Suraxanı rayonundan çoxsaylı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılan qadının vəziyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, Elmi Cərrahiyyə Mərkəzindən bildirilib ki, sözügedən hadisədə xəsarət alan vətəndaş 18 sentyabr saat 20:30-da Səhiyyə Nazirliyi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yuxarı ətrafların çoxsaylı bıçaq yaraları ilə müraciət edib.
"Ona əvvəl nazirliyin Travmatologiya və Ortopediya İnstitutunda ilkin tibbi yardım göstərilib, yaralar işlənib, tikilib və sarğı qoyulub. Daha sonra Elmi Cərrahiyyə Mərkəzinə göndərilib. Xəstə müayinə olunub, vəziyyətinin qənaətbəxş olduğu nəzərə alınaraq ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Bakının Suraxanı rayonunda anasına çoxsaylı bıçaq zərbələri endirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, bıçaqlanan qadının vəziyyəti orta-stabildir.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Bakının Suraxanı rayonunda 17 yaşlı oğlanın anasını bıçaqladığı iddia edilir.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Ehtimal edilir ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.
Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.