24 
Sen
2021
18:54
47
779
18146
Virtual karabakh

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb - YENİLƏNİB + FOTO

24 Sen, 2021
18:54
18146

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Bildirilib ki, hava şəraitilə bağlı sabah prokurorluğun iştirakı ilə onların cəsədləri ərazidən çıxarılacaq.

11:04

İtkin düşən Daşkəsən rayonunun sakinləri - Ülfət Rüstəmov və Qismət Bayramovun atının minaya düşdüyü məlum olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları (ANAMA) və polislər cəlb olunub:

“Göygöldə minalanmış ərazidə atın sümükləri, uşaqlardan birinin gödəkçəsi və birinin çəkməsi aşkarlanıb. Axtarışlar davam etdirilir”.

10:20

İyul ayında itkin düşən Daşkəsən rayon sakinləri - Qismət Bayramov və Ülfət Rüstəmovun qohumları onların axtarışından narazıdırlar.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, artıq üç ay olacaq ki, onlar itkin düşüblər:

“İyulun 29-dan itkindirlər. Axırıncı dəfə onları iki dayçanın dalınca Kəlbəcər tərəfə gedəndə görüblər. Hər ikisinin atası fermerlərə çobanlıq edir. Elə uşaqlar da atalarına kömək edirmiş. Üç aydır ki, onların axtarışı barədə heç bir məlumat verilmir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, iyul ayının 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir:

“Həmin şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir.

Onların dumanlı hava şəraitində yolu azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçdikləri ehtimal olunur. Axtarış aparılan ərazilər minalanmış sahələrdir ki, bu da işlərin həyata keçirilməsində ləngimələrə səbəb olur”.

E.Qasımov qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün axtarışlara Müdafiə Nazirliyinin də əməkdaşları cəlb olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri