27 
Dek
2022
17:03
160
71
10948
Virtual karabakh

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilərlər? - FOTO

27 Dek, 2022
17:03
10948

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilərlər? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ər və ya arvaddan birinə məxsus olan avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı suallara aydınlıq gətirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nikah haqqında şəhadətnamə ilə ər-arvadın eyni avtomobili idarə etməsinə qanunla icazə verilmir:

“Son günlər bir sıra ekspertlərin mövzu ilə bağlı çıxışları bu məsələdə fikir ayrılığı yaradıb. Qanun isə bu məsələdə kifayət qədər başadüşüləndir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Burada “qarşılıqlı razılıq əsasında” ifadəsi göstərir ki, razılıq sənədlə sübuta yetirilməlidir.

Avtomobil rəsmi qeydiyyata alınan bir mülkdür və onu idarə etmək Yol Hərəkəti haqqında Qanun və İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən tənzimlənir. İXM-in 332-ci maddəsində sahiblik hüququna aydınlıq gətirilib. Konkret anlayışlarla müəyyən edilib. Lazım bilinsəydi, həmin punkta nikah şəhadətnaməsi də əlavə oluna bilərdi. Konstitusiya Məhkəməsinin “ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə həyata keçirir” şərhinə gəlincə, buradakı “güman” sözü göstərir ki, konkretlik yoxdur. Yəni mübahisələndirilsə, sonda məhkəmənin məsələyə hansı qiyməti verəcəyi sual yaradır.

A.Əsgərli bildirib ki, əvvəlcə avtomobil rəsmi qeydiyyata alınır, daha sonra isə avtomobili idarə edənlərin konkret dairəsi və onların idarəetmə zamanı məsuliyyətləri müəyyən edilir:

“Bu qədər dərin mülki mübahisələr yaradan və məhkəmə mübahisəsi ilə bitə biləcək vəziyyəti yol polisi əməkdaşı yerindəcə necə müəyyən edə bilər?

1. Yol polisi haradan bilməlidir ki, şəxslərin arasında nikah müqaviləsi var, ya yoxdur?

2. Yaxud bəlkə, avtomobil hədiyyə, mükafat, uduş fondu hesabına əldə olunub? Bu birgə əmlak deyil.

Siyahını onlarla belə mübahisəli məqamlarla uzada bilərik.

Mübahisələrin olmaması üçün ya İXM-in 332-ci maddəsinə “nikah şəhadətnaməsi” sözləri əlavə edilməklə dəyişiklik olunmalı və ya avtomobil idarə etməyə verilərkən, qanunda göstərildiyi kimi, qarşılıqlı razılıq sözlə yox, notarial formada rəsmiləşdirilməlidir.

Bütün bunları nəzərə alıb DYP əməkdaşları ilə yolda məhkəmənin qərar qəbul edəcəyi məsələ ilə bağlı mübahisə yaratmamağı tövsiyə edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri