Meşə yanğınları riski ilə əlaqədar Fransanın cənubunda yerləşən üç bölgəsində ən yüksək - "qırmızı" təhlükə səviyyəsi elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin "Meteo-France" milli meteorologiya xidməti məlumat yayıb.
Xəbərdarlıq Şərqi Pireney, Od və Qar bölgələrini əhatə edir. Bəzi bölgələrdə havanın temperaturunun 34 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Eyni zamanda, rütubətin aşağı olması və küləyin sürətinin saniyədə 15 metrə çatması mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Yanğın təhlükəsi səbəbindən daha beş bölgədə isə sondan əvvəlki - "narıncı" xəbərdarlıq səviyyəsi tətbiq edilib.
Qeyd edək ki, cari ilin əvvəlindən bəri Fransada 119 min hektardan çox ərazi yanaraq kül olub. Ən miqyaslı yanğın isə Jironda bölgəsində qeydə alınıb. Burada 42 min hektardan çox əraziyə ziyan dəyib və 240 ev yanıb. Həmin evlərin yarısından çoxu təbii fəlakətdən ən çox zərər çəkmiş hesab edilən Le-Porj kommunasında məhv olub.