Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
Bu barədə Oxu.Az-a qurumdan verilən açıqlamada bildirilib ki, rayon və şəhərlərdə səhiyyə sahəsi ilə bağlı vətəndaş qəbulları Səhiyyə Nazirliyinin deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri çərçivəsində həyata keçirilir:
"Səhiyyə Nazirliyində isə vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir".
"İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm".
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Səyyad Aran Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclası zamanı çıxışında deyib.
O bildirib ki, İmişli rayonunun Qaradonlu kənd məktəbinin 120 illiyi olacaq:
"Eşitmişəm ki, oktyabrın 10-da nazir gələcək, qeyd edəcəklər. Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var.
Yaxşı, sənin vacib işlərin var, bəs gələndən sonra monitorda görmürsən sənə zəng gəlib? Sənə deputat zəng edib, bax, gör, nə məsələdir".
Deputat nazirlərin qəbul məsələsindən də narazılığını dilə gətirib:
"Məsələn, səhiyyə naziri rayona vətəndaş qəbuluna gedir. Bəndi-bərəni elə kəsirlər ki, ona yaxınlaşmaq olmur. Onun qəbuluna nisbətən yumşaq, neytral danışan şəxsləri buraxırlar. Çıxanda da naziri elə aparırlar ki... İnsanların həqiqi şikayətləri diqqətdən kənarda qalır".