26 
Mar
2020
19:36
280
39
4782
Virtual karabakh

Sergey Karyakin: “Tale göstərdi ki, Teymur FIDE-dən çox uzaqgörən imiş”

“Fikrimcə, FIDE böyük səhvə yol verib. Axı hələ turnirin başlamasına bir müddət qalmış İdman Nazirliyi Rusiya ərazisindəki bütün yarışların dayandırılması haqda qərar çıxarmışdı.

FIDE məhz onda epidemiya səbəbindən turnirin qeyri-müəyyən müddətə təxirə salındığını bildirməli idi. Buna baxmayaraq, turnirə start verildi. Bu, səhv idi və federasiyanın imicinə ciddi zərbə idi”.

Oxu.Az xəbər verir ki, bunu Rusiya şahmatçısı Sergey Karyakin deyib.

Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri VII turdan sonra dayandırılıb. Buna səbəb Rusiya hökumətinin son qərarı olub. Belə ki, şimal qonşumuz bütün dövlətlərlə hava yolu sərhədlərini bağlayacağından, FIDE əcnəbi şahmatçıların vətənlərinə qayıda bilməsi üçün yarışı təxirə salıb.

Ümumiyyətlə, bu yarışın koronavirusa görə təxirə salınmalı olduğunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəldən deyib. Bu üzdən o yarışa getməkdən imtina edib. Hazırda Teymuru müdafiə edənlərin və FIDE-ni yarışı keçirdiyinə görə tənqid edənlərin sayı daha çoxdur.

Teymur Rəcəbovu müdafiə edənlərdən biri də rusiyalı tanınmış şahmatçı Sergey Karyakin olub: “Teymur dostumdur. Bu situasiyada ona görə çox məyus oldum. Onu turnirdən kənarda buraxdılar. Bu isə ədalətsizlikdir. Teymur oynamaqdan imtina etmədi. O, bütün dünyanı cənginə alan pandemiya dönəmində oynamayağına dair şərt irəli sürmüşdü.

Vəziyyət normal olacağı halda, oynamağa hazır idi. Tale göstərdi ki, Teymur FIDE-dən çox uzaqgörənlik edib. Yəni, o dedi ki, turnirə başlamayın. Sonra eyni sözləri İdman Nazirliyi də dedi. FIDE isə istənilən halda başladı”.

30 yaşlı Ukrayna doğumlu şahmatçı hazırkı durumu altı il əvvəl yaşadığı hisslə müqayisə edib: “Belə şəraitdə hələ heç vaxt oynamamışam və ümid edirəm ki, olmayacaq da. Ona görə də iştirakçıların nə hiss etdiklərini demək mənə çətindir. 

Qismən hazırkı vəziyyət Xantı-Mansiyskdəki 2014-cü il turnirini xatırladır. Onda Krım hadisələri baş vermişdi deyə, bərk narahat idim. Buna baxmayaraq, sonadək birinci yer uğrunda mübarizə apardım. Nəticədə mən ikinci, Vişvanatan Anand isə qalib oldu”.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirində çıxış edəcəyi halda, Sergey Karyakin onun məsləhətçisi və sparrinq-tərəfdaşı olmalıydı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri