nəticənin əldə olunması üçün ümumavropa səviyyəsində qərarların qəbul edilməsi və müvafiq hüquqi prosedurların həyata keçirilməsi vacibdir", müsahibimiz qeyd edib.
Ekspertin sözlərinə görə söhbət qarşılıqlı maraqlardan gedir:
"Azərbaycan Avropa ilə daha geniş əlaqələr qurmaq istəyir. Avropa İttifaqı isə Azərbaycanla uzunmüddətli tərəfdaşlığını möhkəmləndirmək niyyətindədir. Məsələ həm də Azərbaycan cəmiyyətində Avropa ilə əlaqələrin genişləndirilməsindən gedir. Bu istiqamətdə cəmiyyətlərarası münasibətlərin inkişafı üçün yeni imkanlar yarana bilər. Bu imkanlar özünü təhsil, turizm, mədəniyyət, biznes və gənclər mübadiləsi sahələrində göstərə bilər. Beləliklə, son zamanlar Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri tərəfindən Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinin gündəmə gətirilməsi, şübhəsiz ki, kifayət qədər əhəmiyyətli diplomatik hadisədir. Bunu sadəcə Azərbaycanın əldə edə biləcəyi üstünlüklər baxımından dəyərləndirmək olmaz. Avropa İttifaqının da burada ciddi strateji maraqları mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Ölkəmizin regional mövqeyi Avropa üçün geniş imkanlar yaradır. Bu baxımdan, xüsusilə Azərbaycanın mövqeyi Orta Dəhliz kontekstində dəyərləndirilir.
Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi də Avropa İttifaqının iqtisadi və geosiyasi məqsədlərinə cavab verir. Bu baxımdan, Avropa İttifaqının Azərbaycanla münasibətləri daha geniş və konkret, praktiki müstəviyə keçirmək istədiyini görürük. Burada qarşılıqlı maraqların uzlaşması mövcuddur. Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. Avropa İttifaqı isə öz növbəsində Azərbaycanla strateji tərəfdaşlığını daha da möhkəmləndirmək istəyir. Söhbət, eyni zamanda, Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir. Azərbaycan hər bir tərəflə münasibətlərini milli maraqları əsasında inkişaf etdirir. Buna görə də viza məsələsinin məhdud çərçivədə, sadəcə texniki və konsulluq proseduru kimi başa düşülməsi düzgün olmazdı. Bu məsələ daha geniş məzmun kəsb edir və Azərbaycan-Aİ münasibətlərinin geniş əməkdaşlıq gündəliyinin tərkib hissəsi kimi dəyərləndirilməlidir".