Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlikdən şəhid ailələri, veteranlar üçün Çağrı Mərkəzi: 2000 zəng, 7000 proaktiv əlaqə - REPORTAJ + FOTO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109” qısa nömrəli Çağrı Mərkəzinə gün ərzində xeyli zəng daxil olur.
Oxu.Az xəbər verir ki, bu ilin aprelin 1-dən istifadəyə verilən “9109” Çağrı Mərkəzinin 24 nəfərdən ibarət operator heyəti gələn zəngləri qəbul edərək cavablandırır, zərurət olduqda aidiyyəti üzrə müvafiq qurumlara yönləndirir.
Çağrı Mərkəzinin əməkdaşı Cəmil Abbasov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular və şəhid ailələrinin üzvləri üçün psixoloji yardımla bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyi zəruri tədbirlər həyata keçirir:
“Belə ki, sözügedən əhali qrupuna vaxtında, keyfiyyətli, operativ və əlaqəli şəkildə psixoloji yardım göstərilməsi məqsədilə Çağrı Mərkəzi yaradılıb. Apreldən fəaliyyətə başlayan mərkəz 7/24 rejimində müraciətləri qəbul edir. Bundan əlavə, “9109” qısa nömrəli Çağrı Mərkəzində müharibə veteranları və şəhid ailələrinin üzvlərinə proaktiv xidmətlərin göstərilməsi təşkil olunur. Proaktiv xidmət zamanı Çağrı Mərkəzinin əməkdaşları tərəfindən müharibə veteranları və şəhid ailələrinin üzvləri ilə əlaqə saxlanılaraq, psixoloji yardım və tibbi reabilitasiya xidmətləri haqqında məlumatlar verilir. Həmçinin, proaktiv xidmətlər barəsində sorğular aparılır. Zəruri hallarda müraciətlər qeydə alınaraq istiqaməti üzrə yönləndirilir”.
Çağrı Mərkəzinin əməkdaşı həmçinin əlavə edib ki, müraciətlərin operativ həlli məqsədilə psixoloji yardım və tibbi reabilitasiya üzrə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş Vahid Nəzarət Platforması (VNP) formalaşdırılıb:
“VNP-nin başlıca funksiyası Çağrı Mərkəzinə daxil olan müraciətləri, eləcə də proaktiv xidmət zamanı qeydə alınan müraciətləri platforma üzərindən elektron formada istiqaməti üzrə yönləndirməkdir. Digər qurumların səlahiyyətlərinə aid müraciətlər Vahid Nəzarət Platforması üzərindən onların koordinatorlarına yönləndirilir. Bu da müraciətlərin real vaxt rejimində yönləndirilməsinə və operativ baxılmasına imkan yaradır.
Çağrı Mərkəzi həmçinin koordinasiya mərkəzi funksiyasını daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, eləcə də “YAŞAT” Fondunun nəzdində əlaqələndiricilər ayrılıblar. Platforma üzərindən müraciətlər onlayn yönləndirilərək əlaqələndirilir”.
Gün ərzində zəng qəbulu ilə vaxt və say məhdudiyyəti yoxdur. Bu günə kimi Çağrı Mərkəzinə 2 000-ə yaxın müraciət daxil olub, 7 000-ə yaxın şəxslə proaktiv qaydada əlaqə saxlanılıb.
Mərkəzin baş mütəxəssisi Bəhruz Məmmədzadə qeyd edib ki, əsas məqsədlərdən biri veteranlara və şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərməkdir:
“Özüm 22 il Azərbaycan Ordusunda xüsusi təyinatlı kimi xidmət etmişəm və 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Şuşa əməliyyatı zamanı yaralanıb, ehtiyata buraxılmışam. Hazırda Səhiyyə Nazirliyinin Çağrı Mərkəzində baş mütəxəssis kimi fəaliyyət göstərirəm.
Biz veteranları daha yaxşı başa düşürük, onlarla görüşürük, söhbətləşirik. Müəyyən problemlər olanda mən onları daha yaxşı anlayıram, çünki mən özüm də veteranam. Çalışıram ki, problemin düzgün qaydada, qanun çərçivəsində həllinə istiqamət verək”.
Mərkəzin digər mütəxəssisi Vahab Nəhmətov da Vətən müharibəsi veteranıdır və 22 il Azərbaycan Ordusunun xüsusi təyinatlılar sırasında xidmət edib.
Aprel döyüşlərində də iştirak edən V.Nəhmətov 44 günlük Vətən müharibəsində Şuşanın azad olunması zamanı yaralanıb:
“İş prosesimizdə veteranlar və şəhid ailələrinə xidmət göstəririk. Gələn zəngləri nəzarətdə saxlayırıq. Günün sonuna qədər operatorların yönləndirdikləri müraciətlər dəqiqləşdirilir. Ən çox müraciət veteranlar və şəhid ailələrinə psixoloji dəstəklə bağlıdır. Onların əsas ehtiyacı canlı ünsiyyət və başa düşülməkdir. Çalışırıq ki, telefon üzərindən olsa da, onlara maksimal dərəcədə dəstək olaq və düzgün istiqamət verək. Müharibədən sonra psixoloji yardıma ehtiyac mütləqdir”.
Qeyd edək ki, müraciətlər qəbul olunduqdan sonra növbəlilik və təcililik prinsipləri əsasında tibb müəssisələri və sanatoriya-kurort mərkəzləri tərəfindən psixoloji və tibbi reabilitasiya xidmətləri göstərilir.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub
- Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Rəylər