Azərbaycandan xaricdə yaşayan çoxsaylı soydaşlarımız var. Onların hər birinin yaşadıqları ölkədə Azərbaycanı təmsil etmələri təqdirəlayiq addımdır. Lakin, bu dəfə sizə haqqında danışacağımız şəxs kifayət qədər ciddi bir addım atıb.
Həmvətənimiz Günel Rallis ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volza ştatda Azərbaycan Gününün elan edilməsi ilə bağlı müraciət ünvanlayıb.
Bu fikrin necə və hansı şəkildə yarandığını, buna necə nail olduğunu isə elə Günel Rallisin öz dilindən eşidək.
Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı Günel Rallis bildirib ki, bu barədə yaşadığı ştatın qubernatoruna yanvar ayının ortalarında müraciət edib:
“Müraciətimdə ilk olaraq Xocalı faciəsi, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırım barədə məqamları yazmışdım. Xahiş etdim ki, 2021-ci il fevral ayının 26-sını Xocalı faciəsinin ildönümünü təqvimə salsınlar. Bu müraciətimə iki həftədən sonra cavab gəldi ki, bu, iki ölkə arasındakı münaqişə olduğundan buna müdaxilə etməyi doğru bilmirlər.
Amma mən bu cavabdan sonra mövzunu yarımçıq qoymadım. Danışıqlar apardım və təklif etdim ki, o zaman fevralın 26-sını “Xocalı soyqırımı” günü kimi yox, “Azərbaycan Günü” kimi qeyd olunsun. Danışıqlardan sonra nəhayət ki, müraciətim nəzərə alındı və ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü kimi qeyd olunması ilə bağlı bəyanat imzaladı. Bəyanatın məğzində Azərbaycan xalqının Xocalı soyqırımının qurbanı olduğu ilə bağlı məqam və ölkəmizin önəmli tarixləri barədə də məlumatlar qeyd olunub”.
Təkbaşına Günel Rallis bütün bu mövzularda ştat rəhbərliyi ilə danışıqlar aparmaqla Minnesota ştatı tarixində bir ilkə imza atıb.
O bildirir ki, bu məsələdə istəyinə nail olacağına inanmayanlar da olmuşdu:
“Çətin oldu, lakin mən bunu bacardım. Artıq Minnesota ştatında Azərbaycan Günü qeyd olunacaq. Bununla yanaşı ştatın ən böyük şəhəri olan Minneapolisin merinə də müraciət etmişəm. Onlarla da danışıqlar aparılacaq, ümid edirəm ki, buna da nail olacam”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib ki, komitə Xocalı soyqrımının il dönümü ilə bağlı xarici ölkələrdə müxtəlif istiqamətlərdə tədbirlər təşkil edir:
“Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında fevralın 26-nın “Azərbaycan Günü” elan edilməsi də bu tədbirlərin nəticəsidir. Bu cür nəticələrin əldə olunması Azərbaycan Diaspor təşkilatlarını ilə yanaşı müxtəlif soydaşlarımızın fəallığının nəticəsidir. Soyqırımın il dönümü yaxınlaşdıqca biz, bu cür addımların artdığının şahidi olacağıq”.
Komitə rəsmisi qeyd edib ki, müharibə hərb cəbhəsində bitsə də informasiya cəbhəsində mübarizə hələ də davam edir:
“Azərbaycanlıların mübarizəsi davam edir. Bu istiqamətdə xaricdə yaşayan azərbaycanlılar həm Qarabağla bağlı həqiqətlərin, həm də Xocalı soyqırımının il dönümündə baş verən dəhşətli faktların dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərirlər. İkinci tərəfdən ABŞ-ın Minnesota ştatında Azərbaycanla bağlı belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, xaricdə yaşayan soydaşlarımızı həmin ölkələrə daha yaxşı inteqrasiya edə biliblər”.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.
ABŞ ştatında Azərbaycan Günü necə təsis olundu? - Günel Rallisdən AÇIQLAMA + FOTO/VİDEO
Könül Cəfərli