25 
Apr
2022
11:30
14
125
1713
Virtual karabakh

Əminə Caparova: “Rusiya Ukrayna irsinin məhvi üçün mədəni və dini obyektləri xüsusi hədəfə çevirib” - MÜSAHİBƏ

25 Apr, 2022
11:30
1713

Əminə Caparova: “Rusiya Ukrayna irsinin məhvi üçün mədəni və dini obyektləri xüsusi hədəfə çevirib” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kreml bizi kimliyimizdən məhrum, irsimizi məhv, tariximizi yox etmək və son nəticədə millət kimi quruluşumuzu silmək üçün səylərini əsirgəmir”.

Bunu Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova Rusiyanın hücumu nəticəsində məhv edilən mədəni, dini irs və UNESCO-nun buna reaksiyası barədə Oxu.Az-a danışarkən bildirib.

Nazir müavininin sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalının ilk günlərindən onun sədrlik etdiyi UNESCO üzrə Ukrayna Milli Komissiyası UNESCO, bu təşkilatın Katibliyi, üzv ölkələr və qurumun beynəlxalq tərəfdaşları ilə daim əlaqə saxlayır.

“Məqsədimiz bu müharibədə qələbəyə gedən yolda təkcə vətəndaşlarımızı deyil, həm də mədəni irsimizi mümkün qədər qorumaqdır”, - deyə Caparova qeyd edib.

O, Rusiya qoşunlarının vəhşi hərəkətlərinin dəhşətli kadrlarının bütün dünyanın gördüyünü vurğulayıb.

“Rusiyalı işğalçılar 208 uşağı öldürüb, 376-dan çoxunu yaralayıb (21 aprel tarixinə əsasən). Mariupolda ölən və yaralanan uşaqlarla bağlı məlumatlar dəqiqləşdirilir. Rusiyalı əsgərlər tərəfindən ukraynalı qadın və uşaqların zorlanmasına dair sübutlar var. Kiyev yaxınlığındakı Buça şəhərində Rusiya işğalı zamanı 420-dən çox insan həlak olub - işğal başlayana qədər şəhərdə olanların 1/5-i. Qurbanların 85%-nin qəlpə deyil, güllə yaraları olub, ondan belə nəticəyə gəlmək olar ki, onlar müharibənin təsadüfi qurbanı olmayıblar, qəsdən, məqsədyönlü şəkildə öldürülüblər. Buça yaxınlığındakı Borodyanka və Qostomel şəhərlərində daha yüzlərlə dinc sakin itkin düşüb, ölüb və ya yaralanıb. Fevralın 24-də Rusiya işğalı başlayandan bəri ən azı 20 ukraynalı və xarici jurnalist Ukraynada iş başında öldürülüb. Rusiya hərbçiləri tərəfindən həyata keçirilən qətliam ukraynalılara əsl nifrət nümayiş etdirir və müharibə cinayətidir”, - deyə nazir müavini bildirib.

O, Rusiyanın başlatdığı müharibədə öz məqsədlərini həyata keçirməyə, o cümlədən Ukrayna xalqının tarixi-mədəni irsini yox etməyə çalışdığını, bu səbəbdən də mədəni və dini obyektləri xüsusi hədəfə çevirdiyini vurğulayıb.

“Çoxsaylı memarlıq abidələri zədələnmiş və ya tamamilə dağıdılmışdır. Onların arasında muzeylərin, kitabxanaların, universitet fakültələrinin və digər mədəni-maarif müəssisələrinin binaları var. Sakral memarlıq abidələri - monastırlar, kilsələr, məscidlər, sinaqoqlar da dağıdılır”, - deyə müsahib əlavə edib.

O, Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinə istinad edərək Ukraynanın 74 mədəni irs obyekti və 82 ibadət yerinə qarşı Rusiya tərəfinin hərbi cinayətlərinin 189 epizodunun qeydə alındığını xəbər verdi.

“99 təhsil müəssisəsi tamamilə dağıdılıb, daha 1042 təhsil müəssisəsi zədələnib (19 aprel tarixinə əsasən). 324 tibb müəssisəsi və 300 uşaq bağçası Rusiya qoşunları tərəfindən zədələnib və ya yerlə-yeksan edilib. Təəssüf ki, bu məlumatlar yekun deyil”, - deyə Ə.Caparova sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri