Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müharibə əlillərinin müalicə aldığı ən böyük reabilitasiya mərkəzindən FOTOREPORTAJ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatında mediatur təşkil edilib.
KİV nümayəndələri pansionatda Vətən müharibəsi qazilərinə, həmçinin ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar.
Qeyd edək ki, 2021-ci ilin 25 fevralında dövlət başçısının iştirakı ilə Şağan Reabilitasiya Pansionatının açılışı olub.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin reabilitasiya xidmətləri ilə təminatında xüsusi önəm kəsb edir.
Bu mərkəz Azərbaycanda ən böyük reabilitasiya müəssisəsidir.
Pansionat 128 palatadan ibarət olmaqla, 250 çarpayılıqdır. İldə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir.
Burada qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir.
Jurnalistlərə postmüharibə dövründə qazilərimizlə bağlı aparılan dəstək işləri barədə məlumat verilib.
Qeyd olunub ki, həmin dövrdə 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış hərbçilərin mühərrikli əlil arabası təminatına başlanıb.
16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb.
2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib və istifadəyə verilib.
Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi işləri barədə də KİV təmsilçilərinə məlumatlar verilib.
İlhamə Əbülfət
FOTO: Ramil Yunus
Rəylər