ANS TV-nin “Hesabat” verilişində Mirşahin Kəlbəcər sakinləri ilə ANS arasındakı münaqişəyə toxunub.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, növbəti dəfə bəyan edib ki, ANS kəlbəcərlilərdən üzr istəməyəcək.
“Bir sözlə, heç nə unudulmamalı, heç kim yaddan çıxmamalıdır. Unutmaq elə pis vərdişdir ki, sonda Markezin qəhrəmanı kimi gərək hardasa bir yerə qara kömürlə Allah yazasan ki, Allahı yaddan çıxarmayasan. Görünür biz o böyük sözü yazmağa divardan, taxtapuşdan filandan nəsə gözaltı etməliyik, qara günümüzə qara kömür axtarmalıyıq.
Xatırladım ki, 1993-cü ilin aprel ayının 2-də doğulan adamın bu gün 21 yaşı var. O artıq yekə kişidir və ya yetkin gəlindir. Görünür şou-biznesin formalaşdırdığı arxayın humanitar nəsil doğrudan elə bilir ki, Kəlbəcər bu gün də bizdədir.
Orada sərkərdələrimiz isə əsl master-klass göstəriblər. Divara, daşa qanla “Ən yeni tarix” yazıblar və sair. Amma həmin günlərin faciəsini yaşayan, özünün dağ yüksəkliyindən aşağı endirilən böyüklər gərək övladlarına aşıq dastanları yox, olan hadisələri danışaydılar, deyəsən belə olmayıb. Elə buna görə də Kəlbəcərin işğalı ilə bağlı əməkdaşımız Ləman Əliəşrəfqızının xüsusi reportajı elə xüsusi də qarşılanıb.
Təbii ki, ağır dərddir, məskənini tərk etməli olursan, qaçqın yarlığı qazanırsan, amma bu bir bölgənin, bir yaşayış məntəqəsinin dərdi olmur, bir xalqın, bir dövlətin faciəsinə çevrilir. ANS isə tarixin hal şahididir.
Bu statusun məsuliyyətini yaxşı anlayırıq. Amma indi bir məsələ də var da. Bir şey edənin bir yerini kəsmək əvəzinə, görənin gözünü çıxarmaq da düzgün deyil axı. Kəlbəcərin tərk edilməsi bizim gözümüzün qabağında olub. Prezidentin tapşırığı ilə müqəddəs yerin boş qoymasının məsuliyyətini təbii ki, daşıyanlar daşımamalıdır.
Amma bizdən üzr istəsinlər kəlbəcərlilərin xətrinə dəyiblər, bizi təhqir ediblər Ləman, ANS bizdən üzr istəməlidir kimi bir iki ağzıistinin avantürasına qulaq asanlar, mətbuatda fədakarcasına intervü verənlər də gərək başa düşsünlər ki, ünvanı səhv salıblar. Onların xətrinə ANS dəyməyib, Ləman dəyməyib, Ermənistan dəyib, onları təhqir edən Ermənistan silahlı qüvvələridir, onları əsir götürənlərdir, onları dədə-baba yurdlarından qovanlardır.
Düşməndir! Ona görə də yəqin ki, qaçqın qardaş-bacılarımız üzrü ermənilərdən tələb etməlidirlər, və ayağa qalxıb, əmr filan gözləmədən, düşmən üstünə yeriməli, bu üzrü də düşməndən zorla almalıdırlar. Bir də ki, qaçqın bir yaşayış məntəqəsinə aid olan status deyil ki, millətə aiddir. Kəlbəcərli qaçqın yoxdur.
Kəlbəcərsiz qaçqın var. Eləcə də zəngilanlı yox, Zəngilansız, şuşalı yox, Şuşasız və sair. İndilikdə isə biz hamımız kəlbəcərli, daha doğrusu Kəlbəcərsizik. Üzr istəmək isə ayıb deyil. Əbülfəz Elçibəy kəlbəcərlilər də daxil olmaqla xalqa bu nümunəni elə ANS-in efirində göstərdi.
Dövlət öz vətəndaşından üzr istədi. Mən də üzr istəmək üçün çox çalışdım. Xeyli əziyyət çəkdim və nəhayət qərara gəldim ki, bu quzudan üzr istəym. Anasını itirib yetim-yetim mələyən bu quzunun dərdi bu körpənin dərdindən daha çoxdur. Ona görə ki, bu körpənin heç olmasa sığınmağa anası var.
Bağışlayın məni, amma üzr istəməyə başqa kimsə tapa bilmədim”.