“2021-ci ildə FRTEB-in (Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi) 7 elmi müəssisəsi üzrə kontraktlar üzrə görülən işlərin məbləği cəmi 341 min manat olmuşdur! Niyə bu qədər az?”
Oxu.Az xəbər verir ki, bu fikirlər AMEA-nın keçirilən hesabat iclasında qurumun vitse-prezidenti, akademik Rasim Əliquliyev İslahatlar paketi üzrə səsləndirdiyi təklifdən birini əhatə edən problem olub.
Akademik tətbiq və innovativ fəaliyyət sahəsinə toxunaraq mövcud problemlərə diqqət çəkib:
“Çünki mövcud normativ-hüquqi sənədlər elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyətinə ciddi problemlər yaradırlar. Mövcud olmayan kontraktlar haqqında əvvəlcədən smeta tələb olunur. Qazanılmış məbləğ növbəti ilə keçirilə bilmir, avtomatik olaraq dövlət büdcəsinə köçürülür.
Tenderlərdə iştirakla bağlı vəsait nəzərdə tutulmur. Qazanılan vəsaitin xərclənməsində sərbəstlik yoxdur və s. Bu problemlərdən yan keçmək üçün ən müxtəlif üsullardan, bəzən də qanundankənar fəaliyyət mexanizmlərindən istifadə edirlər və s.”.
Akademik təklif edib ki, ölkənin mövcud qanunvericiliyi əsasında biznes qurumları ilə normal rəqabət apara bilmək və büdcədənkənar əlavə vəsaitlər qazanmaq imkanlarına malik olmağı təmin edən yeni normativ-hüquqi baza işlənilməli, xüsusən də, “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” təkmilləşdirilməlidir.
Könül Cəfərli