“Bizim Yol” informasiya internet saytının 3 sentyabr 2014-ci il tarixində AGBank ASC-nin kapitalı haqqında dərc etdiyi yalnış xəbərə aydınlıq gətirmək məqsədi ilə, adı çəkilən bankın mətbuat xidmətindən saytın redaksiyasına həqiqətə zidd olan xəbəri təkzib edən statistik məlumatlar göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə AGBank ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, AGBankın İdarə Heyəti Sədrinin müavini Əfqan Cəlilovdan alınan məlumatlara əsasən, Beynəlxalq Audit şirkəti KPMG-nin 2013-cü il audit hesabatına uyğun olaraq AGBank ASC-nin ötən il üçün məcmu kapitalı 50.07 milyon manat təşkil edib.
“Bu rəqəmi təsdiqləyən, Beynəlxalq Maliyyə Hesabat Standartlarına uyğun hazırlanmış hesabat AGBank-ın rəsmi saytında tam şəkildə öz əksini tapıb. Əlavə olaraq onu da qeyd edək ki, bankın aktivləri cari ilin əvvəlindən 1 sentyabr tarixinədək 23.4 milyon manat və ya 5% artaraq 490.8 milyon manata çatıb. Kredit portfeli, il ərzində 6.2% artaraq 375.8 milyon manat, depozit portfeli isə 8 ay ərzində 12.5 milyon manat və 4.4% artaraq 285.4 milyon təşkil edib. Hal-hazırda bankın məcmu kapitalı 52.6 milyon manata keçib”.