Son bir neçə ildə Azərbaycanda yol qəzaları zamanı ölüm faktlarının yarıdan çoxunu piyadaların vurulması təşkil edir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bu nəticəyə aparılan statistik araşdırmaların nəticələrinə görə gəlmək olar. Piyadaların təyin olunmuş yerlərdən keçməməsidir ki, bədbəxt hadisələr onları haqlayıb.
Məsələn, internetdə yayılan videodan ağsaqqalın piyada keçidindən istifadə etməməsi açıq-aydın görünür. Hələ bu azmış kimi o, işıqforun yaşıl işığında yolu keçərək həyatını təhlükə altına da atır.
Amma ağsaqqal haqlıymış kimi ona yol verməyən sürücünü də günahkar çıxarır. Tək bu ağsaqqal deyil, onun kimi başqa piyadalar da yolu belə keçir. Bu isə acı sonluqla nəticələnir.
Piyadaların heç də hamısının piyada keçidlərindən istifadə etməmələri sonda onların həyatı bahasına başa gəlir. Bunun nəticəsidir ki, bu ilin əvvəlindən bu günə qədər piyadaların iştirakı ilə 533 hadisə baş verib ki, 192 nəfər dünyasını dəyişib, 384 nəfər xəsarət alıb. Təkcə iyul ayı ərzində isə 89 hadisə baş verib ki, nəticədə 32 nəfər ölüb, 64 nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də təsdiq etdi ki, piyadaların iştirakı ilə baş verən qəzaların sayı az deyil.
“Kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, piyadalar bu keçidlərə məhəl qoymurlar. Bu, təkcə piyadanın cərimələnməsi deyil. Nəqliyyat hadisəsinin baş verməsində günahı olan piyada, həmçinin cinayətə də cəlb oluna bilər”.
Hər halda, yolun təyin olunmayan hissəsindən keçmək olmaz. Buna əməl etmək sizin də həyatınızı sığortalamış olar, başqalarının da.