Fransada "Ekoloqlar" partiyasından prezidentliyə namizəd olan Marin Tondelye Prezident Emmanuel Makronun iştirakı ilə keçirilən iclasdan cəmi bir neçə saat sonra övlad dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Fransa partiyalarının liderləri ilə bir araya gəlib. Görüş zamanı Ukrayna və Yaxın Şərqdəki münaqişələr, eləcə də Fransada yanacaq qiymətlərinin rekord səviyyədə bahalaşması məsələləri müzakirə olunub.
Nəşr qeyd edir ki, 40 yaşlı Tondelye iclas başa çatdıqdan bir qədər sonra uşaq dünyaya gətirib. Bu, siyasətçinin ikinci övladıdır, onun yeddi yaşlı bir oğlu da var.
Məqalə müəlliflərinin sözlərinə görə, prezidentliyə namizəd hamilə olmasına baxmayaraq, seçkiqabağı təşviqat kampaniyasını aktiv şəkildə davam etdirib. Hətta doğuş günündə belə o, müsahibə verərək ölkədə yaxın zamanda kütləvi etiraz aksiyalarının başlaya biləcəyini deyib.