"2020-ci il Vətən müharibəsi başlayandan bir gün sonra Tərtər rayonuna ezam olunduq. Özümüzlə mobil hospital da götürdük. Mobil hospital adi vəziyyətdə iki günə qurulmalı idi, amma biz həmin hospitalı 8 saata yaratdıq".
Bunu Vətən müharibəsində qəhrəman oğullarımıza tibbi yardım göstərən, Fövqəladə Hallar Nazirliyinin tibb xidməti mayoru, hərbi həkim Nizami İsmayılov Oxu.Az-a videomüsahibəsində deyib.
O bildirib ki, 44 günlük müharibə zamanı hamı yumruq kimi birləşmişdi:
"Bizə hərbçilərimizdən başqa, kənd camaatı da yardım edirdi. Bizim çətinliyimiz yox idi. 44 günlük müharibədə dünya hərb tarixində olmayan qəhrəmanlıqları Azərbaycan əsgərləri yazdı. Qəhrəman oğullarımız uzun illər yaradılmış "Ohanyan səddi" mifini qırdı. Hərbçilərimiz də, biz də hətta istirahət saatlarından imtina edib fasiləsiz fəaliyyət göstərir, yaralılara yardım etməkdən qürur duyurduq.
Həkimlər də, feldşerlər də istirahətdən imtina edirdilər. Hətta sanitar sürücülərimizi istirahət etməyə məcbur edirdik, amma onlar bu təklifdən imtina edib yaralıları fasiləsiz daşıyırdılar. Şükür Allaha ki, qələbə də bizim oldu".
Hərbi həkim müharibə dövründə qarşılaşdıqları çətinliklərdən, yaralılara tibbi xidmət göstərilməsindən, onların daşınması zamanı fasiləsiz fəaliyyətlərindən, üzləşdikləri problemlərdən və digər hadisələrdən də danışıb.
Videomüsahibəni təqdim edirik: