Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən və hadisə yerindən qaçan MMA idmançısı Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Elmar Cəfərov 2015-ci ildə Antalyada kempo üzrə dünya çempionu, 2018-ci ildə isə Bakıda budo üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, hadisədən sonra Elmar Cəfərovla birlikdə "Sabunçu Emin" kimi tanınan şəxs də hadisə yerindən qaçaraq gizlənib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı ümumilikdə doqquz nəfər saxlanılıb.
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır. Onun özünün də bıçaqla yaralandığı deyilir.
Həmçinin, hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir. Bundan başqa, bir neçə şəxsin də yumruq-təpik, küt alət zərbələri aldıqları qeyd olunur.
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Oxu.Az hadisənin iştirakçısı olan və hazırda polis tərəfindən saxlanılan şəxslərdən bəzilərinin adlarını və fotolarını təqdim edir:
Fotoda Əhməd Əlizadə

Fotoda Əhmədin dostu Kamran

Fotoda Əhmədin dostu Həsən

Fotoda Əhmədin dostu Elvin

Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.
Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.
Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.
Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.
Samir Əli
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan qətlin törədildiyi hadisə ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər.
Daha sonra mübahisə kafenin zalında davam edib və qətl hadisəsi törədilib.
Hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edirik:
Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhun Mirağayevə bıçaq zərbəsi endirən şəxsin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu iddia edilir.
Oxu.Az-ın məlumatına görə, bundan əvvəl də Əhməd Əlizadənin adı cinayət hadisələrində hallanıb.
Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.
Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb.

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fotoda deputat Arzuxan Əlizadə

Fotoda hakim Orxan Əlizadə

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.
Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
Samir Əli
Xətai rayonu, Əhmədli qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən mübahisə ilə bağlı polis hərəkətə keçib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.
Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, "Ceyhun Sabunçu" kimi tanınır.

Xatırladaq ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Oktyabrın 23-də gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.
Bakıda kafelərdən birində kütləvi dava baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.
Yekunda bir nəfər həyatını itirib.
Hadisənin görüntülərini təqdim edirik: