Orxan Tağıyev yazır...
44 günlük Vətən müharibəsi və onun məntiqi davamı olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı tarixi ədalətin haqsızlıq, ədalətsizlik, ikili standartlar, kirli maraqlar, riyakarlıq üzərində qələbəsi idi. Uzun illər işğala, onun fəsadlarına və beynəlxalq ikili standartlara tab gətirən, bütün resursları ilə ədalətsizliyə müqavimət göstərən Azərbaycan hərbi əməliyyatlarla hər şeyə yekun nöqtəni qoydu. Heç kimə möhtac olmadan, öz liderinin iradəsi, xalqının şücaəti və dövlətinin qüdrəti sayəsində hərb tarixinə düşən unikal bir savaşla illərlə qurulan miflər, planlar, təbliğat kampaniyaları darmadağın edildi.
Ancaq bütün bunlardan sonra daha bir unikal hadisə baş verdi: qalib tərəf, Cənubi Qafqazın söz sahibi, qüdrətli Azərbaycan dövləti ordusu və hərbi imkanları məhv edilmiş, küncə sıxışmış, məğlub Ermənistana sülh əlini uzatdı. Azərbaycan tarixi qələbəsini qisas və revanşizm üzərindən qiymətləndirməyərək bütün bəşəriyyətə humanizm örnəyi oldu, qüdrətli dövlətin, xalqın və onun liderinin iradəsinin insanlığa töhfə verdikdə daha da ucaldığını göstərərək bütün dünyanın gözü qarşısında tarixin unikal fenomeninə çevrildi.
Bütün bunlar insanlıq adına möhtəşəm addımlardır... Amma bunun da, necə deyərlər, bir əmması var. Təbii ki, qarşı tərəf, qarşı tərəfin düçar olduğu avantüra, qapıldığı xülyalar və bitməz, tükənməz bir riyakarlıq, bütün bir xalqın şüuruna hopmuş zərərli ideyalar, əsrlərdən bu yana dəyişməyən ikiüzlülük...
Bu gün diplomatik korpusun Qarabağa səfəri ətrafında cərəyan edən hadisələr göstərir ki, erməni faşizmi və ideyaları heç də yer üzərindən silinməyib, sadəcə, öz qınına çəkilib və riyakarlıqla fürsət gözləyir. Ermənistanda nəinki revanşist dairələr, hətta sülh istədiyini hər fürsətdə dilə gətirən hökumətin təmsilçiləri belə hələ də içlərindəki ümidi itirmirlər, onlar saxtakarlıqla qurulmuş tarixlərini hələ də reallıq olaraq görməyə israr edir, Azərbaycanın ərazilərində, torpağımızın bircə qarışında belə söz haqqına sahib olduqlarını düşünə bilirlər... Utanmasan, oynamağa nə var ki...
Bəli, qarşı tərəf utanmır, ümumən bu hissin varlığından belə xəbərdar deyil. Ancaq ləyaqətini itirmiş olmaq, timsah göz yaşları tökmək heç də o demək deyil ki, hər məmə deyənə pəpə verəcəklər...
Məscidləri dağıdan, şəhərləri viran qoyan, azərbaycanlılara məxsus mülklərdə illərlə səfa çəkən, yerli əhalinin, əcdadlarımızın, hətta albanların tarixini saxtalaşdıran ermənilərin Qarabağda, bütünlükdə Azərbaycanın hər hansı bir ərazisində irs davası döyməsi nə qədər gülünc görünür...
Saxta tarixdən yapışıb gələcəyini də məhv etməyə çalışan revanşistlərə, xam xəyallarla böyüyən, bu ruhda "tərbiyə" edilən ermənilərə nə qədər lazımdır, o qədər də xatırlada bilərik ki, siz bu ərazilərin, bu torpaqların yerli əhalisi, sakini deyilsiniz. Haradan, nə zaman, necə və nə üçün bu torpaqlara köçürüldüyünüzü həqiqi tarix kimi, biz də yaxşı bilirik. Bu torpaqlarda "mədəni irs" saya biləcəyiniz bircə şey vardı ki, onu da özünüz, öz əllərinizlə öz riyakar əməlləriniz naminə məhv etmisiniz. Çox yox, internetdə kiçik bir axtarışla bütün bir xalqın inandığı, əsirinə çevrildiyi, uğrunda cinayətlər törətdiyi, hər cür vəhşilik, qətl, quldurluq, terrorla sahib çıxdığı ideyaları məhv etmək mümkündür. Bunun üçün axtarış yerinə "Marağa - 150" yazmağımız kifayət edir.
Söhbət 1978-ci ildə Qarabağ torpağına köçürülməyinizin 150 illiyi münasibətilə "ucaltdığınız" abidədən gedir. O abidə ki, onu öz əllərinizlə həqiqətə kor baxıb, iyrənc əməllərinizə haqq qazandırmaq üçün yerlə bir etmişdiniz. Sizin üçün tarix - mənşəyi bəlli olmayan, arxasında qulluğunda durduğunuz, əlaltısı olduğunuz qüvvələrin dayandığı qondarma tarix - mövcud ola bilər, ancaq bütün dünyanın qəbul etdiyi tarixdə və reallıqlarda sizə Azərbaycan torpağında söz sahibi olmaq, hətta bu fikrə qapılmaq üçün heç bir əsas yoxdur.
Buraya qədər aydındırsa, gəlin indi də keçək Yezid üçün ağlamağa... İnsafən deyək ki, bu günlərdə "irsimiz məhv edilir" deyib ağlayan ermənilərin haqlı olduğu bir məqam var - onlar Qarabağımızda irs, iz qoyublar, ancaq gəlin görək necə:
Ermənilər Xocalıda, Qaradağlıda, Ağdabanda, Başlıbeldə soyqırımı irsini qoyublar, Ağdamda, Füzuli, Cəbrayılda vandalizm, Laçında, Kəlbəcərdə, Şuşada, Zəngilanda, Qubadlıda separatçılıq, vəhşilik, cinayətkarlıq, quldurluq, talançılıq, terrorçuluq, işğal, qəddarlıq, riyakarlıq irsini qoyublar. İrs? İz? Yoxsa dərin yara?
Biz bu torpaqların əsl sahibləri olaraq sizin gətirdiyiniz bütün bəla və müsibətlərin izlərini silməyə var gücümüzlə çalışırıq. Sizin qoyduğunuz, yaratdığınız, uğrunda çalışdığınız, arxasına sığındığınız irs məhz budur və uşaqları qətl edən, qadınlara təcavüz edən, yaşlıların başına müsibətlər gətirən, dinc insanlara işgəncələr verən bu xislət sizin irsinizdir, bəli, biz bu gün bu irsinizi Andronikin, Njdenin, Dronun və pərəştiş etdiyiniz bu cür şərəfsiz qatillərin olduğu cəhənnəmin ən dibinə göndəririk. "İrsinizi" Azərbaycanın əzəli torpaqlarında deyil, həmin cəhənnəmdə axtarsanız, tapa bilərsiniz...
44 günlük savaş təkcə hərb meydanında qazanılmış bir zəfər deyildi. Azərbaycan xalqı bu zəfəri öz şüurunda, xalqının təfəkküründə, zehinlərdə də qazandı. Bəli, biz Qarabağda qisas aldıq, ancaq bu qisas, sadəcə, əliqanlı qatillərdən, torpağımıza göz dikən terrorçulardan alındı. Nə bir uşaq, nə bir qadın, nə də bir yaşlı idi bizim düşmənimiz. Bizim düşmənimiz insanların şüurlarını yuyan, manqurtlara çevirən bir təfəkkürün fiziki forması - əlisilahlı qatillər, terrorçular, cəlladlar idi.
Biz evimizə qayıtdıq, öz evinə qayıdan insan hər zaman onu abadlaşdırmağa, gözəlləşdirməyə meyilli olur. Elə biz də bunu edirik. 1990-cı illərdə əsl sahiblərini silah gücünə qovduğunuz torpaqlarda isə siz bunu etmədiniz, edə də bilməzdiniz. Bu torpaqların əsl sahiblərini xatırladan hər nişanə sizin üçün düşmən idi, bir gün mütləq həqiqətlə hesablaşacağınızı xatırladırdı, bu gün Qarabağda viran qalmış torpaqlarda müşahidə etdiyimiz mənzərə məhz bunun sübutudur.
Yuxarıda qeyd etdiyimiz kimi, bu həqiqətləri unudanlara daim xatırlada bilərik. Daha bir xatırlatma isə heç nəyin unudulmaması ilə bağlıdır. Artıq tarixi saxtalaşdıracaq, zorla unutduracaq, cinayətlərə don geyindirəcək, ədalət arayışımıza əngəl törədəcək, fitnə və böhtanlarınızda arxanızda duracaq nə çar dövrü, nə də sovet rejimi mövcuddur. Odur ki, nə saxta gülüşlərə aldanırıq, nə də saxta vədləri qəbul edirik. İrəvanda bir cür danışıb, Almaniya səfərində "könül almağa" çalışan "varçapet"dən tutmuş ən sıravi erməniyə qədər hər kəs bilməlidir ki, Azərbaycanın bir qarış torpağında belə Azərbaycan xalqından, onun dövlətindən və liderindən başqa, heç kimin heç bir hüququ yoxdur, ola bilməz və olmayacaq da...
Hər şey aydındırsa, daha bir tövsiyəmiz var, Prezident İlham Əliyevin bu sözlərini qulağınıza sırğa edin:
"Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq".
Siz də ayıq olun, bəli, məscidin qapısı açıqdır, amma abır-həya da yaxşı şeydir.