"1990-cı illərin əvvəlində Azərbaycana qarşı başlanmış işğal prosesi uzun illər ərzində erməni ictimai-siyasi düşüncəsində formalaşdırılmış miflərə, ərazi iddialarına və işğalçılıq siyasətinə söykənirdi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı XX əsrin 90-cı illərinin əvvəllərində başladığı müharibə iki suveren dövlət arasında baş verən beynəlxalq xarakterli silahlı münaqişə idi:

"1990-cı illərin əvvəlində Azərbaycana qarşı başlanmış işğal prosesi uzun illər ərzində erməni ictimai-siyasi düşüncəsində formalaşdırılmış miflərə, ərazi iddialarına və işğalçılıq siyasətinə söykənirdi. Lakin Ermənistanın Azərbaycanın ərazilərini təkbaşına işğal etməsi mümkün deyildi. Azərbaycan xalqı öz torpaqlarını qorumaq üçün qəhrəmancasına mübarizə aparırdı. Buna baxmayaraq, həmin dövrdə ölkə daxilində hökm sürən siyasi hərc-mərclik, hakimiyyət uğrunda mübarizə və Ermənistanın xaricdən aldığı hərbi-siyasi dəstək Azərbaycanın müdafiə imkanlarını ciddi şəkildə zəiflətdi.
O dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və dövlətçilik maraqlarına zidd qərarları vəziyyəti daha da ağırlaşdırdı. Cəbhə bölgələrindəki hərbi texnikanın Bakıya çağırılması nəticəsində Azərbaycanın bir sıra əraziləri müdafiəsiz vəziyyətdə qaldı. Bu isə düşmən qarşısında ciddi boşluq yaratdı və yeni işğallar, kütləvi qətliamlar və insanlıq faciələri üçün zəmin formalaşdırdı.
Xocalı faciəsi də məhz həmin ağır dövrün ən dəhşətli səhifələrindən biri oldu. 366-cı motoatıcı alayın iştirakı və hərbi dəstəyi ilə törədilən qətliam nəticəsində yüzlərlə dinc azərbaycanlı qətlə yetirildi, yaralandı və əsir götürüldü. Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərdən biri kimi yaddaşımıza həkk olundu".
Deputatın sözlərinə görə, Azərbaycan hakimiyyətindəki xaosdan və ölkənin zəifliyindən istifadə edən Ermənistan silahlı qüvvələri xarici hərbi-siyasi dəstəyin köməyi ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən beşdəbirini işğal etdi:

"Nəticədə 700 yüz mindən çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu. Azərbaycan dövləti işğal faktını beynəlxalq gündəmə çıxardı və BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsinə nail oldu.
Lakin bu qətnamələrin uzun illər ərzində icrasız qalması beynəlxalq hüququn tətbiqində ciddi ikili standartların mövcudluğunu nümayiş etdirdi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da uzun illər ərzində problemin həllinə gətirib çıxarmadı. Əksinə, Minsk qrupu formalaşmış status-kvonu dəyişməz saxlamaq və Azərbaycan xalqını işğal faktı ilə barışdırmağa çalışdı. Həm də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma və heç bir beynəlxalq legitimliyə malik olmayan separatçı qurum yaradıldı və illərlə müxtəlif xarici dairələrin siyasi, maliyyə və digər dəstəyi ilə yaşadıldı. Azərbaycan xalqı isə bu ədalətsizliklə barışmadı".
A.Badamov əlavə edib ki, Azərbaycan dövləti düşünülmüş və ardıcıl siyasət nəticəsində siyasi, iqtisadi və hərbi baxımdan gücləndi:

"Ölkənin müdafiə qabiliyyəti artırıldı, beynəlxalq mövqeləri möhkəmləndirildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan bütün beynəlxalq platformalarda öz haqlı mövqeyini müdafiə etdi və işğal faktının aradan qaldırılması üçün siyasi, diplomatik və hüquqi əsasları ardıcıl şəkildə möhkəmləndirdi.
Nəhayət, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açdı. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini döyüş meydanında azad etdi və üç rayonumuzun döyüşsüz boşaldılması ilə bağlı Ermənistanı yeni reallıqla üz-üzə qoydu. Bu, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Uzun illər ərzində Ermənistanın məğlubedilməz ordu obrazı üzərində qurduğu mif dağıdıldı. İşğalın dəyişməz status-kvo kimi təqdim olunması siyasəti iflasa uğradı. Azərbaycan hərbi-siyasi gücünü ortaya qoyaraq bölgədə yeni reallıq yaratdı.
19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa edildi. Bununla Azərbaycan ərazisində uzun illər mövcud olmuş qanunsuz silahlı separatçı strukturun fəaliyyətinə son qoyuldu və dövlətin suveren yurisdiksiyası bütün ərazi üzərində təmin edildi".
Parlamentari vurğulayıb ki, Azərbaycan-Ermənistan münaqişəsi yalnız iki ölkə arasında baş vermiş qarşıdurma deyildi:

"Bu, uzun illər ərzində xarici hərbi-siyasi dəstəkdən bəhrələnən Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş mürəkkəb beynəlxalq münaqişə idi. Azərbaycan xalqı və Azərbaycan dövləti bu münaqişəyə öz gücü, iradəsi və dövlətçilik əzmi ilə son qoydu. Azərbaycan Ordusu illərlə icrasız qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələb etdiyi ərazi bütövlüyü prinsipinin faktiki olaraq bərpasını təmin etdi.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə regionda yeni siyasi reallıq yaratdı. Bu gün Qarabağ və Şərqi Zəngəzura müxtəlif ölkələrin diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların və xarici media nümayəndələrinin səfərləri Azərbaycanın həmin ərazilərdə faktiki suverenliyinin və dövlət nəzarətinin bərpa edildiyini və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini nümayiş etdirir.
Təəssüf ki, bəzi xarici siyasi dairələr hələ də separatçı ideologiyanı və Azərbaycanın ərazi bütövlüyünə zidd mövqeləri müdafiə etməyə çalışırlar. Lakin bu cəhdlərin Azərbaycanın dövlət siyasətini dəyişdirəcəyini düşünmək mümkün deyil. Azərbaycan dövləti öz ərazisində suverenliyini bərpa edib. Biz beynəlxalq hüququn əsas prinsiplərindən, dövlətlərin ərazi bütövlüyü və suverenliyi normalarından kənara çıxmırıq. Biz öz sərhədlərimiz daxilində müstəqil, güclü və suveren Azərbaycan qurmuşuq və bu dövlətçiliyi əbədi olaraq qorumaq əzmindəyik.
Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil. Azərbaycanın suverenliyi müzakirə predmeti deyil. Azərbaycan öz ərazisində öz dövlət qanunlarını tətbiq edir və bundan sonra da edəcək.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, suverenliyini bərpa etmiş və regionda yeni reallıq yaratmış dövlətdir. Bu reallıq artıq tarixə çevrilib və onu dəyişdirmək cəhdləri nəticəsiz qalacaq".