Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında mühüm açıqlamalar verib. Onun sözlərinə görə Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə olunan məsələlər çərçivəsində Türkiyə bu işin hərbi-dəniz hissəsinə rəhbərlik etməyə razılıq verib:
"Hazırda mümkün sülh müqaviləsinin ən vacib cəhətlərindən biri - Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunur. Həmin zəmanətlər quru, dəniz və hava elementlərini əhatə edir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələ ilə bağlı müttəfiqlərlə aramızda qarşılıqlı anlaşma mövcuddur. Müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə bu istiqamətdə planlı işlər aparılır".
Bəs, Türkiyənin Ukraynanın təhlükəsizlik zəmanətlərinin dəniz komponentinə rəhbərlik etməsi nə deməkdir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran ehtiyatda olan türkiyəli polkovnik, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nəzdində hərbi gəmilərin və silahların istehsalı ilə məşğul olan texnologiya mühəndisi Serdar Cin bildirib ki, Qara dənizdə ən uzun sahil xəttinə malik ölkələr Türkiyə və Rusiyadır:

"Ankara Qara dənizdə müasir sualtı qayıqlara və inkişaf etmiş suüstü hərbi gəmilərə malikdir. Boğazlara nəzarət də Türkiyənin əlindədir. Bu baxımdan Ukraynanın dənizdən təhlükəsizliyinə təminat verə biləcək yeganə dövlət Türkiyə hesab olunur. Rusiya Rumıniya və Bolqarıstanın mövqeyini nəzərə almır. Gürcüstan isə daha əvvəl Rusiya tərəfindən hərbi hücuma məruz qalıb".
- Türkiyə bu çərçivədə hansı konkret vəzifə və məsuliyyətləri üzərinə götürə bilər?
- Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələrini yeni gəmilər inşa etməklə dəstəkləyə bilər. Hazırda Ukrayna Türkiyədə iki gəmi ərsəyə gətirir. Bundan əlavə, Ukraynaya gedən ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması da Türkiyə tərəfindən təmin olunacaq.
- Bu addım Türkiyənin Rusiya və Ukrayna ilə münasibətlərinə necə təsir göstərə bilər?
- Türkiyə sülhün tərəfdarıdır və hər iki ölkə ilə əlaqələrini davam etdirir. Ankara balansı qorumağa və sülhün təmin olunmasına çalışır. Rusiya Krımı geri qaytarmaq niyyətində deyil və Azov dənizində Rusiya donanması yerləşir. Ukrayna isə itirdiyi vilayətləri geri almaq istəyir, lakin bunun artıq çox gec olduğu düşünülür. Türkiyə Qara dənizin idarə olunmasında yalnız sahilyanı dövlətlərin söz sahibi olmasını istəyir. ABŞ və Avropa ölkələri isə Qara dənizdə daha fəal rol almağa çalışırlar. Münasibətlər də məhz bu tarazlıq üzərində formalaşır.
- Türkiyənin bu prosesdə üzərinə götürəcəyi rol Qara dənizdə təhlükəsizlik balansını necə dəyişə bilər?
- Əgər Türkiyə Qara dənizdə dəniz təhlükəsizliyi balansını qoruya bilməsə, bölgədə münaqişə riski artar və dəniz ticarəti zərər görə bilər. Rusiya neft, taxıl və dəmir-polad məhsulları ixrac edir, Ukrayna isə taxıl ixracını davam etdirməyə çalışır. Hər iki ölkə eyni zamanda müharibə aparan tərəflərdir. ABŞ isə göstərdiyi hərbi yardım müqabilində Ukraynadan güzəştli şərtlərlə faydalı qazıntılar əldə etməyə çalışır. Rusiyanın qarşısında Türkiyə ilə birlikdə Rumıniya, Bolqarıstan, Ukrayna və Gürcüstanın mümkün əməkdaşlıq platformasının formalaşması Moskva tərəfindən qətiyyən arzuolunan hesab edilməyəcək.
- Ankaranın rolu uzunmüddətli perspektivdə regional təhlükəsizlik baxımından nə ifadə edir?
- Türkiyə bölgədə balans yaradan əsas aktor olmaq və Qara dənizin qapalı dəniz statusunu qorumaq istəyir. Rusiyanın enerji və ticarət marşrutlarının mühüm hissəsi Türkiyə üzərindən keçir. Digər tərəfdən NATO və ABŞ Türkiyə və boğazlardan istifadə etməklə Rusiyaya nəzarət imkanlarını artırmağa çalışırlar. Uzunmüddətli perspektivdə bu proses Türkiyənin geostrateji mövqeyini daha da gücləndirə və onu Qara dənizin ən təsirli dövlətinə çevirə bilər. NATO-nun şərq cinahında yerləşən Türkiyə inkişaf edən müdafiə sənayesi və hərbi potensialı sayəsində regional mərkəz gücə çevrilmək istiqamətində irəliləyir. Bu səbəbdən də onun məsuliyyəti və regional rolu ildən-ilə artır.