İctimai iaşə obyektlərinin fəaliyyəti zamanı vətəndaşları narahat edən halların qeydə alınması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.
O qeyd edib ki, gecə vaxtı saat 00:00-dan səhər saat 07:00-dək bu maddənin tələbləri mənzillərdə, yaşayış evlərinin girişlərində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə pozularsa, fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Maddədə qeyd edilən saatlarda bu kimi problem yaşayan vətəndaşlar polisə müraciət edə bilərlər”, - deyə Anar Qafarov əlavə edib.
14:24
Bakıda fəaliyyət göstərən bəzi restoranların gecə saatlarında açıq havada çal-çağır təşkil etməsi sakinləri narahat edir.
Oxu.Az xəbər verir ki, bununla bağlı paytaxt sakinləri sosial şəbəkələrdə paylaşım ediblər.
Yayılan görüntülərdən və yazılan şərhlərdən aydın olur ki, bəzi iaşə obyektləri, xüsusilə gecə saatlarında açıq havada musiqiyə yüksək səs verməklə sakinləri narahat etməkdən çəkinmirlər.
Bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Sözügedən görüntüləri təqdim edirik: