Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb.
Belə ki, Sabunçu rayonu Əliağa Vahid küçəsində yerləşən əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.
Ərazidə yerləşən evlərin zirzəmilərində təxminən 40 santimetrə yaxın su var. Sakinlər bildirir ki, hər dəfə yağış yağanda həyətə çıxa bilmirik, uşaqlarımız məktəbə gedə bilmirlər.
Vətəndaşlar yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, aidiyyatı qrumların hər birinə müraciət etsələr də, problemlə maraqlanan olmayıb.
Sakinlərin şikayəti ilə bağlı Sabunçu rayonu Ramanı qəsəbə nümayəndəsi Məhəmməd Əsədovun verdiyi cavab isə belə oldu:
“Hazırki vəziyyətdə heç bir köməklik edə bilmərik. Bizim nasosumuz da yoxdur su çəkmək üçün. Kanalizasiya sisteminə gəldikdə isə artıq bununla bağlı layihə qəbul olunub, yaxın vaxtlarda həmin yerlərdə də kanalizasiya sistemləri quraşdırılacaq”.
Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar.
Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb - VİDEO
Sail Ağasəlim, Firdovsi Mərdanov