Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO
Müxtəlif sahələrin özünəməxsus geyimləri var. Həmin geyimlər müxtəlif yerlərdə hazırlanır. Bakı Tikiş Evində (BTE) də müxtəlif sahələrin formaları ərsəyə gətirilir. Hər kəs zənn edir ki, BTE-də yalnız məktəbli formaları hazırlanır. Lakin bu belə deyil. BTE-də, həmçinin polis və hərbçilərimizin geyimləri də istehsal olunur. Əslində fabrikin əsas istiqaməti hərbi geyimlərin hazırlanması olub. 2010-cu ildən məktəbli formalarının istehsalına başlanılıb.
Oxu.Az-ın əməkdaşları proseslə yaxından tanış olmaq üçün Bakı Tikiş Evini ziyarət ediblər.
Bakı Tikiş Evi 1937-ci ildən Volodarski adına Tikiş Fabriki olaraq fəaliyyətə başlayıb. Köhnənin adamları xatırlayar, əvvəllər ona “Volodarka” deyərdilər. 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinə çevrilib.
Müəssisədə 1988-1989-cu illərdə əsaslı surətdə yenidənqurma işləri aparılıb. Müəssisədə 1, 2, 3, 4 və 5 saylı tikiş sahələri, hazırlıq, sınaq, biçim sahələri və bunlardan başqa laboratoriya, buxarxana, ütü və presləmə sahələri fəaliyyət göstərir. Müəssisə 1991-ci ildə Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlayıb. Və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşıb.
Bakı Tikiş Evinə gəldikdə bizi müəssisənin işçiləri qarşıladılar. İşçilərdən birinin müşayiəti ilə sexlərə baş çəkdik. Burada gərgin iş gedir. Əsgərlərimizin geyimləri hazırlanır. Bu geyimi daşıyanlar hər birimizin qürur mənbəyi və canını Vətən uğrunda fəda etməyə hazır olan əsgərlərimizdir. Onları yayın istisindən, qışın şaxtasından qoruyan bu formanın harada tikildiyi də ayrı bir qəhrəmanlıqdır.
Bunların hamısı Bakı Tikiş Evində tikilir. Burada işləyənlər də arxa cəbhədədirlər. Günlərinin çox hissəsini burada keçirirlər. Gərgin iş rejimində çalışırlar. İş gününün sonu olduğu üçün hər birinin gözlərindən yorğunluq sezilsə də, hamı həvəslə çalışır.
BTE-nin xüsusi geyim sahəsi üzrə ustası Rüxsarə Muradova bu sahədə general və nazirlərə geyim hazırladıqlarından bəhs edir:
“25 ildir ki, Bakı Tikiş Evində çalışıram. Burada Müdafiə nazirliyinin geyimləri tikilir. Mövsümdən mövsümə məktəbli geyimləri də tikilir. İllərdir ki, bu sahədə çalışırıq. Vətənimizin xidmətindəyik. Biz generallara, polkovniklərə, nazirlərə geyimlər tikirik. Fabrikə ümumilikdə çoxlu sifarişlər olur. Hər geyiminin özünün müqavilə üzərində sayı olur. Xüsusi geyim sahəsində ancaq köynək tikilir. Gün ərzində 500 ədəd məktəbli köynəyi tikilir. Digər sexlərdə isə köynək və şalvarlar hazırlanır. Biz burada geyimləri tam hazır formaya salıb, anbara göndəririk. Anbardan mağazalara gedir”.
R.Muradova parçaların Türkiyədən gətirildiyini qeyd edir:
“Parçalar Türkiyədən gətirilir. Pambıqdandır. Uşaqların həssas dərisi nəzərə alınır.
Hərbi geyimləri generallara, nazirlərə və polkovniklərə tikdiyimizdən az sayda olur. Burada iki ustadır. Hər aqreqatda 15 işçi var”.
Xüsusi geyim sahəsindən sexlərə yol alırıq. Bizi 4 nömrəli sexin rəisi Nigar Əlibəyova qarşılayır. Burada keçirdiyi illərdən bəhs edir:
“50 ildir ki, burada fəaliyyət göstərirəm. Sevməsəm, işləyə bilmərəm. Ümumiyyətlə, işi sevməyən işləyə bilmir. Bu sexdə 80 nəfər işləyir. 5 sex var. Bura 4-cü sexdir.
Biz güc strukturları üçün geyimlər hazırlayırıq. Müdafiə nazirliyinin geyimlərini istehsal edirik. Zabit, general və əsgərlərə tikirik. Qış və yay formaları hər biri burada istehsal olunur.
Bununla yanaşı məktəbli formalarını da tikirik. Parçlar Türkiyədən gətirilir. Məktəblini tam geyindirib yola salmaq olar. İşi sevirəmsə, deməli, səliqəli tikirəm”.
Hərbi geyimlərdən sonra digər sexə keçirik. Bu sexdə polislərin formaları istehsal olunur. Hazırda yaz geyim formaları hazırlanır. Qızğın iş prosesi gedir. İşçiləri məşğul etməmək üçün sexdə gəzintini sonlandırıb, məktəbli geyimləri satılan hissəyə keçirik.
“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli formalarının tam hazır vəziyyətdə olduğunu deyir:
“Biz bütün ili işləyirik. Məktəbli formalarının hazırlanmasına çoxdan başlamışıq. Lakin şəhər sakinləri məktəbin açılmasına son gün qalmış müraciət edirlər. Vaxtında almırlar və bu zaman sıxlıq yaranır. Əhali bundan şikayət edir. Yaxşı olar ki, onlar istirahətə getməmişdən qabaq formanı alsınlar.
Yeni tədris ilinə qış aylarından hazırlaşmışıq. Ötən il problem oldu. Qərar gec çıxdı. Ona görə material sifarişində çətinlik çəkdik. Maşınlarımız sərhəddə qaldı. İnsanlar istədikləri ölçünü tapa bilmədilər. Qıtlıq oldu. Bu il davam etməsin deyə, bütün qışı işlədik. Anbarlarda saxladıq. Bütün ölçü və rənglərdə var”.
E.Əzimov tədris ilinə tam hazır olduqlarını vurğulayır:
“Doqquz satış mərkəzimiz var. Təsadüfi yerlərdən alanlar formanı bir il geyinə bilmədilər. Çox gülməli qiymətlərə məktəb formaları çıxarmışdılar. 3-9 manata deyən var idi. Bir dəfə yuyulandan sonra yaramır. Deyirlər ki, “şükür ki, sizin mağaza var. Təsadüfi yerdən aldıq, bir il geyinməyə yaramadı”. Tövsiyəmiz odur ki, təsadüfi yerdən almayın. Bizdə satılan məhsula zəmanət var. Ən azı bir il geyinəcək.
100 mindən çox forma tikmişik. İstehsal davam edir. Özümüz istehsal etdiyimiz üçün çatışmamaq söhbəti yoxdur”.
Etibar Əzimov məktəb formalarının qiymətində bu il dəyişiklik olmayacağını bildirir:
“Qiymətlərdə dəyişiklik olmayacaq. Uzunqol və ya qısaqol köynək 15, şalvar və ya ətək 15, jaket 30 manatadır”.
BTE-nin hazırladığı məktəbli geyimləri həmin müəssisənin daxilində fəaliyyət göstərən “Məktəbli geyimləri satış mağazaları”nda satılır.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər