RF Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov Rusiyanın Ukraynadan sonra Azərbaycanla da “məsələni həll edəcəyini” vəd verib.
Onun yolverilməz çıxışının olduğu video bir sıra “Telegram” kanalları tərəfindən yayımlanıb.
“1000 km-lik cəbhə ilə bağlı məsələni həll edəndə biz Azərbaycanla məşğul olacağıq və məsələni həll edəcəyik. Rusiya hələlik diplomatik kanallarla Azərbaycanla işləyir. Azərbaycan rəhbərlərinin Türkiyə və ABŞ-nin ötürməsi ilə hərəkət edərək Rusiya Federasiyasına ciddi problemlər yaratmasını Rusiya rəhbərliyi və Rusiya unutmayacaq”, - deyə K.Sivkov hədələyir.
Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynadakı məsələni həll edəndə və yaya qədər işi bitirəndə (akademiyanın vitse-prezidenti buna əminliyini bildirib) Rusiya Silahlı Qüvvələrinin əl-qolu açılacaq və “bundan sonra Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək”.
Xatırladaq ki, bir müddət öncə Rusiya telekanallarından birinin efirində Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov Rusiya-Azərbaycan müttəfiqliyinə xələl gətirən açıqlamalar verib. O öz çıxışı ilə Rusiya ilə Azərbaycan arasında münasibətlərin qonşuluq siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.
M.Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və qeyri-peşəkarlığı MDBMİ komandasının qəzəbinə səbəb olub. Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb.
Rəylər