Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azər Əhədov: "Azərbaycan və Rumıniyanın hazırladığı layihəyə NATO tərəfindən qrant ayrılıb"
"Kiberdiplomatiya" dünyada yeni yanaşma və trend olduğundan belə tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir".
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov deyib.
Onun sözlərinə görə, diplomatik nümayəndələrin, eləcə də bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlərin, o cümlədən sahə üzrə qlobal aktorların diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda toplanması ölkəmiz üçün faydalı olacaq.
Azər Əhədov onu da qeyd edib ki, NATO-nun Sülh Naminə Elm Proqramının elan etdiyi "kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi" layihəsinə dair müsabiqəyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırlayıb təqdim etdiyi "Cyber Polygon" layihəsinin ötən ay yekun qiymətləndirilməsi aparılıb və layihə qalib elan edilib:
"Təqdim olunan layihə uyğun gəldiyi üçün NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənib və layihənin 2 illik icrası üçün NATO tərəfindən qrant ayrılıb.
Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-cı illər üçün Strategiyası" təsdiq edilib.
Artıq strategiyanın Tədbirlər Planı üzrə müvafiq yarımbəndlərinin aidiyyət dövlət orqanları (qurumları) tərəfindən icrasına başlanılıb və müvafiq qurumlar arasında koordinasiyalı fəaliyyət təşkil olunub. Strategiyanın əhatə etdiyi dövr ərzində bir çox hədəflərə nail olunması nəzərdə tutulur, bunlar - milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların mühafizəsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlərdir.
Burada iştirak edən qurumların bir çoxu sözügedən strategiyanın Tədbirlər Planında əsas və digər icraçı qurum qismində müəyyən edilib. Əminliklə söyləyə bilərik ki, koordinasiyalı birgə fəaliyyət ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına böyük töhfə verəcək".
Qeyd edək ki, tədbirin tərəfdaşlarından biri olan "KPMG" şirkətinin kibertəhlükəsizlik xidmətinin rəhbəri Ümit Yalçın Şen də Dövlət Qurumlarının İT Rəhbərlərinin IV Zirvə toplantısında "Müəssisələrdə daxili informasiya təhlükəsizliyinin vəziyyəti, yeniliklər və planlar" barədə ətraflı məlumat verib.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər