Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları Ermənistanın xarici siyasətdə balans axtarışını davam etdirdiyini bir daha təsdiq edir. O, Rusiya ilə dəmir yolları üzrə sazişlərin birtərəfli qaydada ləğvinin gündəmdə olmadığını bildirərək Moskva ilə dostluq münasibətlərinə önəm verdiklərini vurğulayıb. Bununla yanaşı, Ermənistan hökuməti Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlarını davam etdirir. Bu fonda Rusiya isə Ermənistanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət tətbiq edib ki, bu da iki ölkə arasında münasibətlərdə yeni suallar doğurur.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
- Elçin bəy, Paşinyanın Rusiya ilə Qərb arasında balans siyasəti nə qədər davamlıdır və bu kurs Ermənistanı hansı istiqamətə aparır?
- Paşinyanın son açıqlamaları göstərir ki, İrəvan hələ də Rusiya ilə Qərb arasında manevr etmək strategiyasından imtina etməyib. Bir tərəfdən Paşinyan bəyan edir ki, Rusiya ilə dəmir yollarının idarə olunmasına dair mövcud sazişləri birtərəfli qaydada ləğv etmək niyyətində deyillər: Moskva ilə dostluq münasibətlərini yüksək qiymətləndirirlər və Rusiyanın maraqlarına zərər vurmaq istəmirlər, digər tərəfdən isə Ermənistan Avropa İttifaqı (Aİ) ilə inteqrasiyanı sürətləndirir, siyasi əlaqələri genişləndirir, Qərbin təhlükəsizlik və iqtisadi layihələrində daha fəal iştirak etməyə çalışır. Mahiyyət etibarilə bu ziddiyyətli kurs əslində yeni deyil. Lakin son aylarda baş verən hadisələr göstərir ki, əvvəlki illərlə müqayisədə bu siyasətin davam etdirilməsi daha mürəkkəb nəticələrə yol aça bilər. Rəsmi qurumların təmsilçilərinin nə deməsindən asılı olmayaraq, Rusiya Ermənistanın bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə əslində İrəvana açıq siyasi mesaj verir. Rusiya üçün Ermənistan sadəcə Cənubi Qafqaz ölkəsi deyil, o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür, enerji sisteminin böyük hissəsi Rusiyadan asılıdır, ölkədə Rusiya hərbi bazası yerləşir və iqtisadi əlaqələrin həcmi hələ də kifayət qədər böyükdür. Bütün bunları nəzərə alan Paşinyan son açıqlamalarında Rusiyaya qarşı sərt ritorikadan yayınmağa çalışır.
- Bunun səbəbi nədir?
- Müxtəlif səbəblər var, ən önəmli olanlardan biri odur ki, Ermənistanın iqtisadi strukturu hələ də Rusiya bazarından tam ayrılmağa imkan vermir. Alternativ bazarlar formalaşdırılsa belə, onların logistika imkanları, həcmi və gəlirliliyi yaxın perspektivdə Rusiya bazarını tam əvəz edə bilməyəcək. Bununla yanaşı, Ermənistan təbii qaz və enerji sahəsində Rusiyadan ciddi şəkildə asılıdır. Bu asılılığın qısa müddətdə aradan qaldırılacağı isə inandırıcı görünmür.
- Rusiya ilə qarşıdurma və Avropa İttifaqı ilə münasibətlər paralel olaraq Ermənistan üçün hansı şərtlər formalaşdırır?
- Paşinyan yaxşı anlayır ki, Moskva ilə tam qarşıdurma Ermənistan daxilində də siyasi risklər yarada bilər. Ermənistan cəmiyyətində Rusiyayönlü siyasi və iqtisadi qruplar hələ də kifayət qədər təsirlidir. Məhz buna görə Paşinyan bir tərəfdən Brüsseldə Aİ rəhbərliyi ilə iqtisadi inteqrasiya barədə danışır, digər tərəfdən isə bəyan edir ki, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi güdməyib və Moskvanın maraqlarını nəzərə almağa çalışır. Avropa İttifaqı ilə münasibətlərin perspektivinə gəldikdə, məlum olduğu kimi, Brüssel İrəvana maliyyə yardımı ayırıb: Ermənistan məhsullarının böyük hissəsinin Avropa bazarına rüsumsuz çıxışını təmin edən mexanizmlər hazırlayıb və ticarətin diversifikasiyasını dəstəkləyən proqramlar təqdim edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen açıq şəkildə bildirib ki, məqsəd Ermənistanın Rusiya bazarından asılılığını azaltmaq və məhsulların Avropa bazarına yönəldilməsidir. Digər tərəfdən, Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi Moskva ilə iqtisadi əlaqələri daha da mürəkkəbləşdirir. Belə şəraitdə həm Avrasiya İqtisadi İttifaqının üzvü qalmaq, həm də Avropa İttifaqının iqtisadi sisteminə daha dərindən inteqrasiya etmək əvvəlkindən daha çətin görünür. Paşinyan öz xarici siyasətini "balanslaşdırılmış" adlandırır. Lakin geosiyasi reallıq göstərir ki, böyük güclər arasındakı rəqabət kəskinləşdikcə balans siyasətinin imkanları da daralır. Əgər əvvəllər Ermənistan həm Rusiyanın təsir dairəsində qalmaqla Qərblə münasibətlərini inkişaf etdirə bilirdisə, hazırda bu model getdikcə daha çox sual doğurur. Çünki hazırda Rusiya Ermənistanın Qərbə inteqrasiyasını milli təhlükəsizlik maraqlarına zidd hesab edir, Avropa İttifaqı isə Ermənistanın iqtisadi və siyasi islahatlarını məhz Rusiyadan uzaqlaşma kontekstində qiymətləndirir. Həmçinin, Ukrayna müharibəsindən sonra Avropa-Rusiya qarşıdurması əvvəlki illərlə müqayisədə daha sərt xarakter alıb.
- Paşinyanın müxtəlif platformalarda fərqli mövqe siyasəti özünü nə qədər və hansı zamana qədər doğrulda bilər?
- Belə şəraitdə İrəvanın ənənəvi "iki stul modeli" uzunmüddətli perspektivdə getdikcə daha az işlək görünür. Real mənzərəni əldə etmək üçün Ermənistanın Rusiyadan asılılığının faktoloji tərəflərinə nəzər salmaq lazımdır. Bu asılılıq xarici ticarət, enerji təhlükəsizliyi, pul köçürmələri, investisiyalar, logistika və strateji infrastruktur sahələrində açıq şəkildə özünü göstərir. Paşinyan hökumətinin son illərdə Avropa İttifaqı ilə yaxınlaşma siyasəti həyata keçirməsinə baxmayaraq, iqtisadi göstəricilər Rusiyanın Ermənistan iqtisadiyyatındakı həlledici rolunun hələ də davam etdiyini nümayiş etdirir. Belə ki, 2024-cü ilin yekunlarına görə, Ermənistanın xarici ticarət dövriyyəsinin 41.1 faizi Rusiyanın payına düşüb. Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi payı 42.2 faiz, Avropa İttifaqının payı isə cəmi 7.7 faiz təşkil edib. Bu göstəricilər Ermənistanın əsas ticarət tərəfdaşının hələ də Rusiya olduğunu göstərir. 2025-ci ildə də bu tendensiya dəyişməyib. Yanvar-noyabr aylarında Ermənistanın Rusiyaya ixracı 2.73 milyard ABŞ dolları təşkil edib və Rusiya yenə də Ermənistanın ən böyük ixrac bazarı olaraq qalıb. Ümumi xarici ticarət dövriyyəsi müəyyən qədər azalsa da Moskva əsas iqtisadi tərəfdaş statusunu qoruyub.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsi 3.41 milyard ABŞ dolları olub. Bunun 1.35 milyard dolları Ermənistanın Rusiyaya ixracının, 2.14 milyard dolları isə Rusiyadan idxalın payına düşüb. Bu göstəricilər Rusiyanın Ermənistanın həm əsas ixrac bazarı, həm də başlıca idxal mənbəyi olaraq qaldığını göstərir. Aİİ çərçivəsində Ermənistanın iqtisadi əlaqələri faktiki olaraq Rusiya bazarı üzərində qurulub. Statistikaya əsasən, Ermənistanın Aİİ ölkələrinə ixracının 94.6 faizi Rusiyanın payına düşür. Aİİ-dən idxalın isə 98.5 faizi Rusiyadan həyata keçirilir. Bu fakt Ermənistanın Aİİ bazarının praktiki olaraq Rusiya bazarı ilə eyniləşdiyini göstərir.

Ermənistanın enerji sistemi də Rusiyadan yüksək səviyyədə asılı olaraq qalır. 2024-cü ildə ölkənin təbii qaz idxalının 83.7 faizi Rusiyanın payına düşüb. Müqayisə üçün qeyd edim ki, 2023-cü ildə bu göstərici 86.4 faiz olub. 2025-ci ildə də vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Ermənistan istehlak etdiyi təbii qazın təxminən 82 faizini Rusiyadan alır. Bundan başqa, Ermənistan qazı Avropa bazarındakı qiymətlərlə müqayisədə xeyli aşağı tariflə əldə edir ki, bu da Moskvanın İrəvana qarşı istifadə etdiyi mühüm iqtisadi alətlərdən biri hesab olunur. Enerji asılılığını artıran digər amillər də var. Nəzərə almaq lazımdır ki, Ermənistanın qazpaylayıcı sistemi "Gazprom Armenia" tərəfindən idarə olunur, atom elektrik stansiyasının yanacaq təminatı Rusiyadan asılıdır və enerji infrastrukturunun mühüm hissəsində Rusiya şirkətləri iştirak edir. Unutmaq lazım deyil ki, pul köçürmələri Ermənistan iqtisadiyyatının mühüm maliyyə mənbələrindən biridir və burada da Rusiyanın üstün mövqeyi açıq şəkildə nəzərə çarpır. Belə ki, 2024-cü ildə Ermənistana daxil olan pul köçürmələrinin 65.5 faizi Rusiyanın payına düşüb. Rusiyadan daxil olan vəsaitin ümumi həcmi təxminən 3.8 milyard ABŞ dolları təşkil edib. 2025-ci ildə ölkəyə bütövlükdə 5.98 milyard ABŞ dolları həcmində pul köçürməsi daxil olub. Bunun təxminən 3.9 milyard dolları, yəni 65 faizi Rusiyadan göndərilib. Bu göstəricilər Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin gəlirlərinin Rusiyada çalışan əmək miqrantlarından asılı olduğunu göstərir. Həmçinin qeyd edim ki, 2025-ci ildə Ermənistan Rusiyadan 4.9 milyard ABŞ dolları dəyərində məhsul idxal edib. Rusiyanın Ermənistanın ümumi idxalındakı payı 37 faiz təşkil edib. Rusiyadan idxal edilən əsas məhsullar təbii qaz, benzin, dizel yanacağı, buğda, un, bitki yağları, sənaye xammalıdır. Bir sıra strateji məhsullar üzrə Rusiyanın bazar payı 90-100 faiz səviyyəsindədir.

Rusiya uzun illərdir Ermənistan iqtisadiyyatının strateji sahələrində əsas investor və operator statusunu qoruyur. Bu təsir qaz sektoru, elektrik enerjisi sistemi, dəmir yolu infrastrukturu, metallurgiya sənayesi və dağ-mədən sektorunu əhatə edir. Ermənistan dəmir yolları bu gün də Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinin uzunmüddətli konsessiya idarəçiliyində fəaliyyət göstərir.
- Yəni Rusiya iqtisadi rıçaqlardan siyasi təsir aləti kimi istifadə etmək imkanını hələ də qoruyub saxlayır?
- 2025-ci ildə Rusiya kənd təsərrüfatı, balıq məhsulları, spirtli içkilər, mineral sular, çiçəklər üzrə müxtəlif məhdudiyyətlər tətbiq edib və eyni zamanda, Ermənistana verilən güzəştli qaz qiymətlərinin yenidən nəzərdən keçirilə biləcəyi barədə müxtəlif səviyyələrdə xəbərdarlıq xarakterli bəyanatlar səsləndirib. 2026-cı ildə isə bu siyahıya süd məhsulları da əlavə olunub. Buna cavab olaraq Aİ Ermənistana 52 milyon avroluq dəstək paketi, o cümlədən 18 milyon avro həcmində təcili iqtisadi yardım ayırıb və Ermənistan məhsullarının təxminən 80 faizi üçün Avropa bazarına rüsumsuz çıxış imkanlarını genişləndirib. Mənzərə daha aydın olsun deyə, əsas statistik göstəricilərə nəzər salaq:

Cədvəldəki rəqəmlər təsdiq edir ki, Ermənistanın Avropa İttifaqı ilə siyasi yaxınlaşmasına baxmayaraq, ölkənin iqtisadi sistemi hələ də böyük ölçüdə Rusiya bazarı, onun enerjisi, kapitalı və bu ölkədən daxil olan maliyyə axınları üzərində qurulub. Xarici ticarətin əhəmiyyətli hissəsi, enerji təhlükəsizliyi, pul köçürmələri, strateji infrastruktur və investisiyalar üzrə Rusiyanın dominant mövqeyi davam edir. Bu səbəbdən Moskva iqtisadi təzyiq vasitələrindən istifadə etməklə İrəvanın xarici siyasət kursuna təsir göstərmək imkanını hələ də böyük ölçüdə qoruyub saxlayır. Son illərdə kənd təsərrüfatı məhsulları, ərzaq malları və digər məhsullar üzrə tətbiq olunan məhdudiyyətlər, eləcə də enerji amili göstərir ki, iqtisadi asılılıq Ermənistan üçün təkcə maliyyə məsələsi deyil, həm də ciddi geosiyasi risk mənbəyidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatında Rusiyanın iştirakı postsovet məkanında ən yüksək səviyyələrdən biridir. Rusiya dövləti və Rusiya kapitallı özəl şirkətlər enerji, qaz təchizatı, elektrik paylanması, dəmir yolları, bank sektoru, dağ-mədən sənayesi, telekommunikasiya, elektron ticarət, aviasiya və digər strateji istiqamətlərdə mühüm mövqelərə malik olub və ya uzun illər həmin sahələrə nəzarət edib. Son illərdə Paşinyan hökumətinin bir sıra aktivləri dövlət nəzarətinə qaytarmaq cəhdlərinə baxmayaraq, Rusiya iqtisadi təsir imkanlarını əsasən qoruyub saxlamaqdadır. Ermənistanın qaz sektoru faktiki olaraq Rusiyanın nəzarəti altındadır. "Gazprom Armenia" şirkətinin 100 faizi Rusiyanın "Gazprom" şirkətinə məxsusdur. Şirkət Ermənistan ərazisində qazın idxalı, nəqli, saxlanması, paylanması və satışı üzrə inhisarçı mövqeyə malikdir. "Gazprom Armenia" ölkənin ən iri işəgötürənlərindən biridir. Şirkət indiyədək Ermənistana təxminən 950 milyon ABŞ dolları sərmayə yatırıb və 2030-cu ilədək əlavə 500 milyon dollar investisiya qoymağı planlaşdırdığını açıqlayıb.
Uzun illər Ermənistanın elektrik paylayıcı şəbəkəsi Rusiya kapitallı şirkətin nəzarətində olub. "Electric Networks of Armenia" (ENA) ölkənin yeganə elektrik paylayıcısı kimi fəaliyyət göstərib. Şirkət təxminən bir milyon abonentə xidmət göstərir. Elektrik şəbəkəsinin ümumi uzunluğu 43 min kilometr, transformator və yarımstansiyaların sayı 9 mindən çoxdur. 2016-cı ildən şirkət Paşinyanın əsas rəqibi Samvel Karapetyanın "Tashir Group"una məxsus olub. 2025-ci ildə Ermənistan hökuməti şirkətin milliləşdirilməsi prosesinə başlayıb, 2026-cı ildə isə tam dövlət nəzarətinə keçirilməsi barədə qərar qəbul edib. Ermənistan dəmir yollarına gəldikdə isə bu sektor hələ də Rusiyanın idarəçiliyindədir. Ermənistan dəmir yolları Rusiyanın dövlət şirkəti olan "Rusiya Dəmir Yolları"nın (RJD) törəmə müəssisəsi - "Cənubi Qafqaz Dəmir Yolları" tərəfindən uzunmüddətli konsessiya əsasında idarə olunur. Bu şirkət ölkənin bütün dəmir yolu infrastrukturunun operatorudur. Paşinyan hökuməti son aylarda bu konsessiyanın başqa ölkəyə verilməsi və ya yenidən nəzərdən keçirilməsi barədə təkliflər irəli sürsə də, hazırda idarəçilik Rusiya şirkətində qalır. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası isə sovet dövründə inşa olunub. Nüvə yanacağı Rusiyadan təmin olunur. Stansiyanın modernləşdirilməsi və texniki dəstəyi uzun illər "Rosatom" tərəfindən həyata keçirilib. Ermənistan yeni AES layihəsi üzrə ABŞ, Fransa, Cənubi Koreya və digər ölkələrlə danışıqlar aparsa da, Rusiya bu sahədə əsas oyunçulardan biri olaraq qalır.
- Bəs Rusiyanın bank kapitalı Ermənistan maliyyə sektorunda hansı rol oyanır?
- Rusiyanın bank kapitalı da Ermənistan maliyyə sektorunda mühüm rol oynayır. Ermənistanda ən iri Rusiya bankı "VTB Armenia" ölkənin ən iri banklarından biridir. Həmçinin, korporativ kreditləşmədə mühüm paya malikdir və Rusiya-Ermənistan maliyyə əməliyyatlarında əsas vasitəçilərdən biri hesab olunur. Rusiya kapitallı şirkətlər Ermənistanın ən gəlirli sahələrindən biri olan dağ-mədən sektorunda da geniş iştirak edir. Zəngəzur Mis-Molibden Kombinatı, Ağarak Mis-Molibden Kombinatı uzun illər Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında yer alıblar. 2024-cü ildə Zəngəzur Mis-Molibden Kombinatı ölkənin ən böyük vergi ödəyicisi olub. Son illərdə Rusiyanın rəqəmsal şirkətləri də Ermənistan bazarında sürətlə genişlənib. 2024-cü ildə Wildberries Ermənistanın ən iri vergi ödəyiciləri sırasında 8-ci yeri tutub. Rusiya aviasiya sektoru da Ermənistan bazarında mühüm paya malikdir. "Aeroflot" Ermənistan-Rusiya sərnişin daşımalarında əsas şirkətlərdən biridir və şirkət 2024 və 2025-ci illərdə Ermənistanın iri vergi ödəyiciləri siyahısında yer alıb. 2024-cü ildə Ermənistanın 1000 ən böyük vergi ödəyicisi arasında Rusiya kapitallı əsas şirkətlərin siyahısına nəzər salaq:
- Zəngəzur Mis-Molibden Kombinatı - 1-ci yer;
- Gazprom Armenia - 4-cü yer;
- Wildberries - 8-ci yer;
- Electric Networks of Armenia - 19-cu yer;
- Ağarak Mis-Molibden Kombinatı - 25-ci yer;
- Ermənistan AES - 34-cü yer;
- Transgaz - 52-ci yer;
- VTB Armenia - 54-cü yer;
- Aeroflot - 82-ci yer;
- Cənubi Qafqaz Dəmir Yolları - 157-ci yer.

2025-ci ildə də bu şirkətlərin əhəmiyyətli hissəsi ölkənin ən iri vergi ödəyiciləri sırasında qalıb. Mövcud vəziyyət göstərir ki, Rusiya Ermənistan iqtisadiyyatında təkcə əsas ticarət tərəfdaşı deyil, həm də strateji infrastrukturun və həyati əhəmiyyət daşıyan sektorların uzun illər formalaşmış operatorudur. Qaz təchizatı, qazpaylayıcı şəbəkə, nüvə energetikası, dəmir yolları, dağ-mədən sənayesi, maliyyə sektoru və logistika kimi istiqamətlərdə Rusiyanın iştirakı İrəvana həm iqtisadi, həm də siyasi təsir imkanları yaradır. Paşinyan hökuməti son illərdə bu asılılığı azaltmaq istiqamətində addımlar atsa da, mövcud göstəricilər Rusiyanın Ermənistan iqtisadiyyatındakı mövqeyinin hələ də sistem xarakteri daşıdığını göstərir. Moskva üçün bu iqtisadi iştirak daha çox Cənubi Qafqazda geosiyasi təsir rıçaqlarının mühüm elementidir.
- Hazırkı kurs Ermənistan üçün hansı ssenariləri ortaya qoyur?
- Birincisi, Ermənistan iqtisadi cəhətdən tədricən Avropa bazarlarına uyğunlaşır, Rusiyadan asılılığı azalır və Qərblə inteqrasiyanı davam etdirir. Bu, uzunmüddətli və ağrılı proses olacaq. İkincisi, əgər Rusiya iqtisadi təzyiqləri genişləndirərsə, enerji və logistika sahələrində əlavə məhdudiyyətlər tətbiq edərsə, Ermənistan iqtisadiyyatı ciddi çətinliklərlə üzləşə bilər. Üçüncüsü, Paşinyanın indiki balans siyasətini mümkün qədər uzatmağa çalışmasıdır. Lakin bu strategiyanın da resursları məhduddur. Çünki həm Moskva, həm də Brüssel artıq İrəvandan daha konkret geosiyasi seçim gözləyir.
- Bütün bunları nəzərə alsaq, mövcud proseslər nədən xəbər verir?
- Bütövlükdə hazırkı proseslərin mühüm tərəfi ondan ibarətdir ki, regionda yeni geosiyasi konfiqurasiya formalaşır. Bakının həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət modeli göstərir ki, müxtəlif güc mərkəzləri ilə münasibətləri milli maraqlar əsasında qurmaq mümkündür. Lakin bunun əsas şərti heç bir xarici aktorun geosiyasi layihəsinə çevrilməməkdir. Ermənistan uzun illər təhlükəsizlik modelini tamamilə Rusiyaya bağlamışdı, amma indi sürətlə Qərbə inteqrasiya etməyə çalışır. Bu isə balanslaşdırılmış çoxvektorlu siyasətdən daha çox bir geosiyasi mərkəzdən digərinə keçid görüntüsü yaradır. Əgər İrəvan regionda davamlı sülh, iqtisadi kommunikasiyaların açılması və qonşularla normal münasibətlər qurulmasına üstünlük versəydi, bu, onun iqtisadi təhlükəsizliyi üçün daha dayanıqlı zəmin yarada bilərdi. Əvəzində geosiyasi seçimlərin daxili siyasi alətə çevrilməsi Ermənistanı həm Moskvanın iqtisadi təzyiqləri, həm də Qərbin yüksək gözləntiləri arasında sıxışdırır. Paşinyanın Rusiya ilə Qərb arasında apardığı "ikibaşlı" və ya "balanslaşdırılmış" siyasət qısamüddətli dövrdə manevr imkanı yaratsa da, uzunmüddətli perspektivdə davamlı model təsiri bağışlamır. Böyük güclər arasındakı qarşıdurma dərinləşdikcə, neytral görünməyə çalışan ölkələrin seçim imkanları da daralır. Bu gün Ermənistan məhz belə bir mərhələyə daxil olur. Moskva iqtisadi rıçaqlarla xəbərdarlıq edir, Brüssel isə iqtisadi təşviqlərlə İrəvanı öz orbitinə yaxınlaşdırmağa çalışır. Paşinyan hələlik hər iki istiqamətdə körpüləri qorumağa çalışsa da, geosiyasi reallıq göstərir ki, yaxın illərdə Ermənistanın bu iki kurs arasında daha konkret seçim etməsi qaçılmaz olacaq.