Okt
2021
15:56
339
14
4070
Virtual karabakh

Türkiyəli nazir müavini: “Vətən müharibəsinə aid film çəkilməsi üçün danışıqlar gedir” - MÜSAHİBƏ + EKSKLÜZİV

Bu gün Qarabağda əsas məsələ ərazinin yenidən əvvəlki halına gətirilməsidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu istiqamətdə də özünü göstərəcək.

Oxu.Az Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın eksklüziv müsahibəsini təqdim edir:

- Bu gün Qarabağda sürətlə yenidənqurma işləri görülür. Qardaş Türkiyənin bu layihələrdəki rolu barədə nə deyə bilərsiniz?

- Bu gün ən önəmli məsələ Qarabağda yenidənqurma işlərinin görülməsidir. Əsas məsələ memarlıq məsələlərinin düzgün təşkil edilməsidir. İki ölkə arasındakı münasibətlər bu istiqamətə yönəlib. Qeyd edim ki, turizm sektoru yalnız gəzinti demək deyil. Turizm olmadan incəsənət, ticarət anlayışları da olmur.

- Bu gün Qarabağda yol infrastrukturunun qurulmasında Türkiyənin inşaat sektorundan olan şirkətlərlə ortaq çalışmalar aparılır. Qarabağda dağıdılan tarixi abidələrin bərpası məsələsində də türkiyəli memarlarla ortaq çalışmalar gözlənilirmi?

- Təəssüf ki, Qarabağda tarixi abidələr dağıntılara məruz qalıb. Lakin bu mövzuda önəmli məsələ tarixi abidələrin əsasının, təməlinin qorunmasıdır. Bu mövzuda yanlış fikirlər söyləyib, yanlış yönləndirmək istəməm. Düşünürəm ki, bu istiqamətdə yerli memarlar tərəfindən ən uyğun addımlar atılacaqdır.

- Türkiyə ilə Azərbaycan mədəniyyətləri arasında sıx bağlar var. Bu bağların daha da dərinləşdirilməsi istiqamətində gələcəkdə hansı tədbirlər nəzərdə tutulur?

- Biz mədəniyyəti film üzərində layihələndirməyə önəm veririk. İnsanlar televizora və filmlərə böyük maraq göstərir. Məhz bu səbəbdən mədəniyyətin, turizm sahəsində yeniliklərin ssenariləşdirilməsi və televiziya layihəsi kimi cəmiyyətə təqdim edilməsi vacibdir. Bu gələcəkdə tələb-təklif məsələsində də önəmlidir. Film sektoru yalnız əyləncə kimi qiymətləndirilməməlidir. Bu qısa zamanda böyük auditoriyaya çıxış deməkdir. Film sektorunda Türkiyə digər ölkələrlə müqayisədə kifayət qədər irəli pillələrdə yer alır. Bu o deməkdir ki, tanıtım üçün düzgün yol seçilib.

Kino çox güclü silahdır. Biz bu sahədə Özbəkistan, Türkmənistan və Azərbaycan arasında teatr və kino sahəsində ortaq layihələr həyata keçirməyə çalışırıq.

- Türkiyədə müharibəyə, tarixə həsr edilən kifayət qədər gözəl filmlər, seriallar çəkilir. Gələcəkdə qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilən filmin çəkilməsi planlaşdırılırmı?

- Azərbaycan tərəfindən Vətən müharibəsindən bəhs edən televiziya layihəsi ilə bağlı bizimlə birgə axtarışlar, müzakirələr aparılır. İki ölkənin aidiyyəti qurumları arasında bu mövzuda danışıqlar var. Lakin hələ bununla bağlı ictimaiyyətə məlumat vermək çox tezdir. Zamanı gəldiyində bununla bağlı açıqlamalar veriləcək. Xüsusilə, qarşıdan 12 dekabr tarixində burada film festivalının keçirilməsi nəzərdə tutulur. Burada məqsəd Türkiyə və Azərbaycanda film sektorunda çalışan peşəkarların, aktyor və rejissorların qarşılıqlı əlaqələrinin daim sıx saxlanılmasıdır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri