Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Orxan Səfərov: Məğlub olanda həmin günüm bərbad olur – MÜSAHİBƏ + FOTO
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı cüdo üzrə Avropa kubokunun qalibi, 2009-cu ildə gənclər arasında 2-ci yerin, həmçinin Avstriyada keçirilən yarışda 2-ci yerin, Yunanıstanda 2009-cu ildə keçirilən yarışda 1-ci yerin, 2011-ci ildə kişilər arasında keçirilən Avropa kubokunun qalibi Orxan Səfərovdur.
- Orxan Səfərov kimdir?
- Mən Orxan Səfərov Lənkəranda anadan olmuşam. Ailədə 4 nəfərik: atam, anam və bacım.
Bir müddət sonra Sankt-Peterburqa köçdük, orda yaşadım və elə orda da ilk dəfə qılıncoynatmayla məşğul olmağa başladım. Amma düzünü desəm heç maraqlı deyildi bu idman mənə.
Başqa idmanla məşğul olmaq istəyirdim, həmişə təkbətək idmana həvəsim vardı. Elə oldu ki, 2003-cü ildə Bakıya köçdük. Atamla getdik Gənclər və İdman Nazirliyinə ki, bizə yaxşı müəllim, məşqçi məsləhət görsünlər. Onlar da bizə Əli Dərvişovu məsləhət gördülər. Əli müəllim isə bizə Fərhad müəllimi məsləhət gördü.
O vaxtdan bu insanlar mənim müəllimim oldu və ən əsası nə öyrəndimsə onların sayəsində öyrəndim. İndi hal-hazırda şəxsi məşqçilərimdi.
- Yarış zamanı qalib olduğun zamanlarda hisslərini necə büruzə verirsən?
- Qalib olmaq o elə hisslərdi ki, sözlə ifadə etmək olmur. Qalib olanda qışqırmışam. İnsan bilmir nə ilə büruzə versin o hissləri. Kimsə atılıb düşür, kimsə qışqırır, yəni o hissləri bildirir. Həmin an insan özü də bilmədən, hiss etmədən davranır.
Amma məğlubiyyət olanda həmin günüm bərbad olur, özümü toparlamağa çalışıram, amma deyə bilərəm ki, bu aylarla, illərlə davam etmir, çünki özüm buna icazə vermirəm. Davam deyib məşqlərimə yenidən start verirəm.
- Oyundan əvvəl nə dərəcə psixoloji dəstək alırsan? Çünki bir idmançı üçün bu, çox vacibdi.
- İlk olaraq özüm özümü psixoloji hazırlayıram, çünki psixoloji dəstək hər şeydən əsas gəlir. Hər bir işin psixoloji hissəsi həssasdır. İdmançı üçün isə bu daha önəmlidir. Yarışa çıxırsan və səni nə gözlədiyini bilmirsən. Hər şeyə hazır olmalısan.
- Hansısa yarışdan qalibiyyət gözləməyib, amma qalib olmusan?
- Braziliyada keçirilən dünya çempionatı idi. Beslan Mudranov adlı idmançı vardı. Məşhur və güclü idmançdı. Görüşüm onunla olmalıydı. Onunla görüşə çıxıb qalib gələcəyimə heç kəs inanmırdı, amma içimdə bir inam vardı, elə də oldu və mən qalib gəldim.
- İdman sahəsində hansı ölkəni güclü saymaq olar?
- Təbii ki, yaponları. Məhz cüdoda onlar çox güclüdürlər, maraqlı fəndləri də var.
- Yaponlarla yarışda olmusan?
- Yox, təəssüf. Yəqin ki, irəlidə ola bilər.
- Bəs erməni ilə?
- Olub. 2 həftə bundan öncə erməni əsilli idmançı rusların adından çıxış edirdi. Arsen Qalastyana dünya çempionu olmağına baxmayaraq qalib gəldim. Bu, mənim üçün sevindirici haldır.
- Qrafikin necədi?
- Qrafikim – səhər 7-də yuxudan oyanıram, 8-də məşq başlayır, 11-də məşqimiz bitir, günorta yeməyi və istirahət.
- Hər gün belədi?
- Bəli, hər gün.
- Hər gün eyni şeyi etmək yormur səni?
- Bu, mənim işimdi, bu mənim həyatımdı. Öyrəşmişəm, bezmirəm də. İnsan sevdiyi işi edirsə, bu, hər gün olsa belə insanı bezdirmir.
- İdman sferasında kimlərlə dost, kimlərlə küsülüsən?
- Nicat Şıxəlizadə, Əli Rzayev, Tamerlan Abdullayevlə dostam.
Küsülü olduğum heç kəs yoxdu, hamıyla səmimi münasibət saxlamağa çalışıram.
- Sənin üçün həyatda vacib olan üç amil hansıdı?
- İdman, ailəm və dostlarım.
- Bu üçlüyü ifadə et bizim üçün.
- İdman – həyatım, ailəm – dayağım, dəstəyim, dostlarım – köməyim, sirdaşım.
- İdmanla ailən arasında qalsaydın və tək birini seçmək hüququn olsaydı, hansını seçərdin?
- İdmanı seçərəm, amma bu yolda ailəm özü mənə dəstəkdi. İnanmıram ki, nə vaxtsa belə narazı olsunlar. Hər zaman mənim yaxşı idmançı olmağımı istəyiblər.
- Ailə quracağın xanım necə olmalıdır?
- Keçmişi gözəl xanım olmalıdır. Məncə, bu, hər şeyi göstərir.
- Filmlərimizdən bir sitat deyə bilərsən?
- Ən sevdiyim film “1+1” filmidir. Amma Azərbaycan filmlərində deyirsizsə, “Bəyin oğurlanması filmidir”.
Orda belə bir söz deyirlər: bu kino ki var, çox qəliz məsələdir (gülür).
Çox gözəl filmlərimiz var. Elə filmlərdən özümüz üçün yaxşı nümunələr götürməliyik.
Nərmin Kazımova
Foto: Ratmir Şərifov
www.oxu.az
Rəylər