Bakıda mənzildə baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 22-də saat 01:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən iki nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərin müalicəsi Yanıq Mərkəzində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakıda mənzildə baş verən partlayışın təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindəki üçotaqlı fərdi yaşayış evində baş verib.
Hadisəyə evin mətbəxində baş vermiş qazsızması səbəb olub. Evdə kirayə yaşayan 2006-cı il təvəllüdlü Məhrəngiz Məmmədova səhər saatlarında mətbəxdə işığı yandırarkən ani partlayış olub. Hadisə nəticəsində qadın və onun həyat yoldaşı 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, S.Rəhimovla M.Məmmədova yeni ailə həyatı qurublarmış. Onlar bir müddət əvvəl həmin evi kirayələyib və orada yaşamağa başlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar.
İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib.
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.