Bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün təlim keçirilir.
Oxu.Az-ın Gəncəyə ezam olunan müxbiri xəbər verir ki, təlimdə giriş sözü ilə çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin təqribən 50%-i icbari tibbi sığortadan yararlanıb:
"Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir.
Qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur. Keçən il ilə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub.
Ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub. Bu artım tibbi xidmətlərə olan əlçatanlığın yüksəldiyini göstərir".
A.Əhmədova qeyd edib ki, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlarda bir neçə istiqamət ön plana çıxır:
"Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, "Yeni Klinika", Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır".
Əzizə İsmayılova