25 
Apr
2015
15:04
64
70
7410
Virtual karabakh

Emil Abbasov: Mən lap qədeşi də oynayaram - MÜSAHİBƏ

“Məni Azərbaycandan heç kəs qovmayıb”.

Oxu.Az “Bakılı oğlanlar” ŞHK-nin üzvü Emil Abbasovla müsahibəni təqdim edir. 

- Emil müəllim, “KVN”ə necə gəlmisiniz?

- 80-ci illərin sonlarında “KVN”ə mən yalnız azərkeşlik edirdim. Məktəb və universitetlərdə keçirilən KVN yarışlarına tamaşaçı kimi gedib baxırdım. Mənim üçün “KVN”ə qoşulmaq asan oldu. Belə ki, komandanın kapitanı Anar Məmmədxanov və üzvü Ənvər Mansurov, Timur Vaynşteyn və mən eyni məktəbdə təhsil almışdıq. Biz bir-birimizi məktəbdən tanıyırdıq. “KVN”ə həvəsim həmişə olub. Mən keçmiş “Narxoz”, indiki İqtisad Universitetinə qəbul olsam da, mənim həmişə arzum kino olub.

Mən Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna hazırlaşırdım. Amma valideynlərim mənə dedi ki, “rejissorlar indi acından ölürlər, başqa peşə fikirləş”. Mən həmişə çalışırdım valideynlərimin məsləhətlərinə qulaq asım. Düşündüm ki, dünya görmüş valideynlərim mənə pis məsləhət verməzlər. Ona görə də “Narxoza” qəbul oldum. Amma KVN-ə olan həvəs və enerjim yaşamaqda davam edirdi. Bu hardasa özünü göstərməli idi.

Əfsuslar olsun ki, məktəb vaxtı “KVN”də oynamırdım. Mən həmişə parodiya etməyə çox meyilli idim. İndiyə kimi yadımdadır, mən Nabranda idim. Bizim Bəhramla tanış idim, bir yerdə “Neftçi”nin oyunlarına gedib azerkeşlik edirdim. Lap yaxından tanış deyildik. Bir gün ya 1990, ya da 1991-ci il idi, o zaman hələ “Bakılı oğlanlar” komandası yox idi. Bəhramla Nabranda görüşdüm. Bəhram mənə dedi ki, biz indi komanda yığırıq, səndə də parodiya yaxşı alınır, gəl komandaya qoşul. Bu söhbət orada da bitdi. 

Mən qayıtdım Bakıya. İndiki “Four Seasons” mehmanxanasının yerində Tibb işçilərinin evi var idi. Komandanın ilk məşqləri orada keçirilirdi. Bir gün şəhərdə dostumla gəzərkən, ona dedim ki, gəl gedək məşqlərə baxaq. Komandanın üzvlərinin yarıdan çoxunu tanıyırdım. Bax belə. Komandaya yaranan andan - 1991-ci ildə çox rahat və təsadüfən qoşuldum. 

İndi “KVN” çox populyar olub. O vaxtı “KVN” oynamağa çox adamda həvəs yox idi. Bizim yalnız böyük azart və marağımız var idi. Biz səhnəciklər quranda, hazırlıqlar görəndə bundan böyük həzz və ləzzət alırdıq. İndiki zamanda “KVN” kommersiya maraqlarına əsaslanır. O vaxtsa “KVN”nin bu tərəfini fikirləşən yox idi, biz yalnız gördüyümüz işdən böyük həzz alırdıq. 

Birinci çıxışım Soçidə festivalda olub. Mən heç səhnəyə çıxmamışdım, yalnız mahnı səslənərkən “podpevka” edirdim. Hansı rollarım olub indi yadımda deyil. Üstündən 20 ildən çox vaxt keçib. Təzə-təzə kiçik rollarım olurdu.

Bizim komandanın üstünlüyü ondan ibarət idi ki, bizdə komanda daxilində heç vaxt hansı rolların kimin oynayacağı ilə bağlı söhbətlər getmirdi. Bizim üçün əsas nəticə idi – komanda udsun, yaxşı nəticələr əldə etsin. Bizdə salamlama səhnəsində kiçik rolları olan üzvlərimiz var idi. Amma heç vaxt rolun kiçikliyindən narazıçılıq olmayıb. Rollarımdan daha çox hansı oyunda hansı nəticələri əldə etdiyim yadımdadır. Komanda ruhu bizdə çox güclü idi və bunda da kapitan Anar Məmmədxanovun böyük xidməti olub. Komandanın özünü vahid orqanizm, kollektiv kimi hiss etməsində Anar Məmmədxanovun çox böyük zəhməti və əziyyəti olub.

- Peşəkar “KVN”çi kimi necə hesab edirsiz, “KVN”çinin əsas hansı cəhətləri olmalıdır?

- “KVN” sənət deyil, hobbidir. “KVN”dən teatr yaranır, “KVN”çilər peşəkar aktyorlara çevrilirlər. Amma “KVN”nin özü professional kateqoriyaya daxil deyil. Sən “KVN” oynamaq istəyirsənsə, “KVN”i sevməlisən. Bu oyunda iştirak etməyinin məqsədini bilməlisən. Məqsəd də komandanın qələbə qazanması olmalıdır. Mən məşhur olum və bunun da əsasında pul qazanım – belə yanaşmalar olsa, bu “KVN” deyil, nəsə başqa şeydir və onu “KVN” çərçivəsinə salmaq istəyirlər. “KVN”çi olmaq üçün çox sadə bir şey tələb olunur – yumor hissi.

Özünüz də bilirsiniz ki, elə insanlar var ki, onların yumor hissi çoxdur, elə insanlar da var ki, yumor hissi yoxdur. Yumor hissi elə hissdir ki, ya var, ya da yoxdur. Bu hiss varsa və insan əgər özü zarafat edə bilirsə və özü barəsində zarafatı qəbul edə bilirsə, deməli həqiqi yumor hissidir. Bilirsiz, başqaları barədə zarafat etmək çox asandır, amma sənin barəndə zarafat edəndə bunu qəbul edə bilməlisən, yəni özünə bunu dərd etməyəsən – buna yumor hissi demək olar.

Cavan “KVN”çilərlə bağlı bizə çox suallar verirlər. Cavab verirəm ki, biz o vaxtlar 90-cı illərin əvvələrində - sabah nə olacağı məlum olmayan illərdə  “KVN” oynayırdıq. Çünki bizə heç nə maraqlı deyildi. Anar məqsəd qoydu qarşımıza ki, bu işə başlamışıqsa, gərək udaq. O, həmişə bizi qələbəyə kökləyirdi.  Biz də bilirdik ki, biz udmalıyıq. Vəssalam. Biz heç pul, məşhur olacağımız, məşhurluğumuzun bizə nə verəcəyi barədə heç fikirləşmirdik. Biz yalnız “KVN” oynayırdıq. Amma əfsuslar olsun ki, indiki cavanlar “KVN”ə başqa cür yanaşırlar -  “mən məşhur olum, sabah da toya gedim”, “KVN mənə nə verəcək?” və s.

Tez-tez uşaqlarla yadımıza salırıq. Düzdür o zamanlar, sağ olsunlar, Araz Ağalarov, Bakı meriyası sponsorluq edirdilər bizə. Bu da bizim yalnız təyyarəyə bilet pulu, oteldə 2-3 həftə qalmaq və yeməkxanada kompleks nahar xərclərini ödəyirdi. Qalan xərcləri isə özümüz çəkirdik. Elə an olurdu ki, 3-cü həftənin axırına heç kimdə bir qəpik də pul olmurdu. Bir dənə kiçik pizzanı 7-8 nəfərin arasında bölüb yeyirdik. İndiki cavanlar məncə, bunu qəbul edə bilməzlər. Demirəm ki, cavanlar pisdir, biz yaxşı idik. Amma indi ab-hava, dəyərlər dəyişib. 

- “KVN”də sizin obrazlarınız digər komanda üzvlərinin obrazlarından ciddiliyinə görə fərqlənir. Ən çox da sizi xarici vətəndaş obrazında görürük.

- Mənim üçün heç bir problem yoxdur. Mən lap qədeşi də oynayaram. Amma belə deyək də, mən bilirəm ki, həmin rolu Tahir və Cabir daha yaxşı oynaya bilərlər. Mən heç vaxt rolla bağlı söz-söhbət aparmamışam. Ümumi yığıncaqda kimin tipajına nə uyğun gəlirsə, ona uyğun olaraq da rollar bölünür. Komandaya təzə gələndə arıq, cavan uşaq idim və hansı məclislərə gedirdik mənə zarafatla “italyanlı” deyirdilər. Komanda da belə fikir yaranıb ki, mən xarici obrazlara daha uyğun gəlirəm. Mən də bunu çox rahat və sərbəst qəbul edirdim.

Amma belə baxanda, karyeramda gürcü, kəndçi rolunda oynamışam, siyasətçilərə parodiya etmişəm. Nə rol olsa, oynayaram. Düz qeyd etdiz ki, axır zamanlarda “KVN” teatrında əsasən xaricilərin obrazında görünürəm. Özüm də xaricdə yaşayıram. Bu normaldır. Mən konsertə 10 gün qalmış Bakıya gəlirəm, uşaqlar isə bir ay məşq edirlər. 10 gün ərzində mənə və uşaqlara rahat olması üçün asan rollar alıram. Bir aylıq məşqi 10 gün ərzində çatdırmaq mümkün deyil.

- Bəs sizi məsələn qadın obrazında görə bilərik?

- Ola bilər. Bəlkə burada çox qalsaydım və Bakıda yaşasaydım. Mən ilin ən azı 8-9 ayını Azərbaycanda olmuram. Konsert qabağı yalnız bir həftəlik gələ bilirəm və bu müddət ərzində hansısa bir obraz yaratmaq çətindir. Obrazı yaratmaq üçün digər aktyorlarla da məşq etmək lazım olur. Vaxtım məhdud olduğuna görə alınmır. Məsələn, keçən il mənə millət vəkili Mixail Zabelinin obrazını mənə verdilər. Çünki mənə bu obraz daha rahat idi. Obrazın sözləri çox deyildi və konsert proqramına daxil olmaq üçün mənə və komanda üçün çətin olmadı. Əlbəttə ki, mən Azərbaycanda daimi yaşasaydım, başqa obrazlara da əl atmaq olardı. Mən tərəfdən problem yoxdur. 

Lap çoxdan qadın rolu oynamışam. Tahirdə o yazılar olmalıdır, məncə. Hətta qadın paltarı, qadın qrimi, saçı ilə. Aktyor üçün fərq olmamalıdır istər qadın, istər Lenin və ya  Stalin obrazı olsun. Amma Azərbaycanda bəzən qadın obrazı yaradan kişi aktyorlarına yaxşı baxmırlar. Aktyordan çox şey asılıdır. Qadın obrazını professional şəkildə yaratmaq lazımdır.

Məsələn, məşhur “Tutsi” filmində Dastin Hofmanın yaratdığı obraza heç kəs deyə bilməz ki, bu kişi niyə qadın rolunu belə canlandırıb. Çünki bu obrazı aktyor elə peşəkarcasına yaradıb ki, hər şey yerində olub. Amma bizim teatrlarda, estradada bəzən bəzi aktyorlar professionallıqdan uzaq hərəkət edirlər. İnsanı güldürmək elə də çətin deyil. Aktyorun professional etik normaları olmalıdır. Bəzi hərəkətlər var ki, onları etmək olmaz. Nə olsun ki, qadın obrazı yaradırsan? Populyarlıq naminə bəzi addımları atmaq düzgün deyil. Ona görə də kişi aktyorların qadın obrazı yaratması ilə bağlı bir çox müzakirələr gedir.

Mən etiraz etmirəm. Əgər adını aktyor qoymusansa, istər qadın, istər balıq, istərsə də uzunqulaq, dəvə, yad planetli obrazını yaratmalısan. Lakin elə yaratmaq lazımdır ki, tamaşaçıda nə nifrət hissi olsun, nə də narahatlıq yaransın. Teatr tariximizdə qadın rollarını kişilər yaradıb. Hər bir aktyorun professionallıq xəttləri yerində olmalıdır. 

- “KVN”ə başladığınız 90-cı illərin tamaşaçıları ilə indiki tamaşaçıların yumora olan münasibətində hansı dəyişiklikləri görürsünüz? 

- Mən bunu dəfələrlə demişəm. Bizim komandanın təcrübəsi var. 90-cı illərdə də indiki kimi Heydər Əliyev adına sarayda çıxış etmişik. Sizə açığını deyim ki, mən bu fərqi çox hiss edirəm. Komandadakı uşaqların 99%-i də bunu hiss edir. 90-cı illərin tamaşaçıları və 2000-ci illərin tamaşaçıları fərqli insanlardır. Zalın enerjisi var. Aktyor zalla təmasda olanda həm tamaşaçıların, həm də zalın enerjisini hiss edir. Aktyor zaldan enerji alır. Qabaq bu təmas daha sıx və isti idi. İndi bir az soyuqluq var.

Bütün tamaçılar barədə bunu deyə bilmərəm. Amma bəzən səhnədə replikanı gözləyərəkən yaranan pauza zamanı zala baxıram. 90-cı illərdə bu təmas daha isti idi, tamaşaçıların gözləri yanır, işıqlanırdı. Amma indi çox əfsuslar olsun ki, bəzən elə hissiyyat yaranır ki, sanki bəzi tamaşaçılar hansısa restorandadırlar, oturublar və qabaqlarında lülə kababın olduğu boşqab çatışmır.  Belə ab-hava olur. Bunu bütün tamaşaçılar barədə demirəm. Amma bəzən bu çoxalır. 

Əfsuslar olsun ki, indi bizdə hər şeyi pulla ölçürlər. Bu hiss olunur. Təəssüf… Məndən soruşa bilərsiz ki, xeyir ola Azərbaycandan getmisən? Yox, məni buradan heç kəs qovmayıb. Mənim burada heç bir problemim olmayıb. Mən yalnız bir iqtisadçı kimi təhlil etdim ki, Asiya yaxın zamanda ən inkişaf edən region olacaq.

Ona görə də bir biznesmen kimi mənə Çində iş qurmaq maraqlı oldu. Azərbaycanda iş görmək mümkündür. Bəzi nüanslar var, amma mümkündür. İşin olmamasından şikayət edənlərə həmişə deyirəm ki, işləyən adam üçün həmişə iş var. İndiki zaman tənbəllər üçün deyil. 

- Çində yaşayıb işləmək sizin üçün çətin deyil?

- Xeyr. Artıq 10 ilə yaxındır ki, orada yaşayıram. Əvəllər çətin idi, sanki başqa planetə düşürsən. Onlarda məsələn bizim yaxşı bildiyimiz şeylərə onlar pis baxırlar, bizim pis qəbul etdiyimiz şeylərə isə onlar yaxşı baxırlar. Amma zamanla ora öyrəşirdim.

Çinlilərin həyat fəlsəfəsi mənə çox kömək edib. Onlar həyata sərbəst və rahat baxırlar. Biz bir çox mənasız şeylərə görə özümüzü dəli edirik. Amma çinlilər belə şeylərə fikir vermirlər. Məncə, onlar əsəb sakitliyinə görə birinci yerdədirlər.

Onlar həqiqi ciddi şey üstündə əsəbləşə bilərlər. Konfutsinin yaxşı sözü var: “Əgər çay qırağında otursan və uzun müddət çaya baxsan, sən düşmənlərinin üzən meyitlərini görəcəksən”. Yəni, biri var düşmənin olsun və buna görə aləmi dağıdasan, plan qurasan. Bir də var səbirli olub, hər şeyi vaxtın axarına buraxasan.  

- Çinlilərin bizdən üstün cəhətləri hansılardır?

- Əgər çinli üzərinə hər hansı bir öhdəliyi götürürsə, o bu öhdəliyi zamanında və deyildiyi kimi yerinə yetirir. Azərbaycanda ən bəyənmədiyim söz bilirsiz hansı sözdür? Məsələn, nəsə almaq istəyəndə qiymətini soruşanda deyirlər ki, nə verərsən verərsən. Bu “nə verərsən, verərsən” sözündə böyük məna var. Biz əgər nə istədiyimizi bilmiriksə, biz bilməyəcəyik bizə nə veriləcək. Bu sözdə fəlsəfi nüans var.

Çinlilər daha konkret və peşəkardırlar. Danışıq oldusa, sən bunu unuda bilərsən.  Onlar işləyən millətdir, tənbəl deyillər. Çinlilərin qabağını almağa çalışan dövlətlər olsa da, onlar heç vaxt buna nail ola bilməyəcəklər. Çünki çinlilərin bir məqsədi var və o məqsədə doğru gedirlər. Hər millətin bir məqsədi var. Çinlilər bu dünyanı idarə etmək iddiasındadırlar və tələsmədən də ona gedirlər. 

- Çin mətbəxi ilə aranız necədir?

- Bizdə olduğu kimi, orada da dadlı və o qədər də dadlı olmayan yeməklər var. Çində cənubda bir adət-ənənə, şimalda isə digər adət-ənənə var. Cənub mətbəxində çiy yeməklərlə üstünlük verilir, şimala doğru getdikcə, bizim hətta kababa oxşayan yeməkləri də olur.  

- Çinlilərlə azərbaycanlıların oxşar cəhətlərini müşahidə etmisinizmi?

- Açıq deyim? “Risovka”. Bizdə maşına, geyimə fikir verirlər. Mən Çində tanınmış biznesmenlərlə danışıqlarda olmuşam. Bilirəm ki, bu, zəngin insandır, ən azı milyonçudur. Amma belə baxırsan, köhnə kəmər, köhnə ayaqqabı və s. geyinib.

Onlar belə şeylərə fikir vermirlər. Amma məsələn, bahalı siqaret – bir qutusu 100 dollar olan siqaret çəkəndə onu danışıqlar zamanı çıxarıb təqdim edir ki, “gör mən necə bahalı siqaret çəkirəm”. Bizdə də  “risovkalıq” indi əsas milli ideya olub. Yəni mən o birisindən üstünəm.

- Çinlilər Azərbaycan və azərbaycanlılar barədə  nə bilirlər?

- Sizə açığı deyim ki, bir çox çinli Azərbaycanı tanıyırsa da, Sovet İttifaqının tarixinə görə tanıyır. Belə deyək də, müstəqil Azərbaycan barədə Azərbaycandan Çinə rəsmi səfərlər olanda eşidirlər. Amma çoxu Azərbaycanı sovet məkanında olmuş ölkə kimi tanıyır. 

Bir şəhərin meri ilə danışıqlarda idim. Şəhərin əhalisinin sayı rəsmi olaraq 11 ya 12 milyon nəfərdir. Mer məndən Azərbaycanda nə qədər əhalinin olduğunu soruşdu. Mən də ölkədə 9 milyon nəfərin yaşadığını dedim.

Azərbaycana maraq göstərsələr də, kiçik ölkələr onlar üçün elə də maraqlı deyil. Onlar Rusiyaya ərazisinə görə hörmət edirlər. Bunlarda ölçü meyarları başqadır – çoxluq, böyüklük. Keyfiyyət söhbəti vacib deyil. 

- Keyfiyyətdən söz düşmüşkən, Çin məhsullarının keyfiyyətinə o qədər də etibar yoxdur.

- Əfsuslar olsun ki, bizim “iş adamları” özlərinin xeyrini güdmək məqsədilə Çində ucuz mal axtarırlar.  Bizim də yaxşı atalar sözümüz var – “Ucuz ətin şorbası olmaz”. Neçə ildir Çindəyəm, mənim başıma bu gəlib. Mən işimdə yalnız keyfiyyətə üstünlük verirəm.

Əksər biznesmenlər keyfiyyət deyil, ucuz alıb baha satmağı fikirləşirlər. Çinlilərin bunda günahı yoxdur. Çinli yalnız nə sifariş edirsən, onu da təqdim edir.

Çinlilər hər bir məhsulun keyfiyyətli və keyfiyyətsizini təqdim edirlər. Amerika və Avropa Çindən yalnız keyfiyyətli mallar alır. Keyfiyyətsiz mal alanlar isə yalnız keçmiş sovet məkanı, Şərqi Avropa, Afrika ölkələridir. Çünki onlar xeyir güdürlər, keyfiyyət onları düşündürmür. Çində eyni məhsulun 100-ə qədər keyfiyyəti var. 

Çinli ondan yalnız nə tələb olunursa, onu da istehsal edir. Mən paltar istehsalı biznesi ilə məşğul oluram, brend qeydiyyatdan keçirmişəm. Mənə bildiriblər ki, Çinin məşhur saxta mallar satılan bazarında mənim brendimi də mənimsəyiblər. Bu qanunsuzdur. Bunun aradan qaldırılması üçün Çində ciddi tədbirlər görüləcək və mən bunu dəstəkləyirəm. 

- Məşhur brendlərin istehsal gücləri ucuz işçi qüvvəsinə görə əsasən Çində yerləşdirilir. Orada işçi qüvvəsi bu qədər ucuzdur?

- 10 illik təcrübəmi nəzərə alsaq, deyə bilərəm ki, əvvəllər işçi qüvvəsi ucuz idi. Çünki o zaman müasir texnologiyalar yox idi. Amma son zamanlar ən qabaqcıl avadanlıqlardan istifadə etməyə başlayıblar. Əlbəttə ki, əvəllər sadə alətlərlə işləyən işçi qüvvəsi ucuz idi, indi isə müasir avadanlığı mühəndis idarə edə bilər və onun maaşı yüksək olmalıdır. Son 10 ildə böyük inkişaf baş verib.

Bütün məşhur avtomobil brendlərinin Çində rəsmi zavodları var. Mən “Volkswagen”in zavoduna getdim və məəttəl qaldım. Çinlilər boş çəmənlikdə sıfırdan şəhər və ətrafında da zavod tikiblər. Honq-Konqla sərhəddə bir balıqçı kəndi var idi. 35 ilə 100 minlik bu kənddən 20 milyonluq şəhər tikdilər. Bu ağılasığmazdır.

- Maraqlıdır, Çində “KVN” var?

- Yoxdur, amma onların teatr sənətinə böyük marağı var. Onların həyat tərzi fərqlidir. Biz güldüyümüz şeylərə onlar gülməzlər, onların güldüklərinə isə biz gülmərik. Onların da öz yumoru var, zarafatcıldırlar. Məsələn, zarafat edəndə bizim lətifələr onlara gülməli gəlməz. Onların öz yerli zarafatları var, bəzən tərcümə edirlər mənə, amma mən heç başa düşmürəm. Mənə çatmasa da, gülümsəyirəm ki, inciməsinlər. 

Çin dünya fabriki hesab olunsa da, aqrar ölkədir. Kənddə yaşayan əhali daha çoxdur. Əhali kənd həyatına daha çox üstünlük verir. Onlar rəsmi olaraq 1 milyard 600 milyon nəfərdir. Amma qeyri-rəsmi rəqəmlərə görə 2 milyarda yaxındır. Çünki Çində “bir ailə-bir uşaq” siyasəti aparılsa da, kəndlərdə uşaqlar dünyaya gəlirdilər, amma sənədsiz. 

- Sonda “KVN” mövzusuna qayıtmaq istərdim. Sizin “KVN”ə olan azartınız nə vaxtsa tükənə bilər?

- Mənim üçün “KVN” həmişə hobbi olub. Başqa müsahibələrimdə də demişəm ki, mən diplomlu alverçiyəm. Birinci iş barədə fikirləşirəm. Hər il konsertdə 5 dəqiqəlik çıxış etmək üçün mən 13 saatlıq yol qət edib Bakıya gəlirəm. Birincisi, ona görə ki, bizim uşaqları görmək istəyirəm. Onlar mənim həyatımda ən əziz dost və insanlardır.

İkincisi, onlarla eyni səhnədə lap bir anda olsa çıxış edəndə, mənə sanki bir dünya bağışlayırlar. Konsertdə çıxışlarım məni həmin o ab-havaya – komandanın bütün üzvlərinin bir yerdə olduğu vaxtlara qaytarır.

Məhz o ab-havaya görə o boyda yolu gəlirəm. Mən özümü peşəkar aktyor hesab etmirəm. Bu mənim hobbimdir. Nə qədər yaxşı və ya pis alındığını tamaşaçı deyə bilər. Tahir və Cabir “KVN”ə daha peşəkarcasına yanaşırlar. Mənim üçünsə hobbidir, bundan həzz alıram. 

Komandanın son çıxışları satira üslübunda gedir. Satira cəmiyyət üçün çox vacibdir. Bunu başa düşməyənlər cəmiyyətdən uzaqdırlar. Onlar əsl cəmiyyətdən əks istiqamətdə gedirlər. Onların razı və ya narazı olmaları bizi maraqlandırmır.

Cəmiyyətdəki ayıbları göstərmək mütləq lazımdır.  Tamaşaçılar satiraya gülməli və sonra düşünməlidirlər. Amma bunun indi nə qədər nəticə verməsi bilinmir. Gözləmək lazım deyil, çünki bu, uzun prosesdir. Səbrli olmaq lazımdır.

Həyat sürprizlərlə doludur. Amma İnşallah, Allahın köməyi ilə nə qədər imkanım və istəyim var, həmişə “KVN”də olacağam. 

Cəmilə Babayeva
Fotolar: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri