"Almaniyanın uşaq müdafiəsi orqanı olan "Jugendamt" 15 yaşlı qızım Səadəti mənə verməkdən imtina edir. Səfirliyimizə müraciətlərimə isə heç bir cavab yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Almaniyaya mühacirət edən, 1982-ci il təvəllüdlü Rəşad Mirəbülfəz oğlu Cavadov deyib.

O qeyd edib ki, qızını "Jugendamt"a verməsinə səbəb özünün xəstəxanada yatması olub.
"Mən 2023-cü il noyabrın 9-da Almaniyaya mühacirət etmişəm. Aprel ayında psixoloji xəstəliyimlə bağlı xəstəxanada yatmalı oldum. Paranoidal şizofreniyadan əziyyət çəkirəm. Buna görə də 15 yaşlı qızım Səadəti müvəqqəti olaraq Almaniyanın uşaq müdafiəsi orqanı olan "Jugendamt"a təhvil vermişəm. Çünki buraya həyat yoldaşımla yox, qızımla gəlmişəm. Qızımı gətirməyimin səbəbi onun xəstə olmasıdır - axırıncı dərəcəli skoliozu var. Azərbaycanda əməliyyat etdirməyə imkanım olmadı, istədim gətirim burada əməliyyat olunsun, amma etmədilər.
Yoldaşımla ayrılmışıq və məhkəmə qərarı ilə qızım mənim himayəmdədir. Bir övladım var. Ona görə də tək qalmaması üçün qızımı bu quruma həvalə etmişəm.
May ayının əvvəlində xəstəxanadan çıxdıqdan sonra isə qızımı mənə vermirlər. Səbəb kimi bildirirlər ki, psixoloji durumunla əlaqədar uşağı sənə verə bilmərik. Deyirlər, biz əmin olmalıyıq ki, sən uşağa baxa bilirsən. Artıq sentyabr ayıdır, amma hələ də heç nəyə əmin ola bilmirlər. Uşağı verməmək üçün heç bir əsaslı səbəbləri yoxdur. Mən uşağı döyməmişəm, söyməmişəm, incitməmişəm ki, onu məndən alsınlar.
Uşağa baxmaq imkanım məsələsinə gəldikdə isə aprel ayına qədər ona elə mən özüm baxmışam. Xəstəxanaya düşməsəydim, uşağı onlara verməzdim.
Səfirliyə də müraciət etmişəm ki, uşağı geri almaqda kömək etsinlər, çünki Azərbaycana qayıtmaq istəyirəm. Təbii ki uşağı burada qoyub qayıda bilmərəm. Amma səfirlikdən heç bir cavab ala bilməmişəm. Mən Azərbaycana qayıtmaq üçün səfirlikdən kömək istəyirəm", - deyə R.Cavadov bildirib.
Məsələ ilə bağlı səfirliklə əlaqə saxlamağa çalışırıq.
Əzizə İsmayılova