Azərbaycan ailələrində boşanmaq üçün beş əsas səbəb var.
Oxu.Az xəbər verir ki, bu barədə Exo-ya “Qadın Böhran Mərkəzinin” rəhbəri Mətanət Əzizova bildirib.
Onun sözlərinə görə, ilk səbəb ailədə zorakılıqdır.
“Biz tez-tez ərin arvadını qısqanması, sonra isə ona fiziki təzyiq göstərməsi barədə xəbərlər eşidirik.
İkinci yerdə kişi alkoqolizmi və narkomaniyanı göstərmək olar. Son vaxtlar gənc ailələrdə ərin narkomana çevrilməsi, sonra isə ailənin bütün pulunu narkotiklərə xərcləyərək, onları pulsuz qoyması halları qeydə alınır. Qadın boşanmağa məcbur olur.
Üçüncü yerdə - ərin qohumlarının düşmən münasibəti və təzyiqləridir. Bizdə bəzən ərin qohumları gəlinin bütün hərəkətlərini idarə etməyə çalışırlar. Və bu, tez-tez pis nəticələnir.
Ailədə maddi çətinliklər boşanmağın dördüncü səbəbidir. Son vaxtlar kişinin işləmədiyi, qadının isə ailənin bütün yükünü çəkdiyi hallar artıb.
Beşinci səbəb – seksual uyğunsuzluqdur. Çox tez-tez seksual uyğunsuzluq və müxtəlif baxışlar boşanmalara gətirir. Ailələrdə bir çox münaqişələr məhz seksual uyğunluqla həllini tapır. Elə ailələr olur ki, orada çoxlu problemlər, daimi mübahisələr var. Lakin əgər intim həyatda hər şey qaydasındadırsa, onlar heç zaman boşanmayacaqlar. Seksual münasibətlər ailə həyatının bünövrəsidir” – deyə, ekspert hesab edir.
Onun sözlərinə görə, nə qədər qəribə olsa da, kişi xəyanəti əksər qadınlar üçün boşanmağa səbəb olmur. Orta statistik azərbaycanlı qadın çox sarsıntı keçirsə də, ictimai rəy həmişə üstün olacaq. Ona deyəcəklər ki, kişi daim xəyanət edir, buna fikir vermək lazım deyil. Əsası odur ki, o, həmişə evə qayıdır və s. Yekunda o, ərini qəbul edəcək, lakin qəlbində heç vaxt bağışlamayacaq. Lakin heç də bütün qadınlar belə etmirlər. Qız daha müasir ailədə doğulubsa, uğurlu karyera edibsə, o, tezliklə boşanacaq.