2023-cü ilin sentyabrı Qarabağda illərlə davam edən hərbi-siyasi vəziyyətin dəyişdiyi tarix kimi yadda qaldı. Sentyabrın 19-da Azərbaycanın başladığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə bölgədəki reallığı dəyişdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni silahlı dəstələr silahı yerə qoymağa, döyüş mövqelərindən çıxmağa və tərk-silah olunmağa razılaşdılar.
Amma bu nəticəyə aparan yol sentyabrın 19-da başlamamışdı
Antiterror tədbirlərindən əvvəlki aylarda Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis baxımından təkmilləşdirilməsi və səngər-sığınacaqların sayının artırılması müşahidə olunurdu.
Azərbaycan Müdafiə Nazirliyi bu proseslərlə bağlı dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmiş, silahları yerə qoymağa çağırmışdı. Həmçinin qeyd olunurdu ki, döyüş mövqeləri şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilir, bölmələr yüksək döyüşə hazırolma səviyyəsinə gətirilir, Azərbaycan Ordusuna qarşı kəşfiyyat fəaliyyəti genişləndirilir.
Yəni bölgədə gərginliyin təsadüfən yaranmadığını göstərən kifayət qədər ciddi siqnallar var idi.
Kulminasiya nöqtəsi
Sentyabrın 19-da baş verən hadisələr isə proseslərin kulminasiya nöqtəsi oldu. Həmin hadisələri bir daha xatırlayaq.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı, mülki şəxslər həlak oldular. Həmin gün Daxili Qoşunların hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də minaya düşməsi nəticəsində hərbi qulluqçular şəhid oldu və yaralandı.
Bundan sonra Azərbaycanın verdiyi qərar artıq təkcə növbəti xəbər deyildi. Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı.
Antiterror tədbirləri
Bu tədbirlərin mahiyyəti də aydın ifadə edilmişdi: Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılması, hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksəkdəqiqlikli silahlarla sıradan çıxarıldı.
Hadisələrin gedişi isə çox keçmədən nəticəni göstərdi. Sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyinin və bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini açıqladı. Qarşı tərəfə məxsus hərbi texnika və silah-sursat da ələ keçirildi.
Daha diqqətçəkən məqam isə qarşı tərəfin döyüş mövqelərini tərk etməsi idi. Beləliklə, sentyabrın 19-da başlayan proses ertəsi gün artıq başqa mərhələyə keçmişdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycan ordusu Zəfərini cəmi 23 saat 43 dəqiqəyə əldə etdi.
Razılaşmada nələr vardı?
Razılaşmanın şərtləri isə mahiyyət etibarilə antiterror tədbirlərinin əsas məqsədlərini əks etdirirdi: Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, tam şəkildə tərk-silah olunmalı idi. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, silah-sursat və ağır texnika təhvil verilməli idi.
Bunun ardınca Qarabağdakı separatçı rejimin özünü buraxması barədə qərar gəldi. Separatçıların "prezidenti" Samvel Şahramanyanın imzaladığı "fərman"da bütün qondarma dövlət qurumlarının ləğv edilməsi və "Dağlıq Qarabağ Respublikasının" fəaliyyətinin dayandırılması nəzərdə tutulurdu.
Sənəddə 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatlarının ləğv edilməsi, Qarabağ əhalisinin isə Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olaraq müstəqil və fərdi qərar qəbul etməsi nəzərdə tutulmuşdu.
Zəfərdən-zəfərə
Sentyabrın 19-da başlayan antiterror tədbirlərinin nəticəsini yalnız hərbi əməliyyatın başa çatması ilə məhdudlaşdırmaq çətindir. Bir neçə gün ərzində baş verənlər Qarabağdakı hərbi-siyasi mənzərəni dəyişdi. Silahlar yerə qoyuldu, qeyri-qanuni silahlı dəstələrin buraxılması barədə razılaşma əldə edildi və separatçı rejim fəaliyyətini dayandırmaq qərarı verdi.
2023-cü ilin sentyabrı məhz bu baxımdan Azərbaycan tarixinin mühüm səhifələrindən birinə çevrildi. Çünki həmin günlərdə illərlə davam edən qarşıdurmanın Qarabağdakı hərbi mərhələsi Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi ilə yeni mərhələyə keçdi.
Beləliklə, 2020-ci ildə Vətən müharibəsindəki tarixi Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Birinci mərhələ işğal altındakı torpaqların azad edilməsini, ikinci mərhələ isə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və Konstitusiyasının bərqərar olmasını təmin etdi.