Ağzını tikərək aclıq aksiyasına başlayan qazaxlı sahibkar Elşad Məmmədov mayın 26-da aksiyanı dayandırıb.
Oxu.Az-ın azadliq.org-a istinadən xəbərinə görə, o deyib ki, aksiya keçirdiyi müddətdə ona nə həkimlər, nə də rəsmi qurumlardan baş çəkən olub:
“Səkkiz gün ağzı tikili vəziyyətdə kirayə qaldığım evdə aclıq aksiyası keçirdim, bir həkim gəlib mənim səhhətimlə maraqlanmadı. Bir rəsmi şəxs gəlib soruşmadı ki, nə baş verir, niyə belə bir aksiya keçirirsən”.
Elşad Məmmədov deyir ki, iki il yarım bundan əvvəl İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.
Bir müddət sonra mənzillər onun əlindən alınıb. Sahibkar indiyə qədər bütün məhkəmə instansiyalarını keçib. Məsələ Ali Məhkəmənin plenumuna çıxarılıb və növbəti plenumda baxılması barədə qərar qəbul edilib.