Vətəndaşlar zaman-zaman üzləşdikləri problemlərlə bağlı öz seçki dairələrinin deputatlarına müraciət edirlər. Lakin bəzən seçicilər yaşadıqları ərazidən seçilən deputata deyil, başqa seçki dairəsini Milli Məclisdə təmsil edən millət vəkilinə üz tuturlar.
Bu isə bir sıra suallar doğurur: seçicilər öz deputatlarını tanımırlar, yoxsa onların fəaliyyətindən narazı olduqları üçün digər deputatlara daha çox etibar edirlər? Ümumiyyətlə, vətəndaşlar niyə öz seçki dairələrinin deputatına deyil, başqa dairədən seçilən millət vəkilinə müraciət edirlər? Hansı deputatlara təmsil etdikləri seçki dairələrindən kənarda yaşayan vətəndaşlardan müraciətlər daxil olur və millət vəkilləri bunu necə əsaslandırırlar?
Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında" Qanunun 18, 19 və 20-ci maddələri deputatın seçicilərlə iş aparmasından bəhs edir.
Həmin maddələrə əsasən, deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır (18-ci maddə). Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları və yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər (19-cu maddə).
Həmçinin deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə), prokurorluq orqanlarına və yerli özünüidarə orqanlarına müraciət edə bilər (20-ci maddə).
Oxu.Az mövzu ilə əlaqədar Milli Məclisin bir sıra deputatlarına müraciət edib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov:

"Mənə həm komitə sədri kimi, həm də bələdiyyələrin fəaliyyəti ilə bağlı tez-tez müraciətlər daxil olur. Azərbaycanda 608 bələdiyyə var və bir çox vətəndaşın bələdiyyələrlə bağlı problemləri mövcuddur. Digər deputatlara da belə müraciətlər daxil olur. Hesab edirəm ki, deputatlar bu müraciətlərə baxmalıdırlar. Mənə əksər rayonlardan müraciətlər daxil olur. Deputatlar ay ərzində iki dəfə seçicilərini qəbul edirlər. Düzdür, əvvəllər vətəndaşlar öz dairələrindən seçilən millət vəkillərini tanımaya bilərdilər, ünsiyyət yox idi. Amma indi mütəmadi görüşlər keçirildiyi üçün hər bir deputat öz seçiciləri tərəfindən yaxından tanınır və seçicilər də problemlərini səsləndirirlər".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc:

"İstər ali qanunumuza, istərsə də digər hüquqi aktlara əsasən, parlament üzvü seçildikdən sonra konkret ərazini təmsil etməsinə rəğmən, bütövlükdə xalqın təmsilçisidir. Belə olan halda, onun məsuliyyəti də daha böyükdür. Bu baxımdan, digər ərazilərdən parlament üzvlərinə daxil olan müraciətlərin qarşısı nə hüquqi, nə də praktiki baxımdan alına bilər. Çünki vətəndaşın istənilən dövlət təmsilçisinə müraciət etmək hüququ var. Təbii ki, müraciətin mahiyyətinə uyğun olaraq ünvanlı şəkildə edilməsi başadüşüləndir.
Hesab edirik ki, vətəndaşlarımız, ümumilikdə, öz təmsilçilərinə müraciət edirlər. Lakin istər komitə sədrlərinə, istərsə də digər millət vəkillərinə başqa ərazilərdən də çoxsaylı məktublar, müraciətlər, tələblər və şikayətlər daxil olur. Düşünürəm ki, bu, tamamilə normal haldır.
İl ərzində İnsan hüquqları komitəsinə 1 000-ə yaxın məktub daxil olur. Onların böyük bir hissəsi sosial məsələlər, işlə təminat və digər xarakterli problemlərin həlli ilə bağlıdır. Həmin müraciətləri bölgələr üzrə qruplaşdırdıqda onların ölkəmizin bütün coğrafiyasını əhatə etdiyini görürük. Digər tərəfdən, biz həm hüquqi, həm də mənəvi baxımdan bilavasitə məsuliyyət daşıdığımız ərazi ilə bağlı məsələlərə ayrıca yer ayırırıq. Qarşıdakı dövrdə də bu istiqamətdə fəaliyyətimizi gücləndirməyə hazırıq".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev:

"Təcrübədə belə hallar olur və bunun müxtəlif səbəbləri var. Bəzən insanlar düşünürlər ki, bütün deputatlara müraciət etmək olar. Yaxud qeydiyyatda olduqları seçki dairəsindən seçilən deputatın kim olduğunu bilmirlər. Digər məqam isə ondan ibarətdir ki, öz dairələrinin deputatına etibar etməyən vətəndaşlar da var.
Lakin mən həm də komitə sədrinin müavini olduğum üçün vətəndaşlar sosial məsələlərlə bağlı həm mənə, həm də komitə sədrinə müraciət edə bilərlər. Mənə də müxtəlif seçki dairələrindən müraciətlər daxil olur. Təmsil etdiyim Binəqədi rayonunun digər seçki dairələrindən, eləcə də başqa rayonlardan müraciətlər edilir. Məsələn, bu yaxınlarda Qubadan müraciət etmişdilər. Məsələni həmin rayondan seçilən deputat həmkarımıza yönləndirdim.
Hazırda deputatlar ay ərzində iki dəfə seçiciləri ilə görüşməlidirlər. Biz mütəmadi olaraq görüşlər keçirir, vətəndaşların müraciətlərini qəbul edir və aidiyyəti üzrə yönləndiririk".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə:

"Mənə dəfələrlə belə müraciətlər daxil olub. Görünür, həmin vətəndaşlar haqqımda daha çox eşidiblər və buna görə də birbaşa mənə müraciət ediblər. Ümumiyyətlə, bu, deputatların tez-tez rastlaşdıqları hallardan biridir. Müraciətlər müxtəlif məsələlərlə, xüsusən də mənzil, torpaq, kommunal xidmətlər, məhkəmə işləri, təhsil və hərbi xidmətlə bağlı olur. Həmin müraciətləri aidiyyəti üzrə yönləndirirəm".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli:

"Şübhəsiz ki, belə müraciətlər olur və bu da təbii qarşılanmalıdır. Mənə də belə müraciətlər daxil olur. Həmin müraciətləri müqayisə etdikdə bunun bir neçə səbəbinin olduğunu görürük.
Birincisi, məni əvvəldən tanıyan insanlar məhz bu səbəbdən mənə müraciət edirlər. Bu, heç də o demək deyil ki, onların seçki dairəsini təmsil edən deputat onlarla görüşmür, əlaqə saxlamır və ya üzərinə düşən vəzifələri yerinə yetirmir.
İkincisi, bu, qanunvericilik təşəbbüsü ilə bağlıdır. Müxtəlif insanlar müəyyən məsələlərlə əlaqədar müraciət edirlər ki, qanunvericilik aktlarında onların arzuları, niyyətləri və ya baxışları öz əksini tapsın. Eləcə də məhkəmələrlə bağlı müraciətlər olur.
Bu baxımdan, əslində, mən belə müraciətlərdə narahatedici hər hansı məqam görmürəm. Əgər bir insana qaldırdığı məsələ ilə bağlı kömək göstərmək mümkündürsə, bu dəstəyi göstərmək lazımdır".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev:

"Təmsil etdiyim Gəncə şəhərində dörd seçki dairəsi var. Şəhərin bütün seçki dairələrindən mənə müraciətlər daxil olur. Lakin nə mən, nə də digər həmkarlarım bu məsələdə ayrı-seçkiliyə yol veririk. Bacardığımız qədər vətəndaşları məlumatlandırır, onlara istiqamət verir və problemlərinin həllinə dəstək oluruq.
Eyni zamanda, digər rayon və şəhərlərdən, əsasən, elektron formada müraciətlər daxil olur. Çox vaxt vətəndaşlar onların seçki dairələrini təmsil etmədiyimizi bildikləri halda bizə müraciət ünvanlayırlar. Biz də bunu tamamilə normal qarşılayırıq və onlara kömək etməyi özümüzə borc bilirik.
Əvvəllər daha çox öz seçki dairəmdən müraciətlər alırdımsa, indi müxtəlif ərazilərdən müraciətlər daxil olur. Təbii ki, bu da vətəndaşın öz seçimidir və biz vətəndaşdan niyə məhz həmin deputata müraciət etdiyini soruşa bilmərik. Mənim seçki dairəmdən olan seçicilər də başqa dairədən seçilən deputata müraciət edə bilərlər".