Demək olar ki, hər gün respublikanın avtomobil yollarında onlarla qəza baş verir. Bu yol-nəqliyyat hadisələrində yüzlərlə insan həyatını itirir və xəsarət alır.
Oxu.Az baş verən qəzalar və onların səbəbkarları, eləcə də, etdiyi qanun pozuntuları ilə “fəxr edənlər”lə bağlı kiçik araşdırma aparıb:
Azərbaycanda “yol qətliamı”
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində respublikanın avtomobil yollarında 1870 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrin sayı 2018-ci illə müqayisədə, 2,9 faiz çox olub. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz artaraq, 2 523 nəfər təşkil edib. Onlardan 821-i həyatını itirib, 1702-si isə yaralanıb.
Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Fevralın 20 günündə respublikanın avtomobil yollarında 33 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzalarında 38 nəfər ölüb, 26 nəfər isə xəsarət alıb.
Bu rəqəmlər insanı dəhşətə gətirir. Ekspertlər belə ağır qəzaların səbəbləri kimi çox zaman sürət həddinin aşılması, ara məsafəsinin qorunmaması və insanların yolun piyadalar üçün müəyyən olunmamış hissəsindən keçməsini göstərirlər.
Bundan başqa, qəzaların baş verməsində bəzi sürücülərin birbaşa səhlənkarlığı mühüm rol oynayır. Əgər buna səhlənkarlıq demək olarsa...
Bu günlərdə Gəncədə 16 yaşlı Şahin Hacıyevin “Niva” markalı avtomobillə qəzaya düşərək, ölməsi xəbəri yayılıb. Bundan sonra isə Ş.Hacıyevin həmin avtomobillə hadisədən öncə “avtoşluq” etməsi ilə bağlı video paylaşılıb. Bəs 16 yaşlı oğlanın ölümündə günahkar kimdir?
Məsuliyyət, yoxsa ölümlə üz-üzə?!
Bu məsələdə əsas məsuliyyət, əlbəttə ki, yol-patrul xidmətinin əməkdaşlarının üzərinə düşür. Ancaq onu da unutmaq olmaz ki, belə qayda pozuntuları ya sürücülərin, ya sərnişinlərin və ya digər hərəkət iştirakçılarının həyatlarını təhlükədə qoyur.
Oxu.Az olaraq, özlərini “avtoş” kimi təqdim edən şəxslərə müraciət edirik:
“500-1000 manat cərimədən qorxmayanlar, özünüzü, ailənizi, təhlükəyə atdığınız digər şəxsləri və onların yaxınlarını düşünün!
Gəncədə baş verən və 16 yaşlı gəncin həyatına son qoyan qəza sizin də qarşınıza çıxa bilər. El arasında “dəmir parçası” adlandırdığımız avtomobillərlə kimlərəsə özünüzü göstərmək və ya əylənmək xatirinə həyatınızı təhlükəyə atmağa, ölümlə üz-üzə qalmağa ehtimac varmı? Bununla nə əldə edəcəyinizi və nələri itirə biləcəyinizi düşünün!”
Sonda isə onu da qeyd edək ki, Avropa ölkələrində bu kimi qayda pozuntularının cəzaları daha sərtdir. Bu da yol-nəqliyyat hadisələrinin azalmasının başlıca səbəbkarıdır. Azərbaycan isə dünyada avtomobil qəzalarında ölüm hallarına görə ilk sıralardadır.
Samir İsayev